Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fövqəladə və səlahiyyətli... dialoq

Azərbaycan- Yunanıstan anlaşmazlıqları: Prezidentin səfirlə açıq söhbətinə sözardı

Ötən gün iki səfirlə fərqli formatda söhbət oldu. Yaponiyanın yeni təyin olunmuş səfiri Cuniçi Vada Azərbaycan Prezidentindən öz ölkəsinin ümvanına yalnız xoş sözlər eşitsə də, onun yunan həmkarı Nikolaos Piperiqkos xeyli çətinə düşdü. Əlbəttə, elçiyə zaval olmaz. Ancaq son illər ərzində Avropa İttifaqının də susqunluğu, bəlkə də örtülü razılığı əsasında Yunanıstan Azərbaycanla əlaqələrini sanki gözləməyə almışdı (bu haqda Prezident Əliyev geniş və açıq danışıb, biz də toxunacağıq). İndi Yunanıstan Şərqi Aralıq dənizi hövzsində Türkiyə ilə yaşadığı gərginlik fonunda birdən-birə Azərbaycanla münasibətləri yenidən formatlamaq qərarına gəlib və tələskənliklə Bakıya yeni səfir göndərib. Bu, bir az da Türkiyəyə təsir hədəfli bir addım olub.

Heç bu görüşdəki qədər açıq müzakirə edilməsə də, Yunanıstan səfiri onsuz da Azərbaycanın Türkiyə ilə yaxınlığını bilir. Ancaq onun təmsil etdiyi hökumət bu məqamda Türkiyənin müttəfiqləri ilə yaxınlaşmaqla Ankarada diplomatik qıcıq doğurmağı, mümkün olsa, bu zəmində Bakı-Ankara münasibətlərinə soyuqluq gətirməyi planlamamış deyil. Ancaq, görünən budur ki, daş qayaya rast gəlib. Prezident səfirə açıq diplomatiyanın master-klassını verdi.

Elmar Məmmədyarovu xarici işlər naziri postunda Ceyhun Bayramovla əvəzlədikdən sonra deyil, hələ bundan çox illər qabaq rəsmi Bakının leksikonunda “hücum diplomatiyası” ifadəsi peyda oldu. Siyasi analitiklər, jurnalistlər arasında bu ifadəyə, bunun arxasında ehtimal olunan diplomatik konseptə skeptik yanaşanlar, hətta bəzən “Ezop türkcəsində” - ehtiyatla, bəzən açıq mətnlə Prezidenti tənqid edənlər də oldu. Əsas ritorik arqumentlərdən biri də bu idi: hücum hara, diplomatiya hara? Üstəlik tənqidin kəsərini artırmaq üçün İlham Əliyevin özünün də Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu (o zaman iki superdövlətdən biri olan Sovet İttifaqı üçün yüksək səviyyəli mütəxəssis hazırladığı dövrdə) bitirdiyini, ixtisasca diplomat olduğunu, Avropada bu sahədə elmi araşdırmalar apardığını da əsas gətirirdilər. Əlbəttə, ilk oxnuşdan sual yaranır: hücum hara, diplomatiya hara?! Ancaq məsələ də bundadır ki, Azərbaycanın uzun illər, onillər ərzində tutmuş olduğu mövqe, apardığı diplomatik xətt baxımından yanaşsaq, burdan çıxışın elə ən azı adını “hücum diplomatiyası” qoymaq olardı.

Ümumi planda götürsək, sanki Prezident Əliyev özünün daha yaxın bələd olduğu İngilis diplomatiya məktəbindən daha çox alman diplomatiya məktəbinə doğru yön dəyişdirdi. Tarixdən xatırlayırsınız: Alman diplomatiya məktəbinin əfsanəvi nümayəndəsi (özü də, yeri gəlmişkən, Rusiyada səfir olmuş) Otto fon Bismark Danimarka kralına: “Döyüşə hazır ol, hərblə gəlirəm” deyə məktub yazmışdı. Müqayisə qüsurlu ola bilər. Ən azı ona görə ki, Azərbaycanın kiminsə üzərinə hərblə getmək fikri yoxdur. Həmin kimsə qardaş Türkiyə ilə eyni hərbi-siyasi blokda ola-ola ona qarşı düşmənçilik edən Yunanıstan olsa belə. Hələ heç onu demirik ki, Ermənistanla hərbi ittifaqı da var. Bizim məqsədimiz rəsmi Bakının “hücum diplomatiyası” adını verdiyi yeni xəttinin məğzini açıqlamaq idi.

Hərçənd biz nazir Ceyhun Bayramovun ilk və hələlik son Moskva səfərində və Bakının rus naziri Şoyqunu qarşılamasında bu xətti tam da izləyə bilmədik. Ancaq ondan əvvəl Prezident Əliyevin Rusiya, Serbiya hökumətləri ilə bu mövzuda danışıqlarından xəbərdarıq; təkcə elə Putin qarşısında Ermənistanın silahlandırılması ilə bağlı məsələnin qaldırılmasını misal gətirmək də bəs edərdi. Yunanıstan səfirini qəbul edərkən də İlham Əliyev özü Rusiya rəhbəri və müdafiə naziri ilə bu mövzuda danışıqlarını misal çəkib. Demək istəyib ki, biz Ermənsitanı silahlandıranların kimliyindən asılı olmayaraq onlara öz adekvat mövqeyimizi bildiririk. O sıradan, şirkətlərinin Ermənistana satdığı silahların Azərbaycana qarşı Tovuzda istifadə edildiyi Serbiya ilə də ən yüksək və yüksək səviyyələrdə belə açıq və milli maraq baxımından prinsipial söhbət getmişdi. Bu arada narahatlıq, cəmiyyətdə narazılıq doğuran hal da oldu; açığını deyək ki, rus hərbçilərinin qarşılanması formatı, Azərbaycanlı xarici işlər nazirinin Moskvada yarımqaranlıq otaqda, eləcə də, aşağı təmsilçilər səviyyəsində qəbul edilməsi, bunun əksinə nazir Şoyqunun Bakıda ən yüksək səviyyədə görüşü birmənalı reaksiya doğurmadı. Bu sonuncu faktın – Şoyqunun ən yüksək səviyyədə qəbul edilməsinin bəlkə belə izahı ola bilər; ölkə Prezidenti Ermənistanın silahlandırılması ilə bağlı sualına bir də Rusiyanın təkcə müdafiə naziri olduğu üçün deyil, ümumiyyətlə, iki ən təsirli məmurundan birindən detallı cavab almaq istəmişdi. Ancaq doğru cavab olmadı və bu üzdən rəsmi Bakı Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev səviyyəsində: “Bu cavab Azərbaycanı qane etmədi” deyə diplomatik etiketin verdiyi ən son həddə sərt çıxdı.

Prezidentn Əliyevin Yunanıstan səfiri ilə söhbəti də həmin diplomatik etiket həddini, özünün dediyi kimi, “diplomatlar arasında ünsiyyət üslubu”nu, təbii ki, aşmadı. Ancaq bununla belə İlham Əliyevin xarici diplomatla bəlkə də indiyə qədər görünməmiş (daha doğrusu, bəlkə də bizə göstərilməmiş) ən açıq söhbətini izlədik (bu arada oxşar yeni üslubu biz daxili siyasətdə - dövlət məmurlarının vəzifələr təyin olunması, bir sıra məmurların da vəzifədən azad edilməsi zamanı gördük və görürük). Prezident: “ Mən açıq oynayıram” demək istəyir. İki ölkə arasında münasibətlərin istənilən səviyyədə olmaması adətən: “Münasibətlərimizin istifadə olunmamış potensialı var, razılaşdırmalı olduğumuz məsələr hələ qalır” kimi ifadə olunur. Ancaq İlham Əliyev Yunanıstan səfiri ilə daha çox praktik məsələləri açıq müzakirə etdi. Bu da Azərbaycan adına bəlkə ilk, maraqlı faktdır.

“Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, Baş Nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız, nümayəndə heyətlərinin mübadiləsi yoxdur. Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var” deyə açıq söhbətə giriş edən Prezident Əliyev daha çox iki aspektdən problemlərə yanaşıb.

Bunlardan biri iqtisadi sahədə tərəfdaşlıqla, o birisi isə Azərbaycanın təhlükəsizlik maraqları ilə bağlı olub. Yunanıstan tərəfinin Azərbaycanın iqtisadi marağına toxunan, zidd olan qərarı (parlamentdə qəbul olunmuş qanun) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yunan qaz paylayıcı şirkəti olan DESFA-nı satın almasını mümkünsüz edib. O zamankı yunan baş nazir Samarasın təklifi ilə SOCAR tenderə qoşulub, tenderi udub, Azərbaycanın ödədiyi 40 milyon avro məbləğində avansdan 2014-2018-ci illərdə yunan hökuməti istifadə edib. Bu, o vaxtlar idi ki, Yunanıstanın Avropa İttifaqı üzrə müttəfiqləri bu ölkəni böhran bataqlığından, müflisləşmədən xilas etmək üçün yollar axtarmaq əvəzinə, yunanlara əl uzadan Almaniya kanslerini tənqid atəşinə tuturdular və belə bir məqamda – çətin vaxtda Azərbaycan Yunanıstana dəstəyini (təbii ki, qarşılıqlı maraqlar çərçivəsində) verib. Ancaq sonradan Yunanıstan hökuməti geriyə addım atıb; öz verdiyi sözdən, ən əsası, tenderin nəticəsindən geri çəkilib. Bu, əlbəttə, Azərbaycan tərəfini qane etməyib – Azərbaycanın iqtisadi maraqlarına cavab verməyib.

İkinci məsələ Azərbaycanın təhlükəsizlik maraqlarına Yunanistandan qaynaqlanan təhdid- Yunanıstan-Kipr-Ermənistan hərbi-siyasi tərəfdaşlığıdır. Bu, böyük ölçüdə həm də Türkiyəyə qarşı yönəlsə də, Ermənistanla müharibə durumunda olan Azərbaycana birbaşa təsiri var. Çünki yunan dövlətləri Ermənistanı silahlandırır. Azərbaycan dövlətinin mövqeyi açıq və net ifadə olunub; Ermənistanı silahlandıran varsa, həmin silahla Ermənistan Azərbaycanın hərbi və mülki şəxslərini öldürüsə, yaşayış məntəqələrini dağıdırsa, belə dövlətlərlə münasibətlərə adekvat yanaşılacaq. Bu, dediyimiz kimi, təkcə Yunanıstana aid məsələ deyil; Rusiya kimi dövlətə də, başqa dövlətlərə də aiddir. İndiyə qədər Azərbaycanla münasibət qurmaq və inkişaf etdirmək istəyən dövlətlər standart bəyanatlar verirdilər: “Ərazi bütövlüyünüzü, suverenliyinizi, sərhədlərinizin toxunulmazlığını dəstəkləyirik”. Bu ifadələr artıq 30 ilə yaxındır işlənir. Azərbaycanın yeni diplomatik yanaşması bu dəfə Yunanıstan səfiri ilı görüşdə də ifadə olunduğu kimi, fərqli, daha konkret, daha praktik oldu: BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatların sənədlərində Ermınistanın Azərbaycan ərazisini işğal etdiyi vurğulanır. Ona görə də işğalçı Ermənistanı silahlandıran dövlət işğala məruz qalan Azərbaycana necə dost ola bilər?! Bu ritorik sualın cavabı rəsmi Bakının yanaşmasının açarıdır və milli maraqların, o cümlədən, təhlükəsizlik maraqlarının daha prinsipial mövqedən qorunması deməkdir. Azərbaycan xarici siyasətinin yeni vizionu bu əsasdadır. Bizimlə dost olmaq istəyənlər bizə qarşı düşmənçiliyin sponsoru, dəstəkçisi ola bilməz (bunun adı “ticarət” olsa belə). Azərbaycanın milli maraqları tələb edir ki, bu məsələdə ortaya birmənalı mövqe qoyan, təkcə sözdə deyil, əməldə də bunu sübut edən dövlətlərlə dostluq qurulacaq və davam edəcək. Bu anda hər kəsin gözləri önünə Türkiyə gəldi. Ancaq Türkiyə ilə Azərbaycanın münasibətləri diplomatiyanın çox üzərindədir.

2014-cü ilin aprelin 24-də Prezident İlham Əliyev Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın Türkiyəni qondarma soyqırımı qəbul etməməkdə, guya Ermənistanı blokadada saxlamaqda günahlandırmağa göstərdiyi cəhdini dəf edərək demişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən burdayam və Türkiyə-Ermənistan sərhəddinin niyə bağlı olduğunu deyə bilərəm”.

O zamandan 6 ildən çox keçib, Türkiyə ilə Azərbaycan arasında bağlar daha da möhkəmlənib və bunun dünyada bənzəri olmadığını İlham Əliyev yunan səfirlə dialoqunda bir daha ortaya qoydu. Azərbaycan Prezidenti səfirə belə dedi: “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən, Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Bu, əlbəttə, Türkiyəyə münasibətdə Azərbaycanın mövqeyinin bir daha və ən açıq və net formada ifadəsi olmaqla yanaşı, bölgədə təsirini saxlamağa çalışan və bu yöndə Türkiyə ilə rəqabət aparan, Türkiyəni Cənubi Qafqaza buraxmaq istəməyən Rusiyaya və Rusiyanın ölkə içindəki təsir agentləri ordusuna da cavab oldu. Azərbaycanın siyasi rəhbərliyi hazırda Rusiyanın bölgədə hərbi-siyasi qüvvələr balansını Ermnistanın xeyrinə dəyişmək cəhdlərini görür və bunu həmin ölkənin ən yüksək səviyyəsində qaldırıb. Azərbaycan açıq mesaj verir ki, onun düşmənini silahlandıran Rusiyanın Ermənistan vasitəsilə və sair formalarda xaricdən və dövlət vəzifələrindən salınmış və hələ də qalmış yerli təsir agentləri, siyasətəyaxın ruspərəst və keçmiş partnomenklatur qruplar vasitəsilə daxildən etdiyi təzyiqlərə baxmayaraq, Ermənistanın işğalına qarşı ən yüksək səviyyədə və birmənalı dəstək verən Türkiyə ilə yaxınlaşmadan geri durmayacaq. Azərbaycan dəqiq fərqindədir ki, Azərbaycan cəmiyyətində Rusiyaya deyil, Türkiyəyə rəğbəti daha çoxdur, müqayisəedilməz ölçüdə böyükdür. Hakimiyyətin yenidən formatlanmasına və mümkün dəyişikliklərə, dövlətin və cəmiyyətin idarə olunmasında yanaşmalara, bir sözlə, oliqarxlarsız formalaşmış, texnokrat hökumətə, ən başlıcası, Ermənistan üzərindən və başqa formalarda ifadə və icra olunan Rusiya pressinqinə tab gətirmək üçün toplumun dəstəyinə İlham Əliyevin çox böyük ehtiyacı var. Bu, elə bir unikal məqamlardandır ki, cəmiyyətin və hökumətin təhlükəsizlik maraqları uzlaşır. Belə bir momentdə Türkiyənin bölgəyə gəlişi, Cənubi Qafqazda, bütövlükdə Qafqazda Türkiyə faktorunun üstün mövqeyinin formalaşması və ya buna ciddi hazırlıq prosesi gedir. Qarşı tərəf(lər)dən provokativ addımları Azərbaycan hər zaman gözləməyə və dəf etməyə məcburdur. O cümlədən də, ölkə içindən...

Bizimyol.info

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »