Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu 6 gündür aclıq edir: yeriməkdə çətinlik çəkir, 9 kiloqram çəki itirib

Milli Şuranın və Müsavat partiyasının həbsdə olan fəalı Tofiq Yaqublu sentyabrın 2-dən başladığı aclıq aksiyasını davam etdirir.

Bizimyol.info xəbər verir ki, T.Yaqublunun vəkili Aqil Layıc sentyabrın 7-də Şüvəlandakı 3 saylı istintaq təcridxanasında onunla görüşüb. Vəkil deyir ki, altı gündür aclıq etməsi onun səhhətinə kəskin təsir göstərib: “Halı yox idi, yeriyə bilmirdi. Görüş otağına da gec gəlib çıxdı. Rəngi solub, gözləri sanki çuxura düşüb. Baxan kimi dərhal görünür ki, çox arıqlayıb. Dediyinə görə çəkisi 91 kiloqramdan 82 kiloqrama düşüb”.

Vəkilin sözlərinə görə, T.Yaqublu deyib ki, aclıq aksiyasına başladığını elan edəndən sonra bir sıra şəxslər, o cümlədən istintaq təcridxanasının rəis müavini Rasim Əsgərov və təcridxananın psixoloqu onunla görüşüb: “Tofiq Yaqublunun dediyinə görə, onun psixoloji durumu ilə bağlı akt tərtib ediblər. Guya onun aclıq etməsi psixoloji durumundan irəli gəlir. Tofiq Yaqublu aktı imzalamaqdan imtina edib. Deyib ki, onun psixoloji durumuyla bağlı heç bir problemi yoxdur. Aclıq etməsinin səbəbi isə qanunsuz həbs olunması, məhkəmə ədalətsizliyidir”.

T.Yaqublu sentyabrın 2-də Nizami rayon Məhkəməsində son sözünü deyərkən həmin gündən aclıq aksiyasına başladığını elan edib.

Qızı Nigar Həzinin bildirdiyinə görə, T.Yaqublu aclığı dayandırmaq barədə çağırışlara belə cavab verib: “Öldü var, döndü yoxdur! Ölərəmsə, bu xalq, Vətən üçün ölərəm...”

T.Yaqublunun xuliqanlıq ittihamıyla 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökm sentyabrın 3-də çıxarılsa da, onun özünə və vəkillərinə təqdim olunmayıb. Vəkil A.Layıc hökmün təqdim olunmasını, Nizami rayon Məhkəməsində keçirilmiş iclasların protokolları ilə tanışlığı gözləmədən sentyabrın 7-də apellyasiya şikayəti verib: “Hakim iki dəqiqə ərzində hökmün ancaq nəticə hissəsini elan etdi. Tofiq Yaqublu haqqında ittiham hökmü çıxarılmasının necə əsaslandırıldığı bilinmədi. Tofiq Yaqublu ilə bağlı durum elədir ki, hökmün, protokolların nə vaxt veriləcəyini gözləmək vaxt itirməkdir. Çünki hər keçən gün vəziyyəti ağırlaşır. Ailəsinin istəyi belə oldu ki, hökmü almadan, protokollarla tanış olmadan, təcili şəkildə şikayət verilsin. Sənədlərlə tanış olandan sonra yaranacaq iradlarımızı apelyasiya şikayətinə əlavə şəklində göndərəcəyik”.

N.Həzi hesab edir ki, bu həm də T.Yaqublunun azadlığa buraxılması üçün fürsətdir: “Tofiq Yaqublu siyasi sifarişlə həbs olunub. Onun azadlığa çıxması üçün də siyasi qərar olmalıdır. Məhkəmə sadəcə, o siyasi qərarı elan edəndir. Bu mənada, apellyasiya məhkəməsi bir fürsətdir”.

T.Yaqublu martın 22-dən həbsdədir. O, sentyabrın 3-də Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu ona qarşı irəli sürülmüş xuliqanlıq ittihamın saxta olduğunu, siyasi sifarişilə həbs olunduğunu bildirib.

Xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatlar da T.Yaqublunun həbsinin siyasi motivli olduğunu bəyan edib, Azərbaycan hökumətini onu azadlığa buraxmağa çağırıblar.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »