Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Köhnə qvardiya" üçün yeni reallıqlar

Siyavuş Novruzov YAP icra katibinin müavini postundan istefa verib. Bu, gözlənilən idi. Çünki MEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda o qalmaqallı iştirakından və sonra da: "İştirak eləmişəm, düz eləmişəm" açıqlamasından sonra onun bu istefaya məcbur qalacağı bəlli idi. Çünki o, ən böyük siyasi səhvi toya getməklə etmiş, sonra da iştirak etməklə düz etdiyini deməklə ikinci siyasi səhvə yol vermişdi.

Siyavuş Novruzovun: "Düz etmişəm" açıqlaması ilə Ramiz Mehdiyevin kürəkəni, gəlin atası İlham Əliyevin: "Heç kim bizim işimizə qarışa bilməz" təhdidi ilə eyni şeydir. Yəni dövlətə meydan oxumaq. Üçüncü böyük siyasi səhv Siyavuş Novruzovun öz həyat yoldaşı (ombudsmen) Səbinə Əliyevanı da özü ilə o toya aparmasıdır. Və nəhayət, dördüncü, ən bağışlanmaz siyasi səhv isə, onun özünü xilas etmək üçün Prezident və YAP sədri İlham Əliyevin adınl bu məsələyə qatması oldu. Dedi ki, Akademiya prezidenti onu aldadıb: "Ramiz Mehdiyev bizi dəvət edəndə Prezidentin adını çəkdi, elə bildim, Prezidentin razılığını alıb".

Bu, Prezidentin qanunçuluğun qorunmasının təminatı olmasına kölgə salan çox ciddi siyasisəhv idi. Çünki pandemiya şəraitində toyların keçirilməsinə qadağa qoyularkən hökumət əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması haqqında qüvvədə okan qanunlara əsaslanıb. O qanunları Milli Məclis qəbul edib və altında Prezidentin təsdiqləyici imzası var.

Siyavuş Novruzov Prezidentin və onun təmsil olunduğu partiyanın sədrinin qanunu pozmaq üçün kiməsə icazə verə biləcəyini düşünübsə və üstəlik bunu publik deyibsə, o, nəinki YAP-da post tutmaq, eləcədə, Milli Məclisdə YAP adından deputat mandatı daşımaq haqqını və imkanını itirib. Eləcə də, Səbinə Əliyeva ombudsmen vəzifəsi daşımaq haqqını itirib; dövlətin qanunçuluğa nəzarət mexanizmlərindən birinə rəhbər təyin olunmuş şəxs özü qanunçuluğa, yəni dövlətə və dövlət başçısına qarşı çıxıb. Buna görə o vəzifədə qala bilməz. Odur ki, Siyavuş Novruzovun Milli Məclisdəki vəzifələrindən də uzaqlaşdırılacağı gün kimi aydındır.

Bu arada Prezidentin keçmiş köməkçisi Əli Həsənovun toydan qabaq qəflətən ölkəni tərk edib Türkiyəyə müalicəyə getməsi də maraqlıdır. Görünür, ona da toydəvəti gəlib. Türkiyəyə getmək qərarı verməklə - belə bir zamanlama ilə Həsənov Ramiz Mehdiyevin dəvətini qəbul etmədiyini, məsafə saxlamağa çalışdığını göstərmək istəyib. Ya da, doğrudan, məsafə saxıayır.

Bu hadisələr, Əli Əhmədov da daxil olmaqla YAP rəhbərliyində post tutan, Siyasi Şurada, Mərkəzi Şurada, bütün partiya strukturlarında təmsil olunan "köhnə qvardiya"çıların uzaqlaşdırılması ilə nəticələnəcək. Çünki heç kimə sirr deyil ki, YAP-ın cari idarəçiliyini də Ramiz Mehdiyev həyata keçirib. Əli Əhmədov və başqaları bu gün yeni hakimiyyət konstruksiyasında özlərinə yer axtarsalar da (hətta yer tapmış kimi görünsələr də), onların siyasi zamanı çoxdan dolub.

YAP Siyasi Şurasının üzvləri- Əli Həsənovlar, Abutalıbov, Abel Məhərrəmov və başqaları artıq hakimiyyət partiyasının faktik siyasi keçmişidir. Yeni formalaşan texnokrat hökumət komandasına da YAP-ın təsiri ya tamam yoxdur, ya da yox dərəcəsindədir. Bu baxımdan, YAP-ın tamamilə yenidən siyasi-təşkilati formatlanması sürətləndi. Ramiz Mehdiyevin Akademiyada və YAP-da tutduğu legitim postlardan şəxsi siyasi iddialarını reallaşdırmaq üçün istifadə etmək cəhdləri də buna səbəb oldu.

Beləliklə, Siyavuş Novruzovun YAP rəhbərliyindəki postundan istefası, sadəcə, onun gedişi deyil. Bu, hakim partiyanın yenidən təşkilinin başlanğıcı və ya daha genişmiqyaslı davamı olacaq. Hətta hakim partiyanın rebrendiqi və yenidən yapılanması da mümkün versiyalardandır.

Bizimyol.info
Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »