Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elza Seyidcahanın adı Ginnesin Rekordlar Kitabına düşəcək

Yadınızdadırsa bəstəkar - müğənni Elza Seyidcahan 2009-cu ildə heyvanlar üçün konsert vermiş, bununla bağlı gündəm xeyli çalxalanmışdı. Müğənnini qınayanlar da olmuşdu, haqq qazandıranlar da. Ekstravaqant görünüşü və musiqiqsi ilə seçilən müğənni əslində heyvanlar üçün "Tapmaca Parti"sini "Heyvanları qoruyaq" şüarı altında keçirmişdi. Konsertin sorağı Türkiyəyə də gedib çatmışdı.

Bu yaxınlarda, pandemiya günlərində Britaniyada bitkilərə konsert verilməsi və bu konsertin Ginnesin Rekordlar Kitabına salınmasından ilhamlanan Elza xanım da adının kitaba salınması üçün müraciət edib və müraciəti qəbul olunub. Axı o bu təşəbbüsü düz 11 il öncə reallaşdırıb. Nəşriyyatdan müğənniyə adının qeydə salınmasıyla bağlı məktub gəlib.

Bu barədə Bizimyol.info-ya Elza Seyidcahan özü məlumat verib. Lakin müğənniyə bu barədə kömək etmək də lazımdır. Yəni Ginnes Rekordlar Kitabına adının salınması üçün Mədəniyyət Nazirliyi işə qarışsa, yaxşı olar.Bu ölkəmiz adına bir uğurdur. Bundan öncə dünyada ən sürətlə portret və dünya xəritəsini gözübağlı çəkən, bu kitabı adını yazdırmaq istəyən, lakin yol tapa bilməyən lənkəranlı müəllim barədə də məlumat vermişdik. Hesab edirik ki, bu məsələ ilə mədəniyyət komitəmiz, Mədəniyyət Nazirliyinin əlaqədar şöbələri məşğul olsa yaxşı olar.

Ginnesin Rekordlar Kitabı insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunub.Sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb.

Hazırda "Ginnessin rekordlar kitabı" dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşriyyatıdır. Ginnes rekordçusu olmaq üçün ilk növbədə ciddi, həssas və diqqətli hazırlıq tələb olunur.

Kitaba adını yazdırmaq üçün nə etmək olar?

İlk olaraq www.guinnessworldrecords.com saytına müraciət edilir. Bunun üçün sayta daxil olduqdan sonra "Rekord Cəhdi Et" (ing. Make a Record Attempt) bölümünə girib, online müraciət ərizəsini doldurmaq lazımdır. Bu zaman həmin saytdan müraciət edən şəxsə parolla birlikdə elektron ünvan göndərilir. Daha sonra isə rekorda imza atmaq istəyən şəxs təşkilatın bir neçə qeydiyyat mərhələsindən keçir. Nəticədə saytdan ona içərisində Rekord Cəhdi Anlaşmasının öz əksini tapdığı bir məktub göndərilir. Bu anlaşmanı oxuduqdan sonra məktubda göstərilən qaydada imzalayıb, geri qaytarmaq lazımdır. Bu proses — imzalanan anlaşmanın və rekord təklifinin araşdırılması 4 həftə davam edir. Rekord cəhdi ilə bağlı mütəxəssislərlə məsləhətləşmək lazım gəlsə, müddət daha da uzana bilər.

Qərar verildikdən sonra rekorda imza atmaq istəyən şəxsə növbəti məktub göndərilir. Əgər müraciətə müsbət cavab verilsə, iddialı şəxs öz cəhdlərinə başlamalı, etdiyinin rekord olduğunu təsdiqləmək üçün bütün sübutlardan maksimum istifadə etməlidir. Yekunda bu sübutlar bir paketdə Londondakı Guinness World Records ofisinə göndərilməlidir. Ofisdə bu rekord məktubunun araşdırılması mərhələsi də 4 həftə davam edir. İddiaçı şəxsin cəhdi qaneedici olmadığı təqdirdə, ona bu barədə məktubla məlumat verilir. Əks halda, rekorda imza atan şəxsə bununla bağlı Sertifikat göndərilir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »