Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Hüseynli: “Türkiyə-Azərbaycan media platforması hər iki tərəfi daha güclü edəcək”

“Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı son dövrlər ölkə Prezidenti cənab İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin siyasi lideri Rəcəb Tayyib Ərdoğanin siyasi iradəsi və birgə səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub”.

Bunu APA-ya Milli Məclis Sədrinin I vitse-spikeri Əli Hüseynli deyib.

I vitse-spiker bildirib ki, bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edir: “Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.

Qardaş Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini ardıcıl olaraq bütün səviyyələrdə qətiyyətlə müdafiə edir, Azərbaycan da öz növbəsində Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlib”.

Bu ilin iyul ayının ortalarında təcavüzkar Ermənistanın növbəti hərbi-siyasi təxribatı nəticəsində baş vermiş Tovuz hadisələrindən sonra Türkiyənin Azərbaycana verdiyi dəstək, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olması buna əyani nümunədir. Və bu münasibətin qarşılığı da ortadadır. Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyevin nümayiş etdirdiyi mövqe Azərbaycanın açıq diplomatiyasının göstəricisi olmaqla yanaşı, xalqımızın, dövlətimizin və qardaş Türkiyənin milli maraqlarının qətiyyətli müdafiəsinin növbəti ifadəsi idi. Aralıq dənizinin şərq hissəsində hazırda davam edən Yunanıstan və Türkiyə arasında gərginliyə münasibət bildirən Azərbaycanın dövlət başçısı qəti və açıq mətnlə Türkiyəni dəstəklədiyini və hər zaman dəstəkləyəcəyini bildirib: “...Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Bu, həm də Yunanıstan hakimiyyətinin Ankaraya qarşı müxtəlif ölkələrdən ibarət siyasi ittifaq formalaşdırmaq cəhdinə diplomatik bir cavab idi”.

Əli Hüseynli bildirib ki, tarixən formalaşaraq, müsbət dinamika üzrə inkişaf edən bu münasibətlər fonunda Türkiyə-Azərbaycan media platformasının yaradılması zamanın tələbi olaraq strateji baxımdan çox əhəmiyyətli və tarixi bir qərardır və hər iki dövlətin maraqları baxımından bütün sahələrdə uzunmüddətli perspektivləri hədəfləyən siyasətin tərkib hissəsidir.

“Əminəm ki, bu platforma, xüsusilə ictimai fikrin yönləndirilməsi, eyni zamanda informasiya cəmiyyətinin təkmilləşməsi, idarə edilməsi və maarifləndirməsi üçün çox önəmli bir vasitəyə çevriləcək.

Şübhəsiz, vahid media platforması hər iki tərəfi daha güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Bunun üçün yetərincə formalaşmış ictimai-siyasi şərait də mövcuddur. Azərbaycan Türkiyə ilə birlikdə ölkələrimizə qarşı aparılan “qara piar” kampaniyalarına qarşı mübarizədə geniş bir coğrafiyada təbliğat və təşviqat şanslarından daha səmərəli şəkildə yararlana biləcək. Növbəti mərhələdə Türk Şurasına, habelə Azərbaycanın və Türkiyənin nüfuzlu mövqeyə malik olduğu digər beynəlxalq qurumlara üzv olan ölkələrin bu platformanı informasiya arenası kimi seçəcəkləri təqdirdə, ümumiyyətlə, dünya media aləmində daha sanballı nəticələrə iddia etmək mümkündür.

Bildiyiniz kimi, bu günlərdə Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın sədrliyi ilə geniş nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdur. Bu səfər özü də iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir”, Əli Hüseynli bildirib.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »