Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın beynəlxalq axtarışa verdiyi mühacirlər: təhvil veriləcəkmi...

Xaricdə yaşayan, sosial şəbəkələrdə Azərbaycan hökumətini, ölkənin ali siyasi rəhbərliyini tənqid edən, bir çox hallarda təhqir xarakterli ifadələr səsləndirən şəxslər beynəlxalq axtarışa verilib.

Bizimyol.info xəbər verir ki, İnterpol xəttilə beynəlxalq axtarışa verilənlər arasında Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlının adları çəkilir. Onlar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə CM-in 220 (kütləvi iğtişaşlara çağırış etmə) və 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələrilə təqsirləndirilən şəxs qismində tanınıb. Prokurorluq bu şəxslərin hər birinin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib. Nəsimi rayon Məhkəməsi prokurorluğun təqdimatını təmin edib, onlar haqqında qiyabi həbs qərarı çıxarılıb. Daha sonra onların tutulması üçün beynəlxalq axtarış qərarı verilib.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında ötən ilin dekabrında Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən Elvin İsayev də var. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

40 yaşlı E.İsayev 1998-ci ildə Rusiyada yaşayırdı, 2001-ci ildən də bu ölkənin vətəndaşı idi. Ötən ilin avqustunda Sankt-Peterburq məhkəməsi vətəndaşlığının ləğvi, özünün də ölkədən çıxarılması haqda qərar verib. Rusiyadan Ukraynaya gedən E.İsayev dekabrda Kiyevdə saxlanaraq, Azərbaycana deportasiya edilib və o vaxtdan həbsdədir.

İstintaq materiallarında adları çəkilən şəxslər əlbir şəkildə dövlət əleyhinə çıxışlar etməkdə, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur.

Haqqında qiyabi həbs qərarı çıxarılanlardan Orduxan Bəbirov, Tural Sadıqlı bildirib ki, bundan əvvəl də başqa maddələrlə onlar haqqında qərar çıxarıb, axtarışa veriliblər.

“Hətta keçən il Sabunçu Rayon Polis İdarəsinin qarşısında axtarışa verilənlərin lövhəsinə “Facebook”dan götürdükləri fotomu da yerləşdirmişdilər. Belə çıxır ki, ikiqat İnterpol axtarışına verilmişəm”, -  T.Sadıqlı bildirib.

O.Bəbirov da bundan öncə axtarışa verildiyini deyib.

Onların hər ikisi iddia edir ki, xeyli vaxtdır axtarışda olduqları halda, təkrar axtarışa verilmələri, prokurorluğun bu barədə rəsmi açıqlama yayması təsadüf deyil. Onların fikrincə, gündəmin əsas mövzusu siyasi fəal Tofiq Yaqublunun aclıq aksiyasıdır. Bu cür fərqli mövzularla gündəmi dəyişməyə cəhd göstərilir.

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev adları çəkilən şəxslərin tutulub Azərbaycana təhvil verilməsini real saymır. Hüquqşünas xatırladır ki, O.Bəbirov Hollandiya vətəndaşıdır. Digərləri də Avropa ölkələrində qaçqın statusu almaq üçün müraciət etmiş, yaxud da artıq bu statusu almış şəxslərdir. Xüsusən Avropa Birliyi ərazisində onların saxlanılıb Azərbaycana təhvil verilməsi inandırıcı görünmür.

Ə.Əliyevin sözlərinə görə, şəxsi İnterpol xəttilə beynəlxalq axtarışa vermək də sadə məsələ deyil, bundan ötrü konkret prosedur var: “Axtarışa verilən şəxs haqqında məlumatın İnterpolun məlumat bazasına yerləşdirilməsi üçün bir neçə mərhələ keçilməlidir. Axtarışa verən orqan - prokurorluq İnterpolun Azərbaycandakı bürosuna müraciət etməlidir. Azərbaycandakı büro axtarışın İnterpolun normativ sənədlərinə, Azərbaycan Konstitusiyasına uyğunluğunu yoxlamalıdır. Sonra sorğunun İnterpolun məlumat bazasında yerləşdirilməsi üçün İnterpolun Mərkəzi Bürosuna müraciət olunmalıdır. Baş katib də əvvəlcə sorğunu araşdırır, baxır ki, bu, siyasi, dini, irqi və s. səbəblərlə təqib halı yoxdursa, o halda, axtarış bankına yerləşdirilir”.

Hüquqşünas bildirir ki, Ukrayna, Türkiyə, Rusiya kimi ölkələrdə belə şəxslərin tutulub təhvil verilməsi təhlükəsi olsa da, Avropa Birliyi ölkələrində onlar üçün heç bir təhlükə yoxdur.

Almaniyada siyasi sığınacaq almış keçmiş deputat Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq, Azərbaycana təhvil verilmişdi. H.Abdullayev sonradan Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edildi.

Ekspert Azərbaycanda məhkəmə-hüquq sistemindəki vəziyyət, işgəncə halları ilə bağlı beynəlxalq hesabatları da yada salır. Onun sözlərinə görə, əgər ölkədə şəxsin ədalətli mühakimə olunacağına təminat yoxdursa, işgəncəyə məruz qalma ehtimalı varsa, demokratik, hüquqi dövlətlər bu halda, şəxsi təhvil vermir. Bu cür qərarlar qəbul olunarkən ölkə ilə bağlı beynəlxalq hesabatlardakı fikirlər mütləq nəzərə alınır.

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva haqqında 5 ildir ki, cinayət işi var. Azərbaycanın hüquq-mühafizə orqanları Londonda yaşayan Z.Hacıyevanın Azərbaycana təhvil verilməsi üçün çox cəhd göstərsə də, istədiyinə nail ola bilməyib.

Xaricdə yaşayan tənqidçi jurnalist Fikrət Hüseynli ilə bağlı da bənzər hadisə baş vermişdi. 2008-ci ildən Hollandiyada yaşayan F.Hüseynli 2017-ci ildə Ukraynada saxlansa da, Azərbaycana təhvil verilməmişdi.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »