Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropa Məhkəməsi Naxçıvan MTN-dəki ölümlə bağlı qərar verdi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa Məhkəməsi sentyabrın 10-da Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb.

Qərar 2011-ci ilin avqustunda Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində ölən 31 yaşlı Turac Zeynalovun atası Şuriyyə Zeynalovun şikayəti əsasında çıxarılıb.

Turac Zeynalov Turac Zeynalov

Bizimyol.info xəbər verir ki, Avropa Məhkəməsi T.Zeynalovun Naxçıvan MTN-ində işgəncə ilə öldürüldüyü qənaətinə gəlib və Avropa Konvensiyasının 2 (yaşamaq hüququ) və 3-cü (işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququ) müddələrinin pozuntusunu tanıyıb. Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan hökuməti T.Zeynalovun ölümünə görə onun atasına mənəvi ziyana görə 35 min, hüquqi xərclərinə görə isə 2 min avro kompensasiya ödəməlidir.

Naxçıvan aeroportunda sürücü işləyən 31 yaşlı T.Zeynalov 2011-ci ilin avqustunda Naxçıvan MTN-i həbs edib. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. İddia olunub ki, onun İranın xüsusi xidmət orqanları ilə əlaqəsi var. Üç gün sonra ailə üzvlərinə Turacın xəstəlikdən vəfat etməsi barədə məlumat verilib.

Hadisədən sonra mediada T.Zeynalovun meyitinin üzərində xəsarət izləri olan fotoları yayılıb.

T.Zeynalovun işgəncə altında öldürüldüyünü deyən yaxınları bu işin araşdırılması, günahkarların cəzalandırılması üçün Baş prokuror, Ombudsman da daxil olmaqla, müxtəlif dövlət orqanlarına müraciət etsələr də, nəticəsi olmayıb. Ailəyə gələn cavab məktublarında T.Zeynalova qarşı işgəncə iddialarının təsdiqini tapmadığı, onun ağciyər problemindən vəfat etdiyi yazılıb.

Məhkəmələrə şikayətlər də nəticəni dəyişməyib. Ölkədaxili hüquqi müdafiə vasitələri tükəndirildikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Avropa Məhkəməsində Ş.Zeynalovun hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev bildirib ki, Turacın həbsinin və işgəncəyə məruz qalmasının səbəbi iş yerində - aeroportda qalmaqallı bir hadisənin şahidi olmasıyla əlaqələndirilir: “Mən Naxçıvana gedəndə orada belə bir fikir dolaşırdı ki, Turac aeroportda baş vermiş müdhiş bir olayın şahid olub. Söhbət beynəlxalq miqyaslı, ölkənin nüfuzuna zərbə vuran hadisədən gedir. Turac da bu olayın şəkillərini çəkib. Mən nədən bəhs olunduğunu bilirəm, ancaq açıqlaya bilmirəm. Çünki deyilənlərin doğru olub-olmadığı mənə də məlum deyil. Görünür, MTN-də Turacdan həmin olay barədə kimlərə xəbər verdiyini öyrənmək istəyirdilər, buna görə ona 3 gün işgəncə vermişdilər”.

T.Zeynalovun ölümündən sonra üzərində işgəncə izləri olduğuna görə meyiti yaxınlarına verməyiblər. Ailə üzvləri etiraz aksiyaları keçirəndən sonra meyiti ala biliblər. İşgəncə izlərinin fotolarını, videoları da yaxınları çəkib ictimailəşdiriblər.

“Hüquq-mühafizə orqanlarının hər bir əməkdaşı, hakimlər bilsinlər ki, ədalət əvvəl-axır zəfər çalacaq. Hökümət, məhkəmələr nəzərə almalıdır ki, bu qərarda işgəncəyə məruz qalmamaq və yaşamaq hüquqlarının həm maddi, həm də prosessual cəhətdən pozuntuları tanınıb. Yəni işgəncə və ölüm hökümət nümayəndələri tərəfindən törədilib. Belə qərarlar Avropa Məhkəməsinin təcrübəsində çox azdır. Əlbəttə, bu qərar və kompensasiya cavan yaşlarında öldürülmiş Turacı geri qaytarmayacaq. Ancaq hər halda, əzizlərinə bir təsəlli olacaq”, - deyə Ə.Mustafayev bildirib.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »