Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özümüzə suallarım

Aramizdakilarin klanları və qarşımızdakının planları haqqında bir neçə söz

Bilirəm, çoxları deyir ki, Qarabağdan yazılanları oxuyan azdır. Ümumiyyətlə, belə fikir var: ciddi, köklü yazıları oxuyan azdır. Bəlkə də az deyil; biz maraqlı – ciddi, köklü yazmırıq. Hə, bu gün hamı toy qalmaqalından, Ramiz Mehdiyevdən, taksi xidmətinin inhisarlaşmasından (bahalaşmasından), rayonlara gediş-gəliş qadağasından, 190 manatdan, Şoyqudan, Lavrovdan yazır. Yox, ciddi məsələlərə də ciddi maraq var. Mütləq deyil ki, cəmiyyətin hamısı eyni vaxtda eyni cür düşünsün. Ancaq elitası varsa, sağlamdırsa, ictimai fikri formalaşdıran intellektual təbəqə, ziyalı kəsimi, düşüncə lokomotivi varsa, toplumun hədəfini doğru bəlirləyib, onu düzgün yönəldə bilirsə, gərəkli anda gərəkli addımlar da atılacaq. Onlar yoxdursa, heç nə yoxdur.

Sosial şəbəkələrdə Ermənistann yeni qanunu, daha doğrusu, “Müdafiə haqqında” qanuna dəyişiklik müzakirə olunur; ermənilər könüllüləri toplayır, hətta özlərinin ifadəsincə, “xalq ordusu” yaradır – orda da, bizdə də hamı bundan danışır. Bu arada Yunanıstanla Şərqi Aralıq dənizində gərginliyin artması fonunda Türkiyə Prezidenti Ərdoğan maraqlı bir fraza işlətdi: “Başqa xalqların ordusu var, amma bizim xalq özü ordudur”. Biz də bunu deyə bilərikmi?!

Deyə bilərdik; iyulun ortalarında Rusiyanin pərdəli rejissurasında Ermənistan Tovuz təxribatını qurub reallaşdıranda (Azərbaycana yenə hücum edəndə) o xalq dediyimiz ayağa qalxmışdı. Ancaq o xalqdan biz ordu qura bildikmi?! Qurmaq istədikmi? Bu günə qədər ancaq gileylənmişik ki, düşmən bizim dolmamızı, lavaşımızı, kətəmizi, kamançamızı, mahnılarımızı... oğurlayıb mənimsəyir. Ən son Fikrət Əmirovun “Kor ərəbin mahnısı”nı bizdən oğurlayıb Avropaya öz folklor nümunəsi kimi sırıdı. İşə baxın: Ermənistan Rusiyanın dəstəyi ilə az qala özü boyda torpağımızı əlimizdən alıb, biz onillərlə lavaşın dərdinə düşmüşük...

Bəli, biz deyə bilərik ki, düşmənin orduya cəlb etmək üçün insan potensialı çatışmır; könülülərin, muzdluların ümidinə qalıb və sair. Bunlar da hamısı doğrudur. Ancaq bir gerçək də var axı: Ermənistan özünün zəif nöqtələrini qapamaq üçün ehtiyatlar axtarır. Bunu Livanda tapır, ya Suriyada – bu, artıq önəmli olsa da, detallardır. Eləcə də, özünün daxili insan ehtiyatlarını hərəkətə keçirir. Burda əsas vurğulamaq istədiyimiz bir neçə məsələ var. Biri budur ki, Ermənistan böyük xarici güclərə arxasını dayayaraq planlı-proqramlı hərəkət edir; hədəflərini müəyyənləşdirib. Böyük hədəfi bizi bu arealdan sıxışdırmaqdır, onun da içində zəbt etdiklərini əlində saxlamaq, üstəlik, uyğun zamanda, əlverişli şərait yetişdikdə ilk fürsətdə bizdən yeni torpaqlar qoparmaq kimi hədəfləri var.

Qarabağ

Məsələ təkcə Nikol Paşinyanın verdiyi bəyanatlarda deyil (ki, bunlar da düşmənin məqsədini anlamaq üçün önəmlidir). Məsələ, ondadır ki, Ermənistan dövləti və erməni cəmiyyəti “müharibədəsənsə, müharibədəki kimi hərəkət et” prinsipinə uyğun davranır. Zamanında biz könüllü döyüşçüləri sinəsindən itələyəndə, düşmən tərəfin ”könüllü” adı ilə muzdla və bir çox hallarda zorla ordu sıralarına yığdıqları adamlar bir gündə iki rayonumuzu aldı. Bəli, rusların dəstəyi ilə. O da bir başqa fakt. Çünki biz türk hərbi təlimçilərinə ölkədən çıxış qapısını göstərib bir əmrlə 33 batolyonu ləğv edəndə, düşmən tərəf rus döyüş instruktorlarını bağrına basırdı. İndi Türkiyə ordusunun Azərbaycana gəlişinə sevinənlər (içi mən qarışıq), bir az geriyə - 1993-cü ilə qayıdıb həmin türk generallarının, zabitlərinin burdan gedişinə bir azca (arxa tarixlə də olsa) üzülək bəlkə?! Düşmənin gücünü (güc qaynağını) sərf-nəzər elədinsə, bu, məğlubiyyətin yarısı, öz gücünün qaynağını qapadınsa, hamısı deməkdir.

Bizim xalq orduya dəstək üçün iyulda küçələrə axışdı, ordan qovduq, səfərbərlik xidmətlərinə axışdı. Xalq özü yəni. Könüllü. Ancaq Ermənistan öz əhalisi arasında dövlət olaraq “könüllülər” ovuna çıxıb. Biz peşəkar ordu haqqında illərdir danışırıq. Onlar isə bunu öz İQ səviyyəsinə uyğun formatda - əcnəbi muzdlulardan formalaşdırmağa girişib. Biz nəyinsə yaxşısı haqqında düşünə-düşünə yerimizdə duranda, düşmən tərəf həmin o düşündüyümüzün pisini yaradıb ortaya qoyur, amma ortaya qoyur. Biz onillərdir, məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasının yollarını Moskvada, Nyu-Yorkda, Parisdə, Praqada, Madriddə, Kazanda, Münhendə... axtardığımız vaxt, düşmən tərəf Hələbdən, Şamdan, Beyrutdan, Qüdsdən, daha nə bilim, haralardan erməni ailələrini gətirib bizim olan torpaqlarda yerləşdirir. Biz Bakı ətrafında yolları qaşıyıb büdcə vəsaitlərini nağdlaşdıranda, onlar Basarkeçərdən Kəlbəcərə, Mehridən Zəngilana, Füzuliyə, Cəbrayıla yol çəkirdilər. Biz Aşura günü qara geyib, ağı deyib məscidlərdə başımızı yaranda, düşmənlərimiz Tiflisdəki kilsənin sobası ətrafında Azərbaycan qazı ilə qızınaraq daha hansı rayonlarımızı zəbt etmək üzərində baş sındırırlar. Bizimkilər İran sərhəddində, yaxud Abşeron yarımadasında ələm uçuranda, düşmən Goranboydakı səngərimizin üstünə dron qaldırırdı. Bizdə hakimiyyət və sərvət üzərində klanlar dava edəndə, düşmən bizim üzərimizdə planlar qurmaqla məşğul olur. Bu gün özünü peyğəmbər məqamında görən İsanın çarmıxından “boylanan”, az qala Həzrəti Məhəmmədin Hicrətindən özünə təşbeh çıxaran, İmam Hüseynin şəhadətindən özünə əzabkeş obrazı biçən keçmiş baş ideoloqlar çıxıb Qarabağsızlıqda xalqı – ziyalıarı, alimləri, mətbuatı – qarşısına kim çıxırsa, hamısını ittiham edir. Sanki onillərlə Təhlükəsizlik Şurasının katibi mən olmuşam. Bir az da çətinə düşəndə: “Səlahiyyətlərim çərçivəsində hərəkət etmişəm” - dolayısı ilə, “nə etmişiksə, birlikdə etmişik” deyir. Bunun tərs üzü də var: “Nə etməmişiksə, yenə də birlikdə etməmişik”. Etmədiklərinin (etmədiklərimizin) böyük bir qismini bir az əvvəl sadaladıq. Bizi – medianı “erməni hibrid müharibəsi”nin mahiyyətini dərindən dərk etməməkdə günahlandırırlar.

Mən bir az əvvəl bu mahiyyəti açmağa çalışdım; bizim düşündüklərimizi ermənilər bizdən qabaq edir. Bunun günahı kimdədir- onu dəqiq görmək və göstərmək lazımdır. Yadımdadır ki, 30 il bundan qabaq da o zamankı baş nazirimiz Həsən Həsənovun imzaladığı bir qərarla Qarabağda və Ermənistanla sərhədyanı bölgələrdə camaatdan ov tüfəngləri də yığıldı. O vaxt ki, ermənilərdə artıq Kalaşnikov avtomatları vardı. Və həmin o Həsən Həsənov bu gün 80 yaşında Azərbaycanın Macarıstanda səfiridir (Ramil Səfərovun torpağında camaatı erməninin qarşısında tərksilah edən adam Ramil Səfərovu Azərbaycana qatarmaqda “göstərdiyi” “xidmət”lərdən verbal ekstaza düşür). Mən adamları çox da müzakirə etmirəm, sadəcə, yeri gəldi deyə yazdım. Və... Özümüzə sualım budur: niyə ən başdan həmişə düşmən tərəf ən azı 1:0 hesabı ilə, ən azı yarım addım, bir addım bizdən qabaqda olur?! Buna kim və niyə imkan verib?! Və də nədən onillərlə ölkənin təhlükəsizliyinə cavab verənlər ölkə üçün özləri təhlükə mənbəyinə çevrilə bilib?!

Biz torpaqlarımızı qaytarmaq barədə düşünürkən, ən yaxşı halda bundan danışarkən, onlar yeni torpaqlar zəbt etməkdən ötrü qüvvə toplayır, dağlarımızda terror təlimləri keçir. Bax, mən bu sətirləri yazanda erməni diversantları Ağdərədə, ya Laçında toplaşıb bəlkə Tovuzda, bəlkə Tərtərdə, ya hardasa olan mövqelərimizə gizli soxulmağın məşqini edirlər.

Bəli, ölkə içində bu son baş verənlər oliqarxiyanın hakimiyyətdən salınması və sərvətinə əl qoyulması, eləcə də, politoloq Hikmət Hacızadənin təbirincə desək, hakimiyyət tranziti prosesidir; bu dalğada vurulanların heç də hamısı (yaxud bəlkə heç birisi) bununla razılaşmır. Onillərlə Ermənistanla barışıq axtaranlar öz millətinin iradəsi, dövlətinin diqtəsi ilə barışa bilmir. Dünən vəzifədə (Təhlükəsizlik Şurasında, Prezident Aadministrasiyasında, güc nazirliyinin başında və sair və ilaxır) oturduğu zaman işğalda olan bir kəndin geri qaytarılması üçün əlini ağdan qaraya vurmayanlar indi postdan düşəndən sonra Azərbaycanın işğalda olmayan ərazisini geri – öz iradəsi altına qaytarmağın dərdinə düşüb.

“Post” dedim. Çünki Tovuzun Qaraqayasındakı mövqedə əlində silahla dayanan da əsgərdir, PA-da, TŞ-da oturan da əskərdir. O da postdadır, bu da. O postdan ehtiyata buraxılan da ömrünün sonuna qədər əskər olaraq qalır. Vəzifədən azad olunmaq da eynilə vətəndaş məsuliyyətindən azad olmaq demək deyil. Və erməni hibrid müharibəsini öz ölkəsinin daxilinə copy past edib öz dövlətinə qarşı yönəltmək də heç bir vətəndaşın həddi deyil. Bunu düşünən, planlayan varsa, deməli, bəlkə də eyni hibrid mahiyyətə köklənib...

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »