Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmirliklərlə İsrailin “arasına girən” F-35 təyyarələri

Avqustun 13-də ABŞ prezidentinin vasitəçiliyi ilə reallaşan İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı barışıq cəmisi 12 gün çəkib. İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərinə 5-ci nəsil müasir F-35 qırıcıları satılmasına qarşı çıxması iki ölkə münasibətlərinə kölgə salıb.

Netanyahu bu hərəkətini BƏƏ-nin və ümumilikdə ərəb ölkələrinin İsrail qarşısında güclənməsi təhlükəsi ilə izah edib. Ancaq bu addım BƏƏ-də sərt etriaz doğurub və rəsmi Əbu Dabi cümə günü keçirilməsi planlaşdırılan ABŞ, BƏƏ və İsrail üçlüyünün toplantısını ləğv edib.

Xatırladaq ki, avqustun 13-də ABŞ prezidenti Donald Tramp elan edib ki, BƏƏ və İsrail arasında münasibətləri normallaşdırmaqla bağlı razılaşma əldə olunub. Bununla da Əmirlik İsraillə diplomatik əlaqələrə malik 3-cü ərəb ölkəsi olub. Bu razılaşma ərəb ölkələrində və dünyada rezonans doğurub. Bir neçə ərəb ölkəsi bu addımı müsbət qarşılayıb, Misir, Bəhreyn və Oman isə Əmirlikləri rəsmi şəkildə təbrik edib. Ancaq Fələstin administrasiyası, eləcə də Türkiyə və İran bu qərarı sərt tənqid edib. Hətta İranla BƏƏ arasında əvvəlcə siyasi-diplomatik söz atışması olub, daha sonra isə BƏƏ sahil mühafizəsi iranlılara məxsus balıqçı qayığı atəşə tutub, bir balıqçı ölüb.

İran isə cavab olaraq BƏƏ-nə məxsus tankeri həbs edib.

Ancaq son hadisə göstərir ki, BƏƏ-İsrail anlaşması xeyli kövrəkdir, hər an qırıla bilər. Məsələ ondadır ki, BƏƏ-nə 5-ci nəsil F-35 döyüş təyyarələrinin satışı məsələsi gündəmə gələndə ABŞ prezidenti bu qərarı dəstəkləyib. Ötən həftə ABŞ prezidenti deyib ki, Əmirliklərin F-35 almaq arzusuna müsbət yanaşır, çünki onların bunu almağa pulları var. Hətta Ərəb-İsrail sülh planının (Əsrin müqaviləsi) əsas müəlliflərindən biri, Donald Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner də BƏƏ-nə F-35 satılması qərarını alqışlayıb. O, bunu bir mənada Əbu Dabinin barışıq qərarına əvəz ola biləcəyinə işarə edib.

Lakin görünür ki, İsrailin başqa hesabları da var. Düzdür, İsrail dövləti BƏƏ ilə əlaqələrin qurulmasına böyük önəm verir. Razılaşmadan az sonra İsrail kəşfiyyatının rəisinin Əmirliklərə səfər etməsi, Qırmızı dənizdə hərbi əməkdaşlıq, tibb sahəsində birgə fəaliyyət kimi sahələrdə razılaşmalar hər iki tərəfin maraqlı olduğunu göstərir. Hətta Netanyahu yəhudi liderləri ilə virtual görüşdə bildirmişdi ki, ilin sonuna qədər BƏƏ-nə səfər etməyi planlaşdırır.

Düzdür, BƏƏ-dən əvvəl İsrail 1979-cu ildə Misirlə, 1994-cü ildə isə İordaniya ilə normallaşma müqaviləsi imzalayıb, hazırda bu ölkələrlə siyasi-diplomatik əlaqələr mövcuddur. Lakin körfəz ölkəsi BƏƏ ilə razılaşma Ərəb-İsrail barışığında mühüm səhifə ola bilər.

Birincisi, bu razılaşma arxasınca digər ərəb ölkələrini gətirəcək. Artıq sırada Bəhreyn, Oman və Sudan var. Bu ilin sonuna qədər Sudanla İsrail barışıq razılaşması imzalaya bilər.

İkincisi, bu razılaşma ilə İsrail Fars körfəzinə, yəni İranın qonşuluğuna çıxış əldə etmiş olur. Bu, İsrail üçün İrana qarşı mübarizədə böyük fürsət ola bilər.

Bundan başqa bir sıra regional layihələrdə də İsrail üçün əlavə imkanlara yarana bilər.

Lakin bütün bunların fonunda risklər də qalır. İsrail bir ərəb ölkəsinin ən müasir qırıcıları alaraq regionda hərbi balans yaratmasını istəmir. Hələlik F-35 Yaxın Şərq regionunda yalnız İsrail ordusunda var və bu ciddi üstünlük təmin edir. BƏƏ regionun Misir və Səudiyyə Ərəbistanı ilə yanaşı silahlanmaya ən çox pul xərcləyən ölkələrindən biridir. Bu ölkənin silah arsenalında müasir ABŞ silahları, o cümlədən hələ də planetin ən güclülərindən hesab olunan F-16 döyüş təyyarələri mövcuddur. BƏƏ-nin böyük miqdarda F-35 alması İsrail üçün narahatlıq yaradır. Görünür ki, İsraildə BƏƏ və digər ərəb müttəfiqlərinə o qədər də etibar etmir, dostluğun qəfil düşmənçiliyə çevrilməsi riskindən ehtiyat edirlər.

Yeri gəlmişkən, BƏƏ ABŞ-dan F-35-lərlə yanaşı ən müasir hücum PUA-ları almağa çalışır ki, bu da əlavə narahatlıq mənbəyidir. Lakin ABŞ məsələyə daha təmkinli yanaşır. Hazırda ABŞ dövlət katibi ərəb ölkələrində səfərdədir. Dünən İsrailə gedən Mayk Pompeo bu gün və qarşıdakı günlərdə körfəz ölkələri və bir neçə Afrika ölkəsində olacaq. Pompeonun bu məsələdə ortaq mövqe tapmağa çaılışacağı gözlənilir.

BƏƏ-nə silah satışı mövzusu dünən İsraildə mətbuat konfransı keçirən Pompeonun gündəmində olub. Pompeo BƏƏ-nə F-35 satışı məsələsində “qapıları açıq” saxlayıb. Dövlət katibi deyib ki, ABŞ-ın İsrailin silah üstünlüyünü təmin etmək öhdəliyi var və buna əməl edəcək. Eyni zamanda Vaşinqton BƏƏ ilə 20 ilə yaxındır davam edən təhlükəsizlik sahəsində əməkdaşlığı qoruyub saxlamaq, İran təhdidinə qarşı xalqını qoruması üçün BƏƏ-nə ehtiyacı olan silah və texnikanı təmin olunmasını gözdən keçirməyə davam edəcək. Lakin Pompeo əlavə edib ki, bu prosesi İsrailə verdikləri sözə əməl etmək şərti ilə yerinə yetirəcəklər.

BƏƏ və İsrail arasındakı razılaşmanı qorumaq missiyası Vaşinqton üzərindədir və görünən odur ki, Pompeo razılaşmanı qoruyub saxlamaq üçün tərəfləri ortaq mövqeyə gətirəcək. Aydındır ki, İsrail tərəfi də BƏƏ ilə barışığın “beşikdə boğulmasını” istəmir. Lakin görünən odur ki, Ərəb-İsrail barışığı xeyli dərəcədə kövrəkdir və ən əsası tərəflər bir-birinə etibar etmir. Bu isə müttəfiqlik üçün ən həssas məsələdir.(oxu.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »