Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Mehdiyev "kompromat müharibəsi" elan edib

Siyasi analitik: "Hələ ki bunlar hədələməkdən o yana keçmir" “Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün. Mən həmişə bütün fəaliyyətimdə dövlətimə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalmışam, bunu əməli fəaliyyətim bir daha təsdiqləyir”.

Bunu “Təzadlar” qəzetinə açıqlamasında Milli Elmlər Akademiyasının Prezidenti Rramiz Mehdiyev deyib.

Bahəddin Həziyev Bahəddin Həzi

Siyasi analitik Bahəddin Həziyev Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA Prezidenti Ramiz Mehdiyevin fikirlərini şərh edərkən belə deyib: "Akademik Ramiz Mehdiyevin o fikri ilə razıyam ki, vaxtında əlini öpənlərin onun əleyhinə danışmağa haqqı yoxdur. Fikrimcə, nəinki danışmağa, hətta növbədənkənar parlament seçkilərindən sonra da deputat mandatı daşımağa, başqa dövlət vəzifələrində oturmağa haqqı yoxdur. Ramiz Mehdiyevin "nankor" adlandırdığı siyasətçilər və sair, özünün dediyi kimi, yaxşılıq etdiyi şəxslər haqqında kompromat yaymaq vəməhkəmə hədəsi hakimiyyətdaxili siyasi savaşı yeni, daha açıq mərhələyə daşımış olar. "Aləm bir-birinə dəyər" deyəndə bunu məzərdə tutur. Bundan əvvəl "bir sifəti olan" müxalifət ifadəsi işlədərkən, açıq siyasi müxalifətə keçdiyini, müxalifətlə birləşə biləcəyini faktik olaraq, bəyan edib. Bunlar siyasi hədələr idi. Bugünkü açıqlamada da həm siyasi, həm hüquqi hesablaşma vəd edib. Məncə, onun felən başçılıq etdiyi qruplaşmadan, siyasi traybdan kütləvi qopmalar onu daha çox narahat edir, nəinki əsaslı-əsassız tənqidlər. Bunu da növbəti dəfə açıq ifadə edib". Siyasi analitikin fikrincə, Ramiz Mehdiyevin qarşısına hazırda çıxanların bir çoxunun buna siyasi gücü və mənəvi üzü yoxdur: "Siyasi elitanın köhnə hissəsi çox halda bu haqqı itirib, yeni hissəsi isə çox halda o gücü hələ əldə etməyib. O üzdən, Ramiz Mehdiyev əks-hücuma fürsət tapa bilir və getdikcə, daha sərt dirəniş göstərməyə çalışır. Onun qapısına hələlik iki top vurulub: kürəkənin qandallanaraq küçə xuliqanı kimi inzibati həbsə atılması və həbsdən kamera qarşısına çıxıb üzr istədilməsi və ağlar durumunun görüntülənməsi. Siyavuş Novruzovun və başqa deputatların Ramiz Mehdiyev cinahından qoparılması elə ciddi uğur deyil, əslində heç uğur sayılmaz. Çünki Ramiz Mehdiyevin özünün də bir əvvəlki məqaləsində adlarını sadaladığı o adamlar cəmiyyətdə o qədər iqnor ediliblər ki, hazırda heç özlərinin özlərinə xeyri yoxdur, nəinki ölkə prezidentinə". Bahəddin Həziyev Ramiz Mehdiyevin əlindəki faktları açıqlaması hədəsinin zəif tərəflərinin olduğunu deyib: "Doğrudur, bu, Ramiz Mehdiyevə qarşı çıxan keçmiş tərəfdarlarını bir qədər və ya bəlkə də çox qorxudacaq. Ancaq iş də ondadır ki, onların, demək olar, hamısı onsuz da yararlılıq müddəti bitmiş, yanmış kartlardır. Onsuz da getdikcə daha sürətlə siyasətdəki və biznesdəki mövqelərini itirirlər. İctimai həyatdakı mövqelərindən isə heç danışmağa dəyməz. Eyni zamanda kompromat savaşı başlayarsa, bu, fərqli yeni vəziyyət yaradar; Prezident Administrasiyasının rəhbəri və Təhlükəsizlik Şurasının katibi olmuş şəxsin əlindəki materiallar ya dövlət sirridir, ya şəxsi həyata aid məlumatlardır, ya da qanunsuz əməllərlə (korrupsiya və sair haqda) məlumatlardır. Birinci iki qrup məlumatları açıqlamaq hədəsi məsuliyyət yaradır, üçüncü qrup məlumatları yaymaq da ən azı suallar doğuracaq ki, bu qanunsuzluqları bilibsə, niyə gizlədib?! Eyni zamanda Ramiz Mehdiyevin başqalarına qarşı açıqlayacağı faktlar varsa, onun özünə qarşı da mütləq var. Buna görə hələlik bu təhdid bəyanat olaraq qalacaq, amma Ramiz Mehdiyevin hansı daxili-siyasi və geosiyasi cinahı təmsil etməyə çalışdığını nəzərə alsaq, onun vəd etdiyi savaş Azərbaycan üzərində Qərb-Rusiya və Rusiya-Türkiyə ziddiyyətlərinin kəskinləşməsindən və Azərbaycanın bu prosesdə hansı mövqe sərgiləməsindən, toqquşan naraqları balanslaşdırma gücündən asılı olaraq açılmamış qapana da bilər. Azərbaycan xarici siyasətdə, hələ ki, bacardıqca səhvsiz oynayır. Daxildə və xaricdən hakimiyyət əleyhinə olan güclər, hələ ki daxili siyasətdəki səhvlərdən daha çox yararlanırlar. Bu səhvlərdən biri Tofiq Yaqublunun həbsidir. Ancaq mənim müşahidələrimə görə, hakimiyyət Tofiq Yaqublu ətrafında yaranmış bu böhranı idarə edərək aradan qaldıracaq. Proqnozum belədir".

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »