Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şərləmə və işgəncə maşını…

Və ya Tofiq Yaqublu niyə acdır?!

Yaşadığım məhəllədə bahalı restoran var. Geniş və abad həyəti ilə. Restoranlar karantindən çıxandan bəri orda yenə canlı musiqi səslənir; naşı müğənnilərin xaric səslə oxuduğu ürkək vokalı eşitmə orqanımızı hər axşam sınağa çəkir. Manqalın tüstüsü göz acıdır. Kababın iyi evimizəcən gəlir...

Ancaq... Tofiq Yaqublu acdır. Dəmir qapılar arxasında, bir türmə hücrəsində.

Dediyim restoran Nizami rayonundadır. Eşitdiyimə görə, Bakı rayonlarından birinin prokuroruna məxsusdur. Hər gün axşam ora bahalı maşınlarda sifətlərindən yağ damlayan varlı qonaqlar gəlir. Canlı musiqi dinləyib kabab yeyirlər. Ancaq Tofiq Yaqublu acdır. Bəlkə də onu həbsə ataraq ölüm aclığına - ölümə məhkum etmiş vicdansız müstəntiq də, Allahsız prokuror da, ədalətsiz hakim də o restorana gəlir, canlı musiqiyə qulaq asıb kabab yeyir. Ancaq...

Dövlət Sərhəd Xidməti kimi strateji bir qurumda ikinci şəxs ola-ola rüşvətə qurşanan, korrupsiya ittihamları ilə tutulan generalı ev dustaqlığına buraxdılar; öz ailəsi ilə vaxt keçirir, öz yatağında yatır, yeyir-içir. Tofiq Yaqublu isə acdır.

Oliqarxiya büdcəni talayıb, acgöz banklar xalqı soyur, inhisarçı şirkətlər cibə girir, saxta tender dəllalları milyonlar yeyir. Tofiq Yaqublu isə acdır.

Şərəfsiz üzəduranlardan heç danışmayaq. Mənim aləmimdə yalançı şahidlik edənlər, üzə duranlar, istintaq altında olanlara, həbsə düşənlərə, məhkumlara işgəncə verənlər ən ləyaqətsiz adamlardır. 21-ci əsrdə adamlara işgəncə vermək, şərləmək nə deməkdir?! Bu, ən murdar işdir axı. Bizə yaraşmaz. Biz özümüz erməni əsirliyində, girovluğunda olan soydaşlarımıza düşmənin verdiyi işgəncələrdən haqlı olaraq hiddətlənirik. Düşmənə nifrətimiz birə beş artır. Bəs özümzü öz millətimizin övladlarına öz Vətənində niyə və necə işgəncə verə bilirik?! Bunun adı nədir?!

Bu yaxınlarda da işgəncələrlə bağlı məlumatlar yayılmışdı. Doğrudurmu, yanlışdırmı – bilmirəm. Obyektiv, hərtərəfli araşdırma aparıldımı?! Məlumatım yoxdur. Belə iddialar diqqətlə araşdırılmalıdır, təqsirkarlar qanunun ən sərt üzünü görməlidir. Cinayət Məcəlləsində işgəncəyə, fiziki əzablara, mənəvi iztirablara düçar etməyə görə maddələr, cəza sanksiyaları var. Gerçəkdən də işgəncə halları varsa, dövlət günahkarı cəzasız qoymamalıdır. Cinayətkar cəzasız qalanda dövlət sarsılır. Eləcə də, günahsız biri cəzalananda.

Saxta şahidlər, işgəncə verənlər dünyəvi qanunların cəzasından yayınsalar da, əminəm ki, İlahi ədalətdən qaça bilməyəcəklər. Ancaq, çox təəssüf ki, çox zaman haqsızlıqlara görə belə insanların özləri ilə yanaşı övladlarına da cəza verilir.

…Biz tələbə olanda Təhmiraz adlı bir komendant vardı yataqxanada. İri cüssəli, yaşına rəğmən idmançı görünüşlü adamdı. Bayıl türməsində 20 ildən çox müddətdə... "adamdöyən" işləmişdi. İki dəfə infarkt olmuşdu deyə, istefaya çıxmışdı, yataqxanada komendant işi vermişdilər. Qorxu içində yaşayırdı ki, üçüncü dəfə infarkt olsa, bitdi. Ən dəhşətli, ürəkparçalayan hekayəsi o idi ki, dediyinə görə, işdən çıxmağından bir neçə il qabaq Sovet ordusunda hərbi xidmətdə olan oğlu "dedovşina" deyilən hərbi işgəncə maşınının qurbanı olmuşdu; rus əsgərlər oğlanı döyə-döyə öldürmüşdülər. Atası bu ölümdə də özünü günahlandırırdı. Bir dəfə yataqxananın lobbisində oturub söhbət edəndə ağladı. "Oğlumun o cür öldürüldüyünü biləndə, ölüb əlimdə qalan dustaqlar yadıma düşdü. Dedim, mənim günahım üzündən övladım getdi" deyib hönkürdü. O gün üçüncü dəfə infarkt olacaq deyə biz də qorxduq. Sakitləşdirməyə çalışdıq.

Bu gerçək həyat hekayəsini ona görə danışdım ki, şərləmə, işgəncə maşınlarının canlı vintcikləri düşünsünlər; özlərini düşünmürlərsə, övladlarını düşünsünlər. Qazandıqları bu vəbal bundan sonra onların özlərini, övladlarını, nəvə-nəticələrini, kötükcələrini belə qarabaqara izləyəcək. Bu, elmlə də sübut olunub; dünyada buna dair yüzlərlə elmi tədqiqat əsəri, minlərlə təcrübə nəticələri var. "İlahi ədalət" dediyimiz şey korafəhm inanc deyil, elmi dəlillərlə, çoxillik eksperimentlərlə isbata yetirilib. Təkcə elə yəhudi əsilli rus tədqiqatçısı Sergey Lazarevin kitablarını açıb oxusunlar.

İlahi ədalət öz yerində. Ancaq cəmiyyət, camaatımız özü də bu adamları cəzalandırmalıdır. Yox, söhbət Linç məhkəməsindən getmir, Söhbət çox kəskin, təsirli ictimai qınaqdan gedir.

Yazıçı Yusif Səmədoğlunun ssenarisinə rejissor Tofiq Tağızadənin çəkdiyi "Yeddi oğul istərəm" filminə baxanlar ordakı Kələntər obrazını xatırlayır. Peykanlı kəndinin bəyi Gəray bəylə döyüşməyə gəlmiş yeddi oğuldan biri olan Cəlal düşməninin qızına aşiq idi. Kələntər Gəray bəyin Humayı öldürəcəyini uydurub Cəlalı aldadaraq təkbaşına, silahsız Qan çanağına - bəyin gizləndiyi dağa qalxmağa sövq edir. Aşkar ölümə göndərir. Özü də Cəlalın atı ilə gəlib bəyin əmri ilə onu güllələyir. Sonda Kələntər də layiq olduğu ölümü dadır, o başqa məsələ.

Film ekranlara çıxıb məşhurlaşandan sonra, bax, həmin o Kələntər obrazını canlandıran xalq artisti İsmayıl Osmanlı camaatın qorxusundan çörək almağa belə çıxa bilmirdi. Bu xain, hiyləgər, indiki dildə desək, işverən adamın obrazını o qədər ustalıqla, elə inandırıcı oynamışd ki, küçəyə çıxanda onu: "Niyə Cəlalın ölümünə bais oldun? Onu niyə əzabla öldürdün?!" deyə tənə yağışına tutur, lənətləyirdilər. İş o yerə çatmışdı ki, filmin rejissoru və bir neçə tanınmış aktyor, o cümlədən, Gəray bəy rolunun ifaçısı Həsənağa Turabov televiziya efirinə çıxmalı olmuşdular. Camaata izah etmişdilər ki, bu, bədii kinodur, bədii obrazdır; İsmayıl Osmanlı kinoda Kələntərdir, həyatda gözəl insandır.

Yaxşı, bədii təxəyyülün məhsulu olan xain, nakəs obrazına görə İsmayıl Osmanlı kimi böyük sənətkarı qınayan xalqıq da. Bəs nə üçün gerçək həyatda, yanımızda, qarşımızda olan xaini, nakəsi qınamırıq?!

Yox, insafən qınayırıq. Elə Tofiq Yaqubluya görə çox böyük ictimai qınaq var. Bu həbsi qurub-quraşdıranlara təpki var. Ancaq bütün bunlar hələ ki təsirini göstərməyib. Onun həyatı tükdən asılıdır indi - günlərdir ölüm aclığı keçirir. Bu işlərin axırı yaxşı bir yerə getmir. Vicdanı olan hər kəs narahatdır. Apelyasiya məhkəməsinin işə nə zaman baxacağını gözləmədən Tofiq bəy azadlığa buraxılmalıdır. İtirilən hər dəqiqə onu faciəli sonluğa yaxınlaşdırır. Mən dövlət rəhbərliyinə müraciət edirəm: onsuz da buraxacaqsınız, ən yaxşısı, bunu elə indi, yubanmadan, hər kəs və hər şey üçün çox gec olmadan edin.

Məsələ təkcə Tofiq Yaqubluda da deyil; bu şərləmə, işgəncə maşınını durdurmaq, sındırmaq lazımdır. “İslahat, islahat” deyirik. İslahat aparılırsa, elə birinci burdan başlasınlar. Yaxud burdan da başlasınlar. Günahsız adamların həbsxanalara doldurulduğu, günahkarların azadlıqda şad-xürrəm, firavan yaşadığı bir cəmiyyətdə heç kim, heç vaxt, heç nədən sığortalanmayıb.

Bax, bu günlərdə hamı bir ağızdan deyirdi ki, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir. Bəli, elə olmalıdır. Ancaq bu, təkcə sıradan vətəndaşlara, ictimai fəallara, siyasi xadimlərə aid olmamalıdır axı. Qanunları qəbul edənlər də, tətbiq edənlər də hamı kimi – hər kəslə yanaşı qanun qarşısında bərabər olmalıdır. Niyə, məsələn, Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev qanundan üstün olmalıdır, Tofiq Yaqublu isə heç bir əsas olmadan qanundan aşağıda əzilməlidir?! Bu halda qanunu pozan tərəf elə onun tətbiq edənlərin özləri deyilmi?! Bu amansız - qanunsuz şərləmə-cəza maşını dayandırılmayınca, biz nə güclü dövlət ola bilərik, nə də xoşbəxt cəmiyyət.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »