Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Generalı vuran silah

Polad Həşimovun qətlinin sirləri: Tovuz olaylarından “siyasi toy” qamaqalına qədər…

Bildiyiniz kimi, iyulun 14-də general-mayor Polad Həşimov və onunla birlikdə yüksək rütbəli başqa zabitlərimiz vuruldu. Onlar şəhid oldular. Araşdırmaçı-jurnalist Elçin Alıoğlunun əldə etdiyi və paylaşdığı xəbərə görə general xüsusi hərbi texnika ilə vurublar; Rusiyada istehsal olunmuş “Moskva-1” 1L67 radioelektron mübarizə kompleksini Rusiyanın hərbi yük təyyarəsində (İl-76) Ermənistana çatdırıblar. Sonra da Azərbaycan sərhədində - Tovuzla üzbıüzdəki erməni rayonu Tavuşda yerləşdiriblər. Müəllif yazır ki, həmin o, “Moskva-1” kompleksinin tərkib hissəsi olan RER 1L265E vasitəsilə generalın yerləşdiyi yerin kordinatları aşkar edilib. Sonra da bu kordinatları “Murmansk-BN” radioelektron mübarizə kompleksi və R-330M1P “Diabazol” avtomatlaşdırılmış kompleksi təsdiqləyib. Bu məlumatlar əsasında general-mayor Polad Həşimov və bərabərindəki heyət yüksək dəqiqliklə raket atışı ilə vurulub.

General-mayor Polad Həşimov General-mayor Polad Həşimov

Bu hadisədən dərhal sonra küçələrə axışan insanlar Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini- Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovu günahlandırırdılar, onun istefasını tələb etdilər. General Sadıkovun Rusiyaya bağlı olduğu, Polad Həşimovun kordinatlarını onun verdiyi iddia edilirdi sosial şəbəkələrdə. Bilirsiniz ki, general-mayor Polad Həşimov 3-cü Ordu Korpusunun qərargah rəisi olaraq Nəcməddin Sadıkova xidməti tabeliyində idi. Yəqin ki, xüsusi komissiya, Müdafiə Nazirliyinin daxilində olan inspeksiya bu hadisələrlə bağlı xidməti araşdırma aparıb və ya aparır. Onun nəticəsinin necə olduğunu və ya necə olacağını da biz bilmirik. Bununla belə general Sadıkovu müdafiə edən rəsmi xarakterli açıqlamalar da oldu. Bu açıqlamalarda həqiqət payının nə qədər olduğunu da deyə bilmirəm. Çünki bilmərəm. Ancaq yuxarıda təqdim olunan məlumatlar doğrudursa (ki, dəqiq təfsilatla yazıldığından səhihliyinə inanmamaq da çətindir), o halda bütün daşlar yerinə oturmuş olur. Rusiyanın Qazaxıstan və İran üzərindən Ermənistana gətirdiyi “taxta-şalban” bu qədər dəqiq “atmır”.

Və bu hadisə bizə zamanında – 1991-ci ilin noyabrında Qarabağın erməni yaşayış məntəqələri üzərində Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərinin içində olduğu helikopterin vurulmasını xatırlatdı. Çeçenistanın müstəqillik davası aparan prezidenti Cövhər Dudayevin xüsusi cihazla tapılıb raket atəşilə vurulması yada düşdü. Bir də Amsterdam-Kuala-Lumpur marşrutu ilə uçan Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin Ukrayna ərazisindəki rus separatçılarının nəzarətində olan regionun səmasında vurulması var; o ərəfədə Rusiyadan Ukraynanın həmin ərazisinə “Buk”sistemlərinin gətirildiyi haqda sənədli-görüntülü sübutlar da açıqlanmışdı. Və əgər Rusiya müdafiə nazirinin Bakıda dediyi kimi, Tovuz hadisələri ərəfəsində Ermənistana, sadəcə olaraq, tikinti materialı və əsgər daşınırdısa, Gürcüstan buna niyə razılıq verməmişdi ki?! Burdan belə anlaşılmırmı ki, Gürcüstana həmin yükün xarakteri və təyinatı haqqında xüsusi məlumatlar əvvəlcədən ötürülüb?!

Bütün bunlardan sonra Azərbaycan tərəfinin Rusiyanın cənubunda bu dövlətin, eləcə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin hərbçilərinin iştirakı ilə keçiriləcək hərbi təlimlərə qatılmaqdan imtina etməsi təbiidir. Azərbaycan dövləti generalını vurmuş, sərhəddinə, ərazisinə hücum etmiş ordularla (ki, orda Ermənistan da var) nə deyib birgə təlimə qoşulacaqdı?! Hələ Xəzər dənizində Rusiya donanması ilə birlikdə hərbi oyunlarda iştiraka görə cəmiyyətindən bu qədər haqlı sərt təpki almışkən. Bunun əvəzində Azərbaycan Türkiyə ilə birlikdə hərbi təlimlər keçirir. Cəmiyyət Türkiyə ilə təlimləri nəinki dəstəkləyir, hətta Türk ordusuna: “Getmə, qal” deyir. 27 il əvvəl Rusiya ordusuna: “Qalma, get” deməkdə nə qədər haqlıymışıq – ortada.

Və hakimiyyət ierarsxiyasından vurulmuş və vurulub çıxarılmaqda olan “rus qruplaşması”nın “siyasi toy” gedişinin ölkənin ali siyasi rəhbərliyindən tutmuş sıradan vətəndaşa qədər hamıda belə sərt reaksiya doğurması da yuxarıda sadaladığımız səbəblərlə bağlıdır. Həmin hakimiyyətdaxili rus qruplaşması Azərbaycanın Türkiyə ilə tamhəcmli hərbi-siyasi tərəfdaşlığına hər zaman mane olublar. Azərbaycanın kürəyini Rusiyadan başqa bir böyük gücə söykəməsinin qarşısında durublar. Hakimiyyətdəki rus qruplaşması Azərbaycanın Ermənistan qarşısında həmişə ən yaxşı halda bir addım geridə olmasında maraqlı idilər. Çünki Ermənistanın arxasında Rusiyanın hədəfləri və gücü vardı və var da.

Ekspert dairələrində, mediada Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “Rusiyanın adamı” olduğu haqda fikirlər dolaşır. Ancaq Azərbaycan hakimiyyətində oturub Rusiyanın marağına işləyən başqa adamlar, qüvvələr də var (hər halda olmamış deyil deyə düşünürəm). Bundan əvvəl Abbas Abbasov uzun illər hakimiyyətdə təmsil olunurdu – baş nazirin müavini, birinci müavini olaraq. Keçmiş müdafiə naziri Səfər Əbiyevin də oraya bağlılğı haqqında həmişə mülahizələr yayılırdı. Çoxlu sayda başqaları da vardı və şübhısiz ki, yenə var. Hər halda Türkiyə ordusu Azərbaycana təlimlərə ilk gəldiyində rus qruplaşmasının, eləcə də, İrançıların, Ermənistan yanlılarının buna necə qarşı çıxdığını gördünüz. Türkiyə ordusuna “işğalçı” deyən marginallar da tapıldı. Suriyada öldürülən rus generallarına, vurulan rus təyyarələrinə, İraqda qətl edilən İran generalına göz yaşı tökənlər Polad Həşimovla bağlı ya susdular, ya da yarım səslə mızıldandılar…

Yazının əvvəlinə qayıdıram. General Polad Həşimovun qətlə yetirilməsi sıradan bir hadisə deyil. Bu, bir əsgərə atılan güllə deyildi; Azərbaycanın dövlət iradəsini nişan almışdı. Və Azərbaycanın bu gün Türkiyə ilə bu qədər sıx siyasi və hərbi işbirliyi təkcə xarici düşmənə qarşı deyil, həm də xarici düşmənin Azərbaycan daxilində, Azərbaycan hakimiyyıtindəki uzantılarını vurub çıxarmaq üçündür. Ona görə də doğru hesab edirsiniz: Polad Həşimova və onun şəxsində Azərbaycanın müstəqil dövlətçilik iradəsinə atəş təkcə xaricdən deyil, daxildən də açılıb. O elmi saytdakı siyasi dirəniş məqalələri aysberqin, sadəcə, görünən tərəfidir.

Bu arada mən ortalıqda dolaşan iddialara, ittihamlara rəğmən heç inanmaq istəmirəm, inana bilmirəm ki, cəmiyyətdə Qərbpərəst siyasi qüvvə kimi tanınanlar hansısa taktiki məqsədlər üçün o məlum rus qruplaşmasının əmrinə, yaxud səfinə keçmiş olsunlar…

Son xəbərlər
Bütün xəbərlər »