Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda keçmiş polis qadına 10 il həbs cəzası: Sevgilisini öldürməkdə ittiham olunur

Bakıda keçmiş polis qadına hökm oxunub. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətlə yetirməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, bu iş aylardır Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bakı şəhər Baş Polis İdarəsinin keçmiş əməkdaşı olan Günel Qasımovanın məhkəməsi artıq başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə çıxarılan hökmə əsasən G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror isə G.Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Dövlət ittihamçısı çıxışında deyib ki, Günel hadisədən əvvəl qeyri-rəsmi münasibətdə olduğu, başqasıyla rəsmi nikahda olan Ramiz Hüseynova mesaj yazaraq, pulu qaytarmadığı üçün ondan qisas alacağını deyib. Məlum olub ki, mərhumla aralarında sevgi münasibəti olan Günel bir neçə dəfə ona borca pul verib.

Ramiz Hüseynovun borcu geri qaytarmaması Güneli qəzəbləndirib və qisas almağı planlaşdırıb.

Prokuror çıxışında bildirib ki, Günel hadisədən sonra izi itirmək üçün parkda olan nəzarət kameralarının əks istiqamətinə, qaranlıq əraziyə doğu hərəkət edib. Dövlət ittihamçısı Günelin əməlinin məhkəmə istintaqında sübuta yetirildiyini deyib.

O da məlum olub ki, Günelin mərhuma sonuncu mesajı "inanmıram, ona görə başlayıram. Sənin sonu da görəcəm..." məzmununda olub.

Məhkəmə iclasında zərərçəkmiş tərəfin nümayəndəsi G.Qasımovaya ağır cəza kəsilməsini istəyib.

Hadisə 2018-ci ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. Ramiz Hüseynov çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

İttihamda yazılıb ki, G.Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

G.Qasımova özünü təqsirli bilmir. O, məhkəmədə ifadələrində də dəfələrlə vurğulayıb ki, Ramizi öldürməyib.

Son xəbərlər
Bütün xəbərlər »