Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın Moldovaya qarşı təxribatı qəzəblə qarşılanıb

Bir neçə gün əvvəl özünü Dnestryanı ölkənin paytaxtı elan edən Tiraspolda təxribat xarakterli tədbir baş tutub. Tanınmamış “Dnestryanı Moldova Respublikası”nın 30 illiyi şərəfinə təmtəraqlı şənliklər keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə bir çox şübhəli şəxslərlə yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın Milli Məclisinin spikeri Artur Tovmasyan da iştirak edib. Moldova mətbuatında bununla bağlı narahatlıq ifadə edən yazılar dərc olunub. Jurnalist İon Çebotar yazır ki, ölkəsi belə məsələlərə həssas yanaşmalıdır.

“Ümid edirik ki, Moldova cəmiyyətinə “öz müqəddəratını təyinetmə” kimi zəif maskalanmış gözəl sözlərin nə anlama gəldiyini izah etməyə ehtiyac yoxdur. Hələ Dnestryanı ərazini Moldovadan qoparmaq üçün ilk cəhdlərdən əvvəl Ermənistan Azərbaycanın Qarabağına iddialar ortaya qoyub. 1992-93-cü illərdə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, ölkədə hər 7 nəfərdən 1-ni köçkünə çevirib. Ancaq bu gün başqa bir şeydən - Moldovanın əsas dövlət maraqlarından danışırıq. Əvvəla, bu cür separatçı qurumlar boşluqda mövcud deyil. Qarabağ separatçılarının nümayəndə heyəti, yəni “işğalçı rejim” Tiraspolu ilk dəfə deyil ziyarət edir. Ora necə getmələri çox maraqlı sualdır.

Kimsə unudubsa, Dnestryanıya iki yolla getmək mümkündür: ya Ukrayna, ya da Moldova Respublikasının rəsmi sərhədindən. Məlumatlara görə, bu dəfə erməni separatçılarından ibarət nümayəndə heyəti Ukrayna sərhədindən keçib. 2016-cı ildə eyni nümayəndə heyəti Tiraspola Kişinyovdan gəlmişdi və yenidən Ukrayna ərazisindən geri qayıtmışdı”.

Jurnalist qeyd edir ki, Tiraspoldan olan tanınmamış respublikanın nümayəndə heyəti Dağlıq Qarabağa Yerevandan gedib. Sonra yazıda diplomatik bürokratiyadan söz açılır.

“Bütün bu cür separatçı birləşmələr “öz müqəddəratını təyinetmə” barədə danışmağı və “müstəqil dövlətlər” kimi davranmağı sevir, amma əslində yalnız marionet işğalçı rejimlər kimi mövcuddurlar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın arxasında Ermənistanın rəsmi hökumətinin dayandığı heç kimə sirr deyil. Qeyd etmək kifayətdir ki, ATƏT-in timsalında dünya birliyi Azərbaycan və Ermənistanı Qarabağdakı münaqişənin tərəfləri kimi tanıdı və sülh yolu ilə həll barədə danışıqlar rəsmi İrəvanla Bakı arasında davam edir. Tovmasyan kimi insanların "müstəqilliyinə" inanmaq olmur. Bu o deməkdir ki, qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan, “Milli Məclis” adlandırılan qurumun nümayəndə heyətinin Dnestryanıya səfəri ilk növbədə beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir. İkincisi, bu, açıq-aşkar dostyana addım deyil, Ermənistanın Moldovaya arxadan bıçaq zərbəsidir. Minimum anlaşılmazlıq yaranır. Realist olaq: Ermənistan nümayəndə heyətinin Moldovanın qanuni hökumətinin nəzarətində olmayan ərazilərə səfəri, Moldova rəhbərliyinə xəbər vermədən başqa sərhəddən Dnestryanı əraziyə girməsi Moldova Respublikasının sərhədlərinə və ərazi bütövlüyünə nümayişkaranə hörmətsizlikdir. Yerevanda iki ölkə xalqları arasındakı dostluq, Moldova ilə Ermənistan arasındakı əməkdaşlıq və tərəfdaşlıqdan danışmağı sevirlər, eyni zamanda Moldovanın arxasında açıq “ikibaşlı oyun” oynayırlar. Bu gün necə deyərlər, ikili standartlar siyasəti yürüdürlər. Əks təqdirdə, işğal altındakı Azərbaycan Qarabağından separatçılar Tiraspolda peyda olmazdı”.

Çebotar axırda yazıb ki, Yerevanın bu hoqqabazlığının qarşısı bu gün yox, dünəndən alınmalıydı. Özü də sərt şəkildə.

Son xəbərlər
Bütün xəbərlər »