Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: Yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür

Yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra energetiklərlə görüşündə bildirib.

“Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz birinci növbədə bu məsələ ilə məşğul olmağa başlamışdıq. Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır. O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib. Mən onların arasında əlbəttə ki, böyük stansiyaları xüsusilə qeyd etmək istərdim. Çünki bu stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyəyə çatdıra bilməzdik. Yadımdadır, birinci regional inkişaf proqramı qəbul olunandan sonra 525 meqavat gücündə “Sumqayıt” Elektrik Stansiyası tikildi. Ondan sonra digər stansiyalar - təxminən 800 meqavat gücündə “Cənub” stansiyası, 400 meqavata yaxın gücü olan “Şimal-2” stansiyası, generasiya gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyası. Ölkəmizin müxtəlif yerlərində modul tipli beş stansiya tikilmişdir ki, o stansiyaların hər birinin generasiya gücü təxminən 90 meqavatdır.

İndi təsəvvür edin, əgər bunlar tikilməsəydi, bu gün biz yenə də əvvəlki illərdəki kimi, idxaldan asılı vəziyyətdə olacaqdıq və öz enerji təhlükəsizliyimizi təmin edə bilməyəcəkdik. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik. Eyni zamanda, bizdə güclü ixrac potensialı yaranmışdır. Daxili tələbatımızın artmasına baxmayaraq, bizim ixrac potensialımız ildən-ilə artır. 2004-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız və o cümlədən sənaye potensialımız üç dəfədən çox artmışdır. Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, eyni zamanda, itkilər də azalmaqdadır”, - deyə dövlətimizin başçısı qeyd edib.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Prezident işğaldan azad olunan ərazilərimiz barədə xəbər paylaşıb
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
Son xəbərlər
Bütün xəbərlər »