Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir...

Rusiyanın iyul ayının ortalarından etibarən Ermənistana İl-76 hərbi-nəqliyyat təyyarələri ilə intensiv şəkildə silah-sursat daşımasının məqsədlərindən biri Azərbaycanın Türkiyədən alacağı döyüş pilotsuz təyyarələrinə qarşı balans yaratmaqdır.

Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyənin “Anadolu” agentliyinin dərc etdiyi təhlildə göstərilir.

Xatırladılır ki, Türkiyənin milli hərbi sənayesinin istehsalı olan döyüş pilotsuz təyyarələri (“Bayraktar TB2”, “Akıncı” və digərləri) Suriya və Liviyadakı hərbi əməliyyatlarının gedişini Ankaranın xeyrinə dəyişəndən sonra bir çox ölkələr, o cümlədən Azərbaycan bu döyüş sistemləri ilə maraqlanmağa başlayıb. Türkiyə ilə Azərbaycan arasında 2020-ci ilin yanvarında imzalanan hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Azərbaycan qardaş ölkədən bir sıra digər silah sistemləri ilə yanaşı döyüş pilotsuz təyyarələrini də almağı nəzərdə tuturdu.

İyulun 12-də Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi hərbi təcavüz bu sövdələşmənin həyata keçirilməsini tezləşdirdi. Azərbaycandan Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirovun başçılıq etdiyi heyət Türkiyəyə səfər edərək bu ölkənin ordu komandanlığı, hərbi sənayenin rəhbərliyi ilə danışıqlar apardı. Həmin vaxt xəbərlər yayıldı ki, artıq Türkiyə Azərbaycana döyüş pilotsuz təyyarələrinin təchizatına başlayıb.

Məhz həmin vaxtlar Rusiyadan Xəzəryanı ölkələrin hava sahəsindən keçməklə Ermənistana silah daşınması başladı. İyulun 23-də isə Ermənistanla Rusiyanın havadan müdafiə üzrə birgə tədris kursu başladı, kurs çərçivəsində rusiyalı mütəxəssislər erməni hərbçilərinə pilotsuz təyyarələrə qarşı mübarizə üzrə təlim keçdilər.

Təsadüfi deyil ki, Rusiyadan Ermənistana daşınan silahlar arasında “Krasuxa” radioelektron mübarizə sistemi, “Avtobaza” və “Nebo-M” müasir elektronik müdafiə sistemləri də yer alırdı. Aydın məsələdir ki, bu sistemlər Azərbaycanın Türkiyədən alacağı, yaxud artıq aldığı pilotsuz döyüş sistemlərinə qarşı balans yaratmaq məqsədi güdür.

Təhlildə deyilir ki, Rusiyanın Ermənistanı bu cür silahlandırmasının bir çox siyasi və geosiyasi səbəbləri var. Birincisi, NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq. İkincisi, Türkiyəyə şərq cinahından təzyiq yaratmaq. Üçüncüsü, Ermənistanın Rusiyadan hərbi-siyasi asılılığını qoruyub saxlamaq. Dördüncüsü, Azərbaycanla Ermənistan arasında hərbi tarazlığa qorumaq. Nəhayət sonuncusu, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində status-kvonu saxlamaq. Çünki müasir silahlarla silahlandırılan Ermənistan sülh danışıqlarında hər hansı konstruktivlik nümayş etdirməyəcək.

Rusiyanın Ermənistana daşıdığı silahların bir qismi 102-ci bazada qalsa da qalanları Ermənistan ordusunun sərəncamına verilir, hətta işğal altındakı Qarabağa daşınır. Bu isə Rusiyanın Azərbaycan torpaqlarının işğalını dəstəkləməsi deməkdir.

Son xəbərlər
Bütün xəbərlər »