Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

Müsavat partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublu aclıq aksiyasına başlayıb. Bu barədə o, sentyabrın 2-də öz məhkəməsində məlumat verib.

Bizimyol.info xəbər verir ki, T.Yaqublunun işinə Nizami rayon Məhkəməsində baxılır. Bugünkü məhkəmə iclasında T.Yaqublu son sözünü deyib. O, günahsız olduğunu, şərləndiyini vurğulayıb. Bildirib ki, o, nə yol qəzası törədib, nə də kimisə təhqir edib, kimisə vurub. T.Yaqublu bildirib ki, haqqındakı cinayət işi saxtadır və onun həbsi üçün məqsədli şəkildə təxribat qurulub:

“Necə olur, Cəbrayılovların dediyi sübut olur, bizim dediyimiz yox? Elxan Cəbrayılov yarım saat döyülsəydi, o sağ qalardımı? Əgər mən o cinayəti törətmişdimsə, başınmın da üstündə kamera ola-ola niyə polisə zəng edirdim? Niyə kamera görüntülərinə baxış keçirilməsini tələb edirəm?”

T.Yaqublu son sözünü bitirərkən aclıq aksiyasına başladığını bildirib: “Qələbəyə qədər də gedəcəm. Bu ölkədə demokratiya, hüquqi dövlət ənənələri bərqərar olmalıdır”.

T.Yaqublunun son sözündən sonra hakim hökç çıxarmaq üçün müşavirəyə gedib. Hökm sentyabrın 3-də elan olunacaq.

T.Yaqublu martın 22-dən həbsdədir. Prokuror ona 4 il 6 ay həbs cəzası verilməsini istəyib.

İttihamda yazılıb ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu saxlanmamışdan öncə - martın 22-də “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: “8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »