Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uşaqların sağlam qidalanması üçün uşaqpulunun bərpa edilməsinə ehtiyac var”

Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər. Belə ki artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılıb.

“Uşaqpulu bərpa olunsun!” kampaniyasının müəllifi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu Bizimyol.info-ya açıqlamasında bildirib ki, ölkəmizdə uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək məsuliyyətli, mənəvi qüvvə və böyük xərc tələb edən bir işdir.

Elyar İslamoğlu Elyar İslamoğlu

Gənc alim bildirib ki, uşaqpulunun verilməsi və yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətin artırılması ilə bağlı dəfələrlə Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Milli Məclisinə müraciət ediblər: “Rusiya, Türkiyə, Fransa, Qazaxıstan, Finlandiya, İsveç, Ukrayna, Belarusiya, Latviya, Avstriya, ABŞ, Böyük Britaniya, Macarıstan, Bolqarıstan, Rumıniya, Almaniya, Belçika, Hollandiya, Polşa, İtaliya, İspaniya və digər bir çox ölkələrdə uşaq pulu verilir və yeni doğulan uşağa verilən birdəfəlik müavinətin miqdarı da yüksəkdir. Hətta Hindistan kimi əhali sayının artırılmasında maraqlı olmayan ölkədə hamilə və yeni doğum etmiş qadınlara yaxşı qidalanması üçün ərzaq və müəyyən miqdarda pul yardımları da edilir.

Azərbaycanda uşaqpulunun hansı formada verilməsi məsələsi ətrafında illərdir ki, müzakirələr davam etsə də, yekun qərar verilmir. Təsəvvür edin, uşaqlar doğulur, böyüyür, ailə qurur, valideyn olur, onların da uşaqları dünyaya gəlir, amma uşaqpulunun Milli Məclisdə müzakirəsi yekunlaşmır. Hər dəfə kommunal xidmətlər (işıq, qaz, su), nəqliyyat və digər xidmətlərində qiymət artımı olanda, rəsmilər bunu xarici ölkələrlə müqayisə edirlər, həmin xidmətlərin orada da baha olması barədə arqument gətirirlər. Amma həmin xarici ölkələrdə uşaqların təminatı, onlara verilən birdəfəlik müavinət, aylıq uşaqpulu nədənsə bizim ölkəmizlə indiyədək müqayisə edilməyib”.

Gənc alim bildirib ki, ölkəmizdə yeni dünyaya gələn hər uşağa görə hal-hazırda ailəyə 200 manat müavinət verilir: “Birdəfəlik verilən bu müavinətin miqdarı o qədər azdır ki, heç körpənin bir neçə aylıq bezinin xərcini belə ödəmir. Ailələrdə uşaqların sayının artırılması, xüsusən də yaxşı təhsil alması, sağlam qidalanması üçün uşaqpulunun bərpa edilməsinə ehtiyac var. Uşaq pulu verilmədiyi üçün əvvəlki illərdən fərqli olaraq Azərbaycanda ikidən artıq uşaqlı ailələrin sayı minumuma enib. Eyni zamanda qeyd edim ki, ailələrin böyük əksəriyyətində uşaqların sayı 1 və ya 2-dir.

Uşaq pulunun bərpası həm də ona görə lazımdır ki, bugün maddi vəziyyəti yaxşı olmayan, imkansız ailələrdə ana düzgün qidalana bilmir və buna görə də uşaq ana südü ilə təmin olunmur. Uşaq qidaları da çox bahadır. Uşaqların sağlam qidalanaraq böyüməsi, normal inkişaf etməsi üçün uşaq pulunun bərpasına çox böyük ehtiyac var”.

E.İslamoğlunun sözlərinə görə, artıq aylardır ki, koronavirus bəlası ilə üzləşən vətəndaşlar işlərini itirib, müflisləşiblər: “Pandemiyadan sonra sosial vəziyyəti daha da ağırlaşan ailələrə belə bir yardımın verilməsi təbii ki, böyük dəstək olacaq.

Bir uşağın xərclərinə nəzər salaq:

Hamilə qadın doğuma qədər hər dəfə müayinə üçün: həkim qəbulu ən az 30 Azn, UZİ - 30-60 Azn, analizlər 60-150 Azn; uşağın doğulma xərci: rayonlarda 400-500 Azn, paytaxtda 800-1200 Azn; yeni doğulan bir uşağa lazım olan ləvazimatlar: çarpayı, uşaq arabası, uşaq bezi, geyimlər, əmzik, süd butulkası, uşaq yataq dəsti və s. (600-800 Azn); 6 aylıqdan 3 yaşına kimi uşağa hər ay lazım olan qidalar və ləvazimatlar: meyvə, ət, süd məhsulları, yumurta, çörək, geyim, uşaq bezi, oyuncaqlar, vitaminlər və s. (ayda 200 Azn). Buraya baxça, məktəb xərcləri də əlavə olunarsa, hər ay böyük bir xərc tələb olunur.

Son olaraq demək istəyirəm ki, uşaq pulu ilə bağlı müzakirələri bitirib, nəhayət ki, yekun qərar verməyin vaxtıdır. Uşaq pulu qısa zamanda bərpa olunmalıdır”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »