Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovu "tərcümə" edərkən...

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun "Trud" qəzetinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi və xüsusilə də, Tovuz hadisələri ilə bağlı dediklərini Azərbaycan mətbuatı "sensasiyalı açıqlamalar" kimi təqdim edib.

Azərbaycanın da daxil olduğu geosiyasi məkanı və Rusiyanı yaxşı bilməyənlər üçün sensasiyalı sayıla bilər. Ancaq bizə bu bəyanat 1996-cı ildə Bakının "Nərimanov" və "Ulduz" stansiyaları arasında çoxlu insan tələfatı ilə nəticələnmiş terror aktından dərhal sonra Rusiyanın Azərbaycandakı o zamankı səfiri Valter Şoniyanın Prezident Heydər Əliyevlə görüş istəməsini və Azərbaycan dövlətinin başçısına RF Prezidenti Boris Yeltsinin "Zapiski Prezidenta" kitabını hədiyyə etməsini xatırlatdı.

Lavrovun bəyanatını da üç cümlə ilə rezyüme etsək, bunu demək istəyib: 1.Tovuz hadisələrini Ermənistana Rusiya sifariş edib; məqsəd Azərbaycanı öz boru kəmərləri ilə "sıxmaq" olub ki, Rusiyanın Avropada və Orta Şərqdə geosiyasi və geoiqtisadi maraqlarına hər hansı maneə törədəcək addımlar atılmasın; 2.Ermənistanda "inqilab" olmuş, hakimiyyət dəyişmiş ola bilər, ancaq Rusiya üçün Ermənistan forpost olaraq qalıb və bundan sonra da Rusiyanın maraqlarına oynayacaq; 3.Rusiya istədiyi vaxt müharibəni başlada, istədiyi vaxt atəşi dayandıra bilər.

Əslində bu bəyanat həm Azərbaycana, həm Ermənistanın özünə, həm də Türkiyəyə təhdid sovurmaq idi. "Bəzilərinin əsassız aşırı reaksiyası" deyəndə Lavrov Türkiyəni nəzərdə tutaraq: "Cənubi Qafqaza Rusiya istəmədən heç kim gələ bilməz" deməklə yanaşı Ermənistana: "Rusiya olmasa, Türk əsgərinin çəkmələri altında qalarsan" mesajını da vermiş olub. Burda Azərbaycan üçün "təsəlli" olacaq məqam Lavrovun: "erməni tərəfin Azərbaycan boru kəmərlərinin 15 kilometrliyindəki köhnə sərhədyanı nəzarət-buraxılış məntəqəsini reanimasiya etmək qərarı" ifadələrini işlətməsi ola bilər. Yəni Rusiya hücumun Ermənistan tərəfdən başladıldığını etiraf edib. Ancaq bunun da içində "köhnə sərhədyanı NBM-in reanimasiya olunması" ifadəsi var və bu, dolayısı ilə Ermənistana haqq qazandırmaq cəhdidir. Yəni erməni tərəfin itirdiyini qaytarmaq istəməsi kimi trivial mesaj ötürüb. Azərbaycan Prezidenti Tovuz hadisələri günlərində Ermənistan SQ-in boru kəmərlərinin keçdiyi ərazi yaxınlığında yeni mövqelər ələ keçirmək istədiyini demişdi. Yəni bir nöqtədə hadisələrin şərhinin Azərbaycan və Rusiya versiyaları örtüşür, bir nöqtədə fərqlənir. Bu müsahibə Ermənistana dolayı haqq qazandırma çabasıdır. Ermənistanın Azərbaycana hücum etdiyini dediyi yerdə hər "iki tərəfdə ictimai məkanın qızışması" ifadəsini işlədir; həmişəki kimi işğalçı ilə zərərçəkən arasında fərq qoymur. Eyni zamanda Ermənistanın işğalçı hərəkətinə Azərbaycanın reaksiyasını "ifrat" adlandırır. Sənin sərhəddinə hücum edib kəndlərini atəşə tuturlarsa, bunu edənlərə "afərin, xoş gəldin" deyəcəksən?! Bu, ona bənzəyir ki, Çin Vladivostoka hücum edib, Rusiya cəmiyyəti hiddətlənib. Tutaq ki, Yaponiya durub deyir ki, rus ictimai məkanı Çinə qəzəblənməsəydi, Çin Vladivostoku vurmazdı". Bu qədər absurd! Türkiyənin "əsassız reaksiyası" məsələsinə gəlincə, necə olur ki, Rusiya işğalçı dövlətə, keçmiş prezident Sarkisyanın dediyinə görə, 50 min ton silah göndərəndə əsaslıymış, amma Türkiyə işğala məruz qalan qardaş və müttəfiq Azərbaycana dəstək çıxanda bu, "əsassız" imiş?! Burda da məntiq yoxdur.

Əlbəttə, öz doğma qardaşının - ukraynalının üstünə silahla gedən dövlət Türkiyəni anlamaqda "çətinik çəkir".

Bütun bunların fonunda ən narahatedici olan bir dövlətin Azərbaycana qarşı eyni vaxtda həm düşmən olması, həm dost görünməsi, həm qızışdırıcı, həm barışdırıcı rollarında çıxış etməsi, tərəfləri toqquşdurub onlar arasında guya vasitəçilik etməsidir. Bu lap hardasa elə Yaxın və Orta Şərqdə bir əməli gizlicə törədib, sonra nümayişkaranə öz üzərinə götürənlərin davranışına bənzədi. Həm də bunu ATƏT çətiri altında təkbaşına edə bilməsidir. Və bütün bunların fonunda bizim Bakı buxtasında rus gəmilərini görəndə ekstaza gəlməyimiz, rus matrosunun qarşısında Putinin çaldığı havaya oynamağımız şəxsən məni dərindən yaraladı...

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »