Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəlin, Paşinyana acıq verək!

Axşam saatları, insanların işdən çıxan saatıdır. Avtobusda sıxlıqdır. İnsanlar avtobusa girə bilmək üçün bir-birini itələyir. Dayanacaqda isə ən 200 nəfər gözləyir. Bir mitinqin adamı var...

Yollar tıxacdır və avtobus addım-addım irəliləyir. Hər 5 dəqiqədən bir avtobusda elan yayılır: “Hörmətli vətəndaşlar düşmən sizi sosial şəbəkələrdə izləyir. Sirrimizi verməyək...” Düşmənin gözləri olsun, bu günümüzü görməsin, İlahi.

Kondisioner işləmədiyinə görə maskada boğulan adamlar hay-küy saldılar: "Kondisioneri yandır, ay sürücü". Sürücü söz ona deyilmirmiş kimi ümumiyyətlə, reaksiya vermir, nə hə deyir, nə yox. Bu müraciət 10 dəfə təkrarlansa da, sürücü duruşunu pozmur, düz də edir. Ürəyimdən keçir ki, əcəba, görəsən, bu avtobusdakıları da Ramiz Mehdiyevin toyundakı aqibət gözləyir? Rəqs eləməsələr də, qucaqlaşıb dayanıblar da. Milli rəqs deyil, “medlenni” oynayırlar. Üz- üzə, nəfəs nəfəsə.

Yenə qışqırırıq, sürücü yenə susur. Bu qədər dərdlərimiz var, aşağıdan yuxarıya durub bağırırıq, böyük-böyük adamlar eşidirmi ki, sürücü eşidə. "Bəyənmirsiz taksiylə gedin" deyəcəm... Onda da Hikmət Babayev kimi kiminsə hesabına gəlib başımızda oturanlar, ömrü boyu taksi və ictimai nəqliyyatda əziyyət çəkməyib, padşah piyada gedən yerə də lüks maşınla gedənlər deyəcək ki, “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”.

Dünən gecə BNA “ camaatın narazılığını nəzərə alıb bu təklifi geri götürürük, ictmai rəylə ayaqlaşmalı olduq” demək əvəzinə (ki, ictimai rəy mütləq nəzərə alınmaldır, amma unudulmuş tendensiyadır), az qala deyir Hikmət Babayev sizinlə zarafat edib.

avtobus

Eh nə deyirəm, nə dəli olasan, nə ağıllı, bütün dövlət qurumları olaraq başlayasan Paşinyanla zarafat eləməyə. Ona yandı-qındı , acıq verməyə. Avtobuslarda diktor elan edir - Dövlət sirrini paylaşmayın, düşmən sizi izləyir filan. Elə o izləyən düşmənin acığına ictimai nəqliyyat normal ola, işini itirənlərə 190 manat yox, daha çox vəsait verilə, uşaq pulu verilə, sosial problemlərimiz həll oluna, korrupsiyanın kökü kəsilə, xalqın dediyini məmurlar eşidə, əsl demokratik cəmiyyətdə necə yaşamaq lazımdısa, elə olaq, xalqın gəlirləri məmurların yox, xalqın cibinə axa, qazancımızdan hamıya pay düşə, Paşinyan da orta yerindən çatlaya...

Amma yəqin hələ tezdi də. Bizimkilər xalqı orta yerindən çatlatmaqla məşğuldurlar, məşq edirlər. Alınsa, analoqu olmayan bu təcrübəni düşmən üzərində də həyata keçirəcəklər. O günə çox qalmayıb. 30 ildir deyirlər - inanmısız, mən deyəndə niyə inanmayasız ki?!

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »