Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Paşinyanla arvadı bu dəfə ata minib hamımıza meydan oxudu - Video
İlham İsmayıl

Dünən 6 sentyabr, bazar günü, yəni istirahət günü idi. Adam o vaxt rahat istirahət edir ki, böyük problemləri olmasın, həftə ərzində yaranmış yorğunluğunu çıxarsın. Ailəvi istirahət isə ikiqat maraqlı olur.

Ermənistan baş naziri Nikol Paşinyan da dünən rahat istirahət günü keçirib. Sevanın sahilinə gedib, meşədə özü, keçən həftə Qarabağda silah oynadan arvadı Anna, qızları Şuşan, Məryəm hərəsi bir at belinə minib, sözün həqiqi mənasında at oynadıblar. Dərdsiz, qəmsiz kef ediblər, dincəliblər. Niyə də etməsinlər? Azərbaycanın torpağını işğal edib, istədiyi vaxt Qarabağa gəlib cənnət Şuşada rəqs edir, biz də yana-yana baxırıq, o da bizim yanğılı baxışlarımıza baxıb, daha da yanıqlı Yallı oynayır. Kim olsa keyf edər, at oynadar. Bilir ki, bundan ötrü ona biz tərəfdən “gözün üstə qaşın var” deyən yoxdur.

Hələ gəzintisini də canlı olaraq Feysbukda yayır ki, “alın aa.., yana-yana qalın aa..,” mən at belindəyəm.

“Bu gün ailəm və mən belə vaxt keçirtmək istəyirik, sizə də belə məsləhət görürük. Bu, bizim Şuşandır. Mariam, bir dəqiqə gözlə, mən canlı yayımdayam, səni də canlı göstərəcəyəm, birdən canlı yayım zamanı atdan düşərsənsə, baxış sayının ikiqat artacağını düşünürəm ” - deyən baş nazir, ailəsinin hər üzvünü növbə ilə göstərərək daxili rəqiblərinə və xarici düşmənlərinə-yəni bizlərə göz dağı verir.

Anna Akopyan

Burda nə var, dövlət başçısı istirahət edə bilməz ki, deyib özünüzə bəraət verməyin. Gör, düşmənin başçısı içəridə xalqından, çöldə düşmənindən-yəni bizdən nə qədər arxayındır ki, keyfindən qalmadığını hamıya nümayiş etdirir. Onsuz da yalançı təskinliklərlə 27 ildir məğlub boynumuzu büküb yalandan təsəlli təbliğatı ilə məşğuluq. Neft kəməri çəkirik, təsəllimiz bu olur ki, Ermənistandan yan keçdi. Dəmir yolu çəkirik, papağımızı göyə atırıq ki, Ermənistandan yan keçdi, Avropaya qaz çəkirik, sevincək oluruq ki, Ermənistan bu layihədən də məhrum oldu. Ermənistan da Qarabağı işğal edib, oturub Şuşada deyir ki, Qarabağdan sizi məhrum etmişik, yolunuz burdan keçə bilməz. Hansı böyükdür? Bizi Qarabağdan məhrum edən erməninin işi böyükdür, yoxsa layihələrdən ermənini kənar tutan Azərbaycanın?

Qarabağ işğal olandan arabir guya istirahət etməyimiz də canımıza yatmır, burnumuzdan gəlir. Nə qədər belə olacaq? Bu saat gərək Azərbaycan elə edəydi ki, Paşinyan nəinki istirahəti, heç həftənin hansı günü olduğunu da unudaydı. Etmirik, ya da edə bimirik. Ikinci daha güclü ehtimaldı və bunu iki ay əvvəl sərhəddə sübut etdik.

Bir ara hücum diplomatiyasından da danışdıq, nəsə baş diplomat dəyişsə də hələ hücum əlamətləri görünmür. Ümid edək ki, hələ az vaxt keçib, yəqin nəsə olacaq. O cümlədən, hərbidə də nəsə olacağına ümid edək. Bir şərtlə ki, millətin başını növbəti “hektarlarla” aldadıb, imic formalaşdırma təbliğatı aparmayalar. Yoxsa, Paşinyan yenə at belinə minib növbəti istirahətinə gedəcək və Annaya deyəcək ki, arvadları yaxşı öyrətmişdin, yaxşı vuruşdular, canlarını fəda etdilər, cəmi “X” hektar ərazi itirdik. Necə ki, Serj Sarkisyan aprel döyüşlərindən sonra: “cəmi 800 hektar ərazi itirmişik”-demişdi.

“X” hektarın içində bir neçə rayon, kənd olmayacaqsa, hesab edin ki, Paşinyan yenə at minib istirahət gününü bu dəfə, dünənki kimi Sevanın kənarındakı Martunidə yox, Qarabağdakı Martunidə keçirəcək. Ona görə ki, bizim başımız hələ ayrı işlərə qarışıb.

Başımız yenə “boz kardinal”a qarışıb. Ramiz Mehdiyev administrasiya rəhbəri olduğu illərdə millətə bir cür ziyan vururdu, əşi.., işdən çıxarılıb, indi də bir başqa cür zərər vurur. Atdan yıxılıb düşüb, amma höt-hötündən qalmır, gündəmdən düşmür, ya da qəsdən düşürülmür ki, birdən qaçqınlar, köçkünlər dərdindən danışar, Qarabağa qayıtmağı müzakirə edər. Bir də, axı bizə nə? Kim-kim ilə savaşır, kim-kim ilə barışır? Bu dava bizim-yəni Ramiz Mehdiyevin dediyi kimi “müğənni yetişdirən torpağın” adamlarının işi deyil, bu dava “boz kardinal”ın dediyi “siyasətçilərin” işidir.

Bu davanın xəmiri hələ çox su aparacaq, çox evlər dağıdılacaq. Boş verin, bizlik deyil. Bizim öz dağılmış evlərimiz, tapdaq altında olan yurdlarımız var. Onsuz da, son otuz ildə burda müğənni də yetişmir. Burda döyüşçü, şəhid yetişib və yetişəcək. Bir də, müğənni olub, hansı günümüzə oxuyasıyıq ki…

Düşmən könüllü xalq silahlı dəstələri yaradır ki, işğal etdikləri torpaqlarımızda at oynatmağa davam etsinlər. Paşinyan at gəzintisinə elə-belə çıxmayıb. Vaxtilə bir müdrik Qarabağ kişisi deyirdi ki, “Qarabağda hər kişi öz atını sürməyi bacarıb”. Mənası bu idi ki, başqasına möhtac olmayıb. Deyərlər ki, “daş yerində güclüdür”, tərpətdinsə, onu uşaq da hellədər. Biz yerindən oynadılmış daş kimiyik, o vaxt güclü olacağıq ki, atlarımızı öz torpağımızda sürəcək, heç kəsə möhtac olmayacağıq.(modern.az)

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »