Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Elçin Alıoğlu: ABŞ-ın Ermənistandakı səfirliyində 812 dəniz piyadası yerləşdirilib
Elçin Alıoğlu

Araşdırmaçı jurnalist Milli.az saytının baş redaktor müavini Elçin Alıoğlu general Polad Həşimovun ölümü ilə bağlı diqqətçəkən bir paylaşım edib .”Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi, general-mayor Polad Həşimov iyulun 14-də Rusiyanın Ermənistana gizli şəkildə verdiyi hərbi texnikanın sayəsində vurulub.

Rusiya istehsalı oan "Moskva-1" 1L67 radioelektron mübarizə kompleksi Rusiya HHQ-nin İl-76 yük təyyarəsi vasitəsilə Ermənistana daşınıb, sonra da təcili şəkildə Azərbaycanla həmsərhəd Tavuş rayonunu ərazisindəki mövqedə yerləşdirilib.

P.Həşimovun kordinatları da "Moskva-1" kompleksinə daxil olan RER 1L265E vasitəsilə aşkarlanıb. Daha sonra koordinatlar "Murmansk-BN" radioelektron mübarizə kompleksi və R-330M1P "Diabazol" avtomatlaşdırılmış kompleksi vasitəsilə təsdiqlənib. Koordinatlar təsdiqlənəndən sonra yüksək dəqiqlikli raket atışı olub”.

Bizimyol.info-nun bu mövzudan başlayan sullarını cavablandıran hörmətli ekspert bir çox məqamlara da aydınlıq gətirdi. Elçin Alıoğlu ilə müsahibəni təqdim edirik:

- Elçin müəllim, bu məlumatlar Rusiyanın və Ermənistanın hərbi sirri xarakterindədir. Nə qədər dəqiqdir? Bu haqda məlumat Azərbaycan Müdafiə Nazirliyinə və XİN-ə də məlumdurmu? Cavab olaraq, hansı addım; atmalıdırlar?

-Mən deyə bilmərəm, bizim nazirliklərin məlumatı var ,ya yox. Ümid edirəm ki, araşdırma aparıblar. Sadəcə, bu məlumatları rəsmi strukturlar açıqlamırlar.

- Sizcə bununla bağlı lazımi addımlar atılırmı?

-Atılası addımların hamısı atılıb. Rəsmi strukturlar bəyanat verib, Prezident İlham Əliyev Rusiyanın Ermənistanı gizli şəkildə silahlandırmasından narazılığını bildirib. Bu barədə mən dəfələrlə yazmışam. İran və Küveytə Rusiya yük təyyarələrinin uçuşları olub. Tovuzda döyüşlər gedərkən, Rusiya hərbi nəqliyyat təyyarələri dəfələrlə Ermənistan aerodromlarına eniblər. Rusiya məxfi şəkildə Ermənistana 500 tondan artıq hərbi yük daşıyıb. Dəfələrlə bununla bağlı Rusiyanın hərbi qurumlarından cavab tələb etmişəm. Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu Bakıda olarkən bildirdi ki, bu tikinti materialları olub. Lakin belə deyil. Ermənistan ordusunda radioelektron qurğular yox idi. Məhz Rusiyadan alınıb. Əsas məqsəd Azərbaycanın zərbə dronlarına və pilotsuz uçan aparatlarına qarşı mübarizə olub. Radioelektron qurğular 100-400 kilometr məsafədə dinləmə qabiliyyətinə malikdir. Ermənistan sürətlə silahlanır. Bu silahlanmada Rusiya müstəsna rol oynayır. Hazırda Yunanıstan da bu prosesdə iştirak edir.

- Adətən böyük dövlətlərin güc savaşı üçüncü dövlətin ərazisində olur. Suriyanın timsalında gördük. Necə düşünürsünüz, Dağlıq Qarabağda da belə güc döyüşü ola bilərmi?

-Qarabağın qeyri-şərtsiz işğaldan azad edilməsinə dair BMT-nin 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi var və yerinə yetirilməyib. Bu BMT-nin məhəlli və lokal münaqişələrə təsir mexanizminin işləmədiyini göstərir. İkincisi, heç bir dövlət Azərbaycandan istifadə edə bilməz. Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, xalqın maraqlarını güdür. Bizim xarici siyasətimizin bir istiqaməti var- xalqın maraqları. Ona görə bizə qarşı təzyiqlər güclüdür. Məqsəd Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək, Azərbaycanın təsir rıçaqlarını əldə etməkdir. Üçüncüsü, niyə Ermənistan məhz Tovuz bölgəsini atəşə tutudu. Bu Azərbaycanın enerji məhsullarını Avropa bazarına çıxaran yollara real təhlükə idi. Böyük dövlətlər həmişə çalışırlar ki, Azərbaycanı da marionet dövlətə çevirsinlər. Bu da alınmır, Azərbaycan heç bir hərbi blokun üzvü deyil. Bir amil də var. Türkiyə. Türkiyənin hərbi qoşunlarının Azərbaycanda birgə təlimləri davam edir. Hazırda KİV-də Türkiyə-Azərbaycan hərbi konfederasiyasının yaradılmasına dair fikirlər səslənməkdədir . Buna ehtiyac yoxdur. Çünki, Azərbaycanla -Türkiyə arasında imzalanmış müqaviləyə görə, bu iki dövlətdən birinə üçüncü dövlət tərəfindən hücum olarsa, qarşılıqlı dəstək göstərilməlidir. Başqa bir anlaşmaya mən ehtiyac görmürəm.

- Elçin məllim, deyirsiniz, dövlət maraqları. Son dövrlərdə Azərbaycanda aparılan islahtlar fonunda, məmur özbaşınalıqları, satılmış müxalifət, xaricə işləyən yüksək vəzifəli şəxslərlə bağlı şok effekti verən açıqlamalar oldu. Bu şəraitdə bizim döyüşə girməyimiz mümkündürmü?

-Bu sosial şəbəkələrdə azərbaycanlıların populistik fikirlərinin cəmi şəklində verilmiş sualdır. Belə deyil. Rusiyada son üç ildə 13 general, 17 prokuror, yüksək vəzifəli 26 dövlət məmuru həbs olunub. Bu Rusiyada paralel dövlət olması anlamına gəlmir. Korrupsioner məmurlar həmişə olub, həmişə həbs olunub, onlar işdən çıxandan sonra da müxtəlif fikirlər səsləndirilib. Azərbaycanda bu mümkün deyil. Nə fiziki, nə qanuni, nə maliyyə baxımından bu imkansızdır.

-Niyə?

-Çünki, Azərbaycan cəmiyyəti sayıq, sərvaxt cəmiyyətdir, biz fatalist insanlar toplumu deyilik. Biz nə qədər özümüzü bəyənməsək də, mütəhərrik, formalaşmış cəmiyyətimiz var. Hakimiyyətdən narazılar həmişə olacaq. Bu da cəmiyyətin mövcudluq qanunlarından biridir. Ramiz Mehdiyevə gəlincə, o hər ultimatum verdikcə, bu çox qeyr- ciddi görünür və özlərinin nəyə malik olduqlarını ortaya qoyub, siyasi intihara gedirlər. Azərbaycanda paralel dövlətin yaranması üçün əvvəlcə hakimiyyətin dayaq strukturları zəiflədilməlidir. Bu mümkünsüzdür. Azərbaycan çox mürəkkəb geosiyasi mövqedə yerləşir. Bəzən, bizi Norveçlə müqayisə edirlər. Mən deyirəm, bir baxın onların qonşularına, bir də baxın bizim qonşularımıza.

- Belorusun da qonşusu Avropadır, amma Rusiyanın cəngindən çıxa bilmir. Üstəlik, öncələr Putinə qarşı sərt ritorikası olan Lukoşenko indi ona “böyük qardaşım” deyir.

-Mən azsaylı jurnalistlərdənəm ki, Belorusun siyasətçilərini şəxsən tanıyıram və siyasi mətbəxə bələdəm. Məsələ bundadır ki, Belorus siyasəti miflərdən ibarətdir. Məsələn Belorus iqtisadiyyatı haqqında miflər var. Deyirlər çox böyükdür, gəlirləri, filan. Belə deyil. Belorus iqtisadiyyatı Rusiyadan asılıdr. Lukoşenko gah qərbi, gah Rusiyanı dəstəkləməklə öz mövqeyini qoruyub saxlayıb. Belorus xalqı Azərbaycan xalqı kimi siyasi mütəhərrik deyil. Sadəcə yarıtmaz idarəçilik, Sovetdən qalma amiranə sistem, özəlləşdirmənin aparılmaması, iqtisadi inkişaf tempinin aşağı olması, maaşların azlığı, gizli inflyasiya, qapadılmış defilyasiya indiki prosesə gətirib çıxarıb. Belorusda informasiya texnologiyası sahəsi çox inkişaf edib, o da vergi güzəştləri hesabına. Amma, Azərbaycan iqtisadiyyatında yeyintilər, korrupsiya faktlarının çoxluğuna baxmayaraq, defraqmentasiya baxımından o, Belorus iqtisadiyyatından qat- qat güclüdür. Azərbaycan iqtisadiyyatının gərilmə əmsalı çox yüksəkdir.

- Bir neçə kəlmə də Ukrayna barədə danışaq. Avropa nə üçün Ukraynaya sahib çıxmadı?

- Bu yaxınlarda Almaniyada yüksək rütbəli dövlət məmurlarından biri ilə söhbət edirdim. O, öz yəqinincə mənə çox gizli bir açıqlama verdi. Dedi ki, Baltikyanı ölkələrdən başqa postsovet ölkələrinin heç birinin, yəni Gürcüstan, Ermənistan, Moldova, Ulkrayna, Belorus, Azərbaycanın Avropa İttifaqına daxil edilməsi şansı yoxdur. Onlar üçün “Şərq Tərəfdaşlığı” proqramı yaradılıb. Yəni, qonşu ola bilərsiniz , bizdən ola bilməzsiniz. Ukrayna və Gürcüstana vizasız gediş- gəliş imkanı verdi. Bunun da kökündə ucuz işçi qüvvəsi dayanır. Polşalılar ucuz işçilər kimi Almaniyaya axır. Gürcülər, ukraynalılar da ucuz işçi kimi Polşaya gedirlər. İkinci bir məsələ. Avropa Birliyi regionda ABŞ-ın təsirlərini azaltmaq üçün qonşuluq proqramı yürüdür. Azərbaycan Avropa ilə şaquli yox, üfiqi münasibətlərə üstünlük verir və düz edir. Hesab edirəm ki, Avropa Birliyi bizə nə qədər gərəkdirsə, ondan qat-qat çox biz Avropaya lazımıq. Ukrayna hazırda oliqarxlar tərəfindən idarə olunur. Ukrayna təmərküzləşmiş maliyyə güclərinin oturduğu yerə çevrilib. Avropaya qatılmaq illüziyası ilə ölkənin şərqini, Krımı qurban verdilər.

 -Necə düşünürsünüz, bu prosseslərin sonunda Belorus və Ukrayna yenidən Rusiyanın tərkibinə qatılacaq və ya təsirinə düşəcək?

- Əsla. Rusiyaya bu lazım deyil. Rusiya Krıma investisiyalar adı altında milyardlar yatırır. Adi bir misal çəkim. Şərqi və Qərbi Almaniya birləşəndən sonra belə fikir yarandı ki, Almaniya dünyanın ən qüdrətli ölkəsi olacaq. Qərbi Almaniyada yaşayanlar Şərqi Almaniyadakıları qəbul etmirlər. Şərqi Almaniya Berlin divarları yıxılandan bu günə qədər hələ də dirçələ bilmir. Qərbi Almaniya ora milyardlar axıtsa da, dibsiz quyu kimi bu pullar hara gedir bilinmir. Qərbi Almaniyadakılar şərqliləri qəbul edə bilmirlər. İşsizlik şərqdə qərbə nisbətən 7 dəfə , kriminogen vəziyyət 1,2 dəfə çoxdur. Bu əsl almanlara, yəni qərblilərə baş ağrıs olub. O cümlədən Belorus və Ukrayna da Rusiyanı bax beləcə çətin vəziyyətə sala bilər.

- Eynən Ermənistan kimi?

- Yox.Ermənistan Rusiyanın tərkibində olan deyil. Ermənistanı İrəvandakı debillər idarə etmirlər. Ermənistan Beyrutdan, Parisdən idarə olur. Paşinyandan Qərb də narazıdır, Rusiya da. Onu Soros Fondu maliyyələşdirir. İş o həddə çatıb ki, ölkədə nazir təyinatlarına birinci Soros Fondunun Ermənistandakı nümayəndəsi baxıb, razılıq verir, sonra Paşinyan. Rəhbərlikdə Soros Fondunun üzvü olmamış bir nəfər yoxdur. Ermənistan gələcəyi olmayan bir dövlətdir. Çünki, heç bir regional transmilli layihədə iştirak etmir, iqtisadi blokadadadır və İran ondan yardım altında öz məqsədləri üçün istifadə edir.

- Oktyabr-noyabr aylarında müharibə olacaq deyə fikirlər dolaşmaqdadır. Kifayət qədər ciddi mənbələrdən alınır bu məlumatlar. Müharibə başlasa, bu elə Azərbaycanın da böyük layihələrinə zərbə vurmayacaqmı?

- Mən müharibə tərəfdarı deyiləm.Bu münaqişənin sülh yolu ilə tənzimlənməsi tərəfdarıyam. Lakin Ermənistan nə qanunlara riayət edir, nə dil anlayır. Biz Ermənistanla müharibə etməyəcəyik, antiterror əməliyyatları aparacağıq. Necə ki, Türkiyə, Hindistan keçirir, eləcə də biz.Hərbi əməliyyatların başlanması istisna deyil. Paşinyanın hakimiyyətdə qalması üçün yeganə yol Qarabağ müharibəsini başlatmaqdır.Yəni diqqəti müharibəyə yönəltməklə, özündən yayındırmaq.

- Müharibə başlayarsa, belə çıxır ki biz Soros Fondu və Rusiya ilə də döyüşə girmiş olacağıq.Ümumiyyətlə, Ermənistanı Soros maliyyələşdirirsə, Rusiya niyə silahlandırır?

- Azərbaycan Ermənistanla müharibə etməyəcək. Prezident İlham Əliyev bildirdi ki, Ermənistan bacarırsa, tək başına meydana gəlsin. Biz 72 saat ərzində Ermənistanı kapitulyasiyaya məcbur edə bilərik. Rusiya bu münaqişənin həllini istəmir. Çnki silah satmaq üçün bu münaqişə yaxşı bazardır. Münaqişə həll olunarsa, Rusiya moderator ,vasitəçi, kənar müşahidəçi statusunu bir dəfəlik itirəcək. Rusiya iqtisadiyyatı ağır vəziyyətdədir. Nə qədər özünü qlobal güc kimi göstərsə də, itisadiyyatı çətin vəziyyətdədir və o əlindəkiləri əlindən verməməyə çalışır. Danışıqların uzanması onun marağı daxilindədir. Rusiya ATƏT-in Minsk qrupunun üzvlüyündən çıxarılmalıdır, çünki təcavüzkarı dəstəkləyir. Qaldı ki, Soros Fonduna , o da Ermənistana aşkar yardım etməyəcək.Ermənistan KTMT üzvüdür , müqaviləyə əsasən, ona işğal təhlükəsi olarsa Rusiya hərbi əməliyyatlara başlaya bilər.Rusiya isə Azərbaycana müharibə elan etmək istəməz.Rusiyanın Ermənistanda böyük hərbi bazası var. 99 il müddətində bu baza rusların əlində olacaq.Buna cavab olaraq ABŞ özününü Ermənistandakı səfirliyinə hərbi qüvvələr yerləşdirib.Hazırda 812 ABŞ dəniz piyadası ABŞ səfirliyində yerləşdirilib.Səfirlik faktiki olaraq ABŞ-ın hərbi bazasıdır.

Söhbətləşdi: İlhamə Rəsulova

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »