Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyevanın toyu gündəmin əsas müzakirə mövzusu olaraq qalır.
Həmin şadlıq məclisində qonaq qismində iştirak edənlərin bir neçəsinin kimliyi mərasimdən yayılan kiçik videodan ictimaiyyətə bəlli oldu.
Bizimyol.info-ya məlumat verən mənbə həmin məclisdə bəzi generalların, o cümlədən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyevin də iştirak etdiyini bildirmişdi.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev Bizimyol.info saytına açıqlamasında MEA Prezidenti Ramiz Mehdiyevlə qohumluq əlaqələri və onun nəvəsinin toyunda iştirak etdiyi haqda məlumatı təkzib edib: "Mənim Ramiz Mehdiyevlə heç bir qohumluq əlaqəm olmayıb və yoxdur. Nə qan qohumluğu, nə başqa formada qohumluğu. Heç bir şəkildə qohum deyilik. Ümumiyyətlə, onu həyatda görməmişəm, şəxsi tanışlığımız belə olmayıb.

Rafael Mehdiyev
Yalnız Prezident Administrasiyasının rəhbəri, ulu öndər Heydər Əliyevin silahdaşı kimi ona da dövlət etikası çərçivəsində hörmətimiz olub. Ancaq dövlət işində işlədiyi dövrdə də, ondan sonra da hər hansı kontaktımız olmayıb və yoxdur. O ailə ilə heç bir tanışlığım da yoxdur. Ramiz müəllimin kürəkəni İlham Əliyevi də, sadəcə, Milli Məclisin deputatı kimi tanımışam. Yaşadığı ünvanı belə tanımıram. Mənim Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməyim haqda məlumat kökündən yanlışdır. Mən o toyda olmamışam. Bununla bağlı məlumat həqiqətə uyğun deyil".
Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyeva və Səid Mustafayevin şadlıq məclisi Novxanıda avqustun 18-də bağ evində baş tutub. Evin sahibi isə Fidan Əliyevanın atası, keçmiş deputat İlham Əliyevdir.
İlhаm ƏliyevŞadlıq məclisi ilə bağlı videogörüntülər sosial mediada yayılandan sonra hər iki gəncin ataları - həm İlham Əliyev, həm də qudası Rövşən Mustafayevə avqustun 23-də 15 sutka inzibati həbs cəzası verilib.
Eyni səbəbdən məclisdə iştirak edən tanınmış qonaqlar, musiqiçilər də cərimələnib.

Onların arasında Bakı Dövlət Universitetinin keçmiş rektoru, hazırda isə üzvi kimya kafedrasının müdiri olan Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, onun müğənni həyat yoldaşı Aysel Teymurzadə, deputat Siyavuş Novruzov və xanımı, Ombudsman Səbinə Əliyeva da var.






