Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcridxanada Tofiq Yaqublunu müayinə edən həkim: “Həyatına təhlükə var”

Milli Şuranın və Müsavat partiyasının fəalı Tofiq Yaqublu 10-cu gündür ki, həbsdə aclığı davam etdirir.

Sentyabrın 11-də 3 saylı istintaq təcridxanasında ailəsinin etibar etdiyi həkim Adil Qeybulla onu müayinə edib.

Adil Qeybulla Adil Qeybulla

Bizimyol.info xəbər verir ki, müayinədən sonra jurnalistlərə açıqlama verən A.Qeybulla onun həyatının təhlükə altında olduğunu bildirib. Həkimin sözlərinə görə, T.Yaqubluya vəziyyətinin ciddi olduğunu deyib, aclığı dayandırmağı təklif etsələr də, o, fikrini dəyişməyib.

Belə olan halda, T.Yaqublunu heç olmasa, tibbi müdaxilə üçün yola gətirməyə çalışıblar. Xeyli danışıqlardan sonra buna razılıq verib: “Uzun müddətdir suyu da düzgün qəbul eləmir. Onun həyatı üçün çox ciddi təhlükənin olduğunu izah etdik. Belə aclıqda elə ola bilər ki, insan baxır, hiss edir, amma birdən-birə ürəyin dayanması, başqa fəsadlar baş verər. Bəzi vitaminlər, əvəzolunmaz turşular var ki, onlar orqanizmə ancaq kənardan, qida vasitəsilə daxil olur. Onun kimi yaşı 60-a çatmış, müharibədə döyüşüb travmalar almış, bronxial astması olan, bu yaxında əməliyyat keçirmiş adam üçün 10 gün aclıq nə dərəcədə ciddidir, bunu ona izah etməyə çalışdıq. Amma yenə də davam etdirmək qərarında olduğunu dedi. Onda xahiş etdim ki, heç olmasa, venaya iynə vuraq. Bir litr maye, bəzi vitaminlər köçürdük. Ürək fəaliyyətinin tənzimlənməsi üçün dərman köçürdük. Bunu ilkin tibbi yardım kimi elədik”.

Həkim deyir ki, aclığın ikinci həftəsində təzyiqin kəskin qalxıb-enməsi halları olur. T.Yaqublu bu üzdən sentyabrın 10-da huşunu itirib, yıxılıb: “Həkim kimi yaranmış vəziyyətin çox ciddi olduğunu bəyan edirəm. Həyatına təhlükə var. Xeyli arıqlayıb. Çəki itirib. Yayda bədəndən çoxlu maye buxarlanır. Aclıq çox ciddi iz buraxıb səhhətində. Siyasi hakimiyyətdən, prezident İlham Əliyevdən xahiş edirəm ki, həbs-qətimkan dəyişdirilməsi məsələsinə baxılsın. Onun müalicəsinin həbsdən kənar şəraitdə getməsi üçün bizə yardımçı olsun. Sonrakı müalicəsi bizim nəzarətimiz altında getsin. Onun yaşı, xəstəlikləri, Qarabağ qazisi olması, müstəqillikdəki xidmətləri nəzərə alınmalıdır. Bu həftə onun üçün təhlükəli həftədir. Təbabətdə də belədir. Ağır xəstə sənə baxır, nəfəs alır, amma birdən-birə həyatını itirir”.

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 2-dən aclığa başlayıb. O, qanunsuz həbs olunmasına və haqqındakı ədalətsiz hökmə etiraz olaraq bu addımı atdığını söyləyib.

T.Yaqublu Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, xuliqanlıqda ittiham olunur. İddiaya görə, T.Yaqublu maşınla qəza törətdikdən sonra o biri avtomobildəki sürücünü və həyat yoldaşını vurub, təhqir edib.

T.Yaqublu isə özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir. O bildirir ki, maşında əyləşib, bazardan çıxacaq həyat yoldaşını gözlədiyi vaxt qəfildən başqa bir avtomobil onun maşınına sürtülüb. Daha sonra həmin avtomobildən bir qadın və bir kişi düşüb, ona tərəf hücum edib. Təxribat olduğunu anlayaraq, heç maşından düşməyib, qapı-pəncərələri də kilidləyib, hadisə yerinə polisin gəlməsini gözləyib.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »