Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Qeyrətiniz çatırsa, oğurladığınız milyardları dövlətə qaytarın" - Professor
Rüşvət, korrupsiya, məmur

İndi hər şey xalqın ictimai fəallığından, atılan pozitiv addımların dəsətklənməsindən çox asılıdır.

Niyə qaşqabaqlı, qəzəbli və son dərəcə laqeydik? Nədir dərdimiz? Niyə səmimi ola bilmirik? Niyə yaltaqlıq, ikiüzlülük edir, qısqanclıq, kin və nifrət girdabında qıvrılırıq? Niyə cəhalət dəhlizlərində baş-başa verib xosunlaşan qeybətçi alim, ziyasız ziyalı olmaqdan yorulmuruq?

Seyrçi mövqedə dayanıb ölkənin taleyinə biganə qalan alverçi təfəkkürlü alimlə, xalqın haqqına girib sərvət yığan vecsiz akademiklə hansı dürüst, ədalətli cəmiyyəti qurmaq olar?

Heç bir dəfə də olsun, qarın maraqlarını bir kənara qoyub islahat haqqında düşündünüzmü, ey məmur-akademiklər, rektorlar və digər vəzifə və səlahiyyət sahibləri?! Düşündünüzsə, nə etdiniz?

Dövlətdən adlar, mükafatlar, vəzifələr alıb akademik-alim, ünlü yazar, titullu sənət adamı olmağın yollarını yaxşı bilirsiniz, buna söz yox! Bəs əvəzində hansı xariqüladələri yaratdınız? Niyə “cənab Prezidentə sadiq”, “dövlətçi” alim, akademik, rektor, deputat, nazir olaraq ölkədə start verilən pozitiv dəyişikliklərə əməli dəstək vermədiniz?

Həyat tərzinə çevirdiyiniz və gənc nəslə təlqin etdiyiniz yaltaqlıq və məddahlıq maskası altında neçə-neçə evlər yıxdınızın fərqindəsinizmi? Sizin və sizin kimilərin üzündən Vətən övladlarının bir qismi calayi-Vətən olub düşmən toruna düşüb, digər qismi qurduğunuz şər və böhtan tırtılları altında əzilib, üçüncü qismi paranoik duruma düşüb yaşamaqla yaşamamağı ayırd edə bilmir. Bir ölkənin insanlarını inam və ümidsizlik ümmanında boğmağınızın, səssiz-səmirsiz ölümə yuvarlandırmağınızın adı nədir? Bu işdə özlərini “alim”, “akademik”, “nümunəvi ziyalı” sayanların heç bir günahı yoxdurmu?...

On minlərlə yüksək titullu alimi, müəllimi, həkimi, məmuru olan bir ölkədə bütün problemlərin bir şəxsin – ölkə başçısının üzərinə yönəldirilməsi bizim nə dərəcədə vətənpərvər, dövlətçi olmağımızdan xəbər verir. Yeyib-dağıdan, xəyanət edən, xalqın qanını içən üzdəniraq zatlar Heydər Əliyevə, İlham Əliyevə boğazdan yuxarı tərif deməyi az qala dini ritual halına gətiriblər, eynən, münafiqlərin üsuliddin və füruiddində etdikləri riyakarlıq kimi. Əsas odur ki, “əşhədu əllə iləhə illəllah, əşhədu ənnə muhəmmədən rasulullah va əşhədu ənnə aliyyən valiyullah” şəklində kəlimeyi-şəhadətini deyəsən, namaz qılmaq, oruc tutmaq görüntüsü yaradasan, həccə gedəsən, haram yolla əldə etdiklərin milyonların müqabilində bir-iki qurban kəsəsən, sonra istədiyin qanunsuzluğu, talançılığı, rəzilliyi, hətta xəyanət və satqınlığı rahatca edəsən. Qanun sənin “xidmətin”in qarşısında heç nədir. Əlbəttə, 30-40 ildir ki, əziyyət çəkib kəlimeyi-şəhadətini deyir, namaz qılır, oruc tutursan, üstəlik, təsbeh də çevirirsən və s. Bax, xalqı tar-mar edən, minlərlə ailələrə, uşaqlara, qocalara, qadınlara divan tutan, onları çörəkpuluna və dərmanpuluna həsrət qoyub sakit ölümə çarpdıran, nəticə etibarilə, dövlətə və cəmiyyətə fəlakət gətirən, ölkənin birinci şəxsini və xalqı çıxılmaz vəziyyətə salan zərərli “elmi-siyasi” məddahların, onların daxili və xarici havadarlarının fəlayyət prinsipi budur.

Onlar öz mənfur niyyətlərini gerçəkləşdirmək üçün ilk növbədə xalqın beyninə şübhə toxumu səpir, onun inam və əzmini sındırmağa çalışırlar. Dövlət içində təşkilatlanmış və peşəkarcasına cildlənmiş həmin ünsürlər rəhbəri xalqın gözündən salmaq istiqamətində mütəşəkkil ideoloji iş aparırlar. Bir az düşünüb təhlil etsək, görərik ki, onların ilkin hədəfi dövlətin başçısıdır. Onlar ölçüb-biçib belə qənaətə gəliblər ki, bir ölkədə total iğtişaş yaratmaq üçün ilk olaraq hökmdarın reputasiyasını korlayıb onu devirmək lazımdır. Tarixdə analoji hadisələr çox olub. Avam, hər şeyə tez inanan, siyasi cəhətdən küt xalqın mövcudluğu onlar üçün ideal fürsətdir. “Xalqa gün ağlamaq istəyirik!” şüarını əldə əsas tutan o qüvvələrə deyirik ki, əgər zərrə qədər bu xalqa ürəyiniz yanırsa, buyurun, islahatlara lağ edib gözdən salmaq əvəzinə, taleyüklü məsələlərin həllinə dəstək verin, xalqı növbəti rəzalətə sürükləməyin. Özününz də yaxşı bilirsiniz ki, “Ol!” deyən kimi islahat olmur. İslahat vaxt və ümumxalq fədakarlığı tələb edir!

Ölkənin ictimai-siyasi sabitliyini talançılıqla kompensasiya edən acgöz məmurların həlledici tarixi məqamı düzgün dəyərləndirən Prezident tərəfindən cəzalandırılması aranı qarışdırıb faydalanmaq istəyən qüvvələrə xoş olmasa da, Azərbaycan xalqının maraqları ilə üst-üstə düşür. Ümidləri internet üzərindən yaydıqları ideoloji şər kampaniyalarına qalan, hakimiyyət daxilindəki məmurlar tərəfindən vaxtilə süni surətdə təşkilatlandırılan radikal müxalifət adlı şeylə tənəffüs edən bu zatların arzuladıqları iğtişaş xofunu yaradıb ali vəzifəli şəxsi öz iradələrinə tabe etdirmək və xalqı növbəti labirintə soxmaq planları baş tutmadı. Nəhayət, Prezident İlham Əliyev bu mütəşəkkil dəstə tərəfindən xalqla özü arasında yaradılmış qalın səddi yararaq onların bu bədnam planlarını alt-üst etdi. İndi hər şey xalqın ictimai fəallığından, atılan pozitiv addımları dəsətkləməsindən çox asılıdır.

Hazırda biz alimlərin, ziyalıların, müəllimlərin, həkimlərin – dövlətinə, Vətəninə bağlı, qanunların aliliyini dərk edən hər kəsin öz mövqeyini bildirməsi zamanıdır.

PS. Bəli, Türkiyədə və Avropa ölkələrində müəllimin, həkimin, alimin maaşı bizimkindən bir neçə dəfə artıqdır, həyat şəraiti yaxşıdır. Çünki onların müəllimi, həkimi, alimi, ziyalısı ictimai-siaysi proseslərə bizdəki kimi biganə deyillər. Bu gün bəlkə də dünya tarixində çox az-az rast gəlinən ideal bir situasiya ilə qarşılaşmışıq. Azərbaycan Prezidenti talançıları ifşa edib onlardan üz döndərir, sağlam qüvvələrin rasional fəaliyyəti üçün şərait yaradır. Buyurun, töhfələrinizi verin, fərasətinizi göstərin, səmimi xidmətinizi ortaya qoyun. Bircə, mülklərinizi qorumaq, qanunsuz əməllərinizi ört-basdır etmək, aldığınız rüşvəti sığortalamaq üçün yaltaqlıq etməyin! Qeyrətiniz çatırsa, oğurladığınız milyon və milyardları dövlət fonduna qaytarın ki, xalq sizi əfv etsin!

İdris Abbasov

Professor İdris Abbasov

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »