Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqubluya 4 il 6 ay həbs tələbi: “O adamlar məni izləyiblər”

Müsavat Partiyasının və Milli Şuranın üzvü, Qarabağ döyüşçüsü Tofiq Yaqublunun məhkəməsi yekunlaşır. Sentyabrın 1-də Nizami Rayon Məhkəməsində prokuror T.Yaqublunun 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Bizimyol.info xəbər verir ki, prokurorun çıxışından öncə məhkəmədə vəkillər bir sıra vəsatətlər qaldırıb, T.Yaqublunun telefonuna baxış keçirilib, həyat yoldaşı Maya Yaqublu dindirilib.

T.Yaqublu martın 22-də “8-ci kilometr bazarı”nın qarşısında yol qəzası törətməkdə, daha sonra isə vurduğu maşının sürücüsü Elxan Cəbrayılov və həyat yoldaşı Cəvahir Cəbrayılovanı təhqir etməkdə, sürücüyə vintaçanla xəsarət yetirməkdə ittiham olunur. T.Yaqublu isə deyir ki, maşında əyləşib, həyat yoldaşı və daha bir qohumunun bazardan çıxacağını gözlədiyi halda, dayandığı yerdə maşınını vurublar. Vuran avtomobilin sürücüsü və yanındakı qadın ona hücum edib. Bunun təxribat olduğunu başa düşərək, həmin vaxt maşından düşməyib, qapıları da, pəncərəni də bağlayıb, polislərin gəlməyini gözləyib.

Həyat yoldaşı Maya Yaqublu da onun dediklərini təsdiqləyib. O bildirib ki, hadisə günü həyat yoldaşı T.Yaqublu və qardaşı oğlu ilə birlikdə “8-ci kilometr bazarı”na gediblər. T.Yaqublu onları maşında gözləyib: “Yenicə bazara girmişdik ki, Tofiq Yaqublu zəng elədi, dedi ki, dayandığı yerdə maşını vurublar. Tez gəldik. Gördüm ki, maşında əyləşib, qapıları da bağlayıb. Mənə görə qapını açanda qadın (zərərçəkmiş qismində tanınan Cəvahir Cəbrayılova) az qalırdı Tofiq Yaqublunu didsin. Elə söyüşlər işlədirdi... Oradakılar bunların üzünə tüpürdü ki, ayıb deyil, dayandığı yerdə kişini şərləyirsiz?”

T.Yaqublu bildirirdi ki, telefonu ilə baş verənləri çəkib. Telefon da müstəntiqdə olub, amma həmin görüntüləri sübut kimi ortaya çıxarmayıblar.

Sentyabrın 2-də məhkəməyə T.Yaqublunun telefonu gətirilib. Amma məlum olub ki, telefonda o görüntülər yoxdur. T.Yaqublu həqiqətin üzə çıxmaması üçün görüntülərin silindiyini bildirib: “Telefonun gətirilməsini ona görə təmin etdiniz ki, bilirsiniz o telefondan görüntüləri siliblər. Hakim olsaydınız, ədalətli araşdırma aparsaydınız, hadisə günü mənim və üzümə duranların telefonlarının əhatə dairəsinin müəyyənləşdirilməsi barədə vəsatətimizi təmin edərdiniz. Onda görünərdi ki, o adamlar həmin gün məni izləyiblər. Mən harada olmuşamsa, onlar da orada olublar”.

O, işi aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevin məhkəməyə çağrılıb dindirilməsi barədə vəsatət qaldırıb: “Xeyli saxtakarlıqlar edib, mənim adımdan yalanlar yazıb. Öz vəkilimlə təmin edilmədiyimə görə etiraz olaraq protokola imza atmamışam. O yazıb ki, heç bir əsas olmadan imza atmamışam. Yalan yazıb ki, guya mənə vəkilimi dəvət etmək imkanı yaradılıb. Hadisənin görüntülərinin telefonda olduğunu bildiyi halda, dərhal yanımda açıb baxmayıb. Guya iki ay sonra mənim iştirakım olmadan baxış keçirilib. Yazıblar ki, guya telefonun kodunu bilməyib. Bəs niyə məndən soruşmayıb?”

Müstəntiqin çağrılması, telefon anten dairələrilə bağlı vəsatətlər təmin ediıməyib.

Telefon məhkəməyə gətiriləndə məlum olub ki, hadisənin görüntüləri yoxdur. T.Yaqublu bildirib ki, nəinki hadisənin görüntüləri, həmçinin Facebook hesabı, ailəsinə aid videolar və başqa materiallar da silinib.

Vəkil Aqil Layıc vəsatət qaldırıb ki, mütəxəssis vasitəsilə telefondakı videolar bərpa edilsin. Bu vəsatət də təmin olunmayıb.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Prokuror qısa çıxış edərək, T.Yaqubluya 4 il 6 ay həbs cəzası verilməsini istəyib.

Vəkillər etiraz ediblər, bildiriblər ki, heç sənədlər tədqiq olunmayıb, T.Yaqublu ifadə verməyib, amma məhkəmə istintaqı tamamlandı.

“Ədalətsizliyin təntənəsinə etiraz edirəm...”, - deyə vəkil A.Layıc etiraz edib.

T.Yaqublu isə məhkəməsinin erməni əsirliyində olan azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun Xankəndidəki məhkəməsilə müqayisə edib: “Bu məhkəmə Şahbaz və Dilqəmin məhkəməsindən də ədalətsiz keçdi...”

Sentyabrın 2-də T.Yaqublu məhkəməsində son sözünü deməlidir. Ardınca isə hökm oxunacaq.

Son xəbərlər
Bütün xəbərlər »