Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublunun qızı: “Reanimasiyadadır, aclığı dayandırmayıb”

Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu vəziyyəti ağırlaşdığına görə istintaq təcridxanasından “City Hospital”a köçürülsə də, aclığı dayandırmayıb. T.Yaqublu 12-ci gündür ki, aclığı davam etdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi danışıb. O bildirib ki, T.Yaqublu sentyabrın 12-də xəstəxanaya köçürüləndən reanimasiyaya yerləşdirilib, hələ də oradadır.

“Həkim nəzarəti altında aclığı davam etdirir. Qida tərkibi olmayan sistemlər köçürülür. Bu gün ayağa qaldırıb gəzdiriblər. Amma renimasiyadadır. Dünən demişdilər ki, bu gün üçün palataya köçürüləcək. Köçürməyiblər...”, - deyə N.Həzi bildirib.

T.Yaqublunun qızı onu da qeyd edib ki, siyasi fəalın ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilmir: “Biz onun xəstəxanaya köçürülməsini də “Facebook”dan oxumuşuq. Biz onun səsini eşitmək istəyirik. Əgər koma təhlükəsi yoxdursa, niyə palataya köçürülmür? Penitensiar Xidmət gərək buna aydınlıq gətirsin”.

T.Yaqublu aclığa başlayandan sonra onun vəkili Aqil Layıc bu barədə Avropa Məhkəməsinə müraciət edib. Müvəkkilinin həyatının təhlükə altında olduğunu vurğulayıb və Avropa Konvensiyasının 39-cu maddəsinə uyğun olaraq, müdaxilə edilməsini istəyib. Avropa Məhkəməsi də Azərbaycan hökumətinə bu barədə məktub ünvanlayıb.

“Bizimyol.info”nun əldə etdiyi məlumata görə, məktubda T.Yaqublunun təcili mülki xəstəxanaya köçürülməsi məsələsi də əksini tapıb.

Sentyabrın 11-də T.Yaqublunun ailəvi dostu olan həkim Adil Qeybullanın istintaq təcridxanasına daxil olub, onu müayinə etməsinə Penitensiar Xidmətin rəhbərliyi şərait yaradıb. T.Yaqublunu müayinə edən həkim daha sonra jurnalistlərə açıqlamasında onun həyatının təhlükə altında olduğunu bildirib.

Bir gün sonra T.Yaqublunun A.Qeybullanın da çalışdığı “City Hospital”a köçürülməsinə razılıq verilib.

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »