Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sözün Kəraməti...

Yazıçı Kəramət Böyükçölün yaradıcılığına çox da dərindən bələd deyiləm. Daha çox köşə yazılarını, aldığı və özü verdiyi müsahibələrini oxumuşam.

Bir dəfə də məndən müsahibə almışdı, amma ertəsi gün işlədiyi saytdan işdən çıxdı, o müsahibə də ikimizin, fotomüxbirin və diktofonun yaddaşında qaldı. Mənə çox çətin və sərt saydığı bütün suallarını vermişdi deyə, o müsahibənin dərc olunmasını çox istəyirdim və gözləyirdim. Maraqlı söhbət idi. Ancaq buna görə Kəramətdən incimədim. Ən azı bu müsahibə ona soruşmaq istədiyini soruşmaq, mənə də soruşulanlara cavab vermək imkanı vermişdi. Mən deyə bilmərəm, Kəramət necə yazıçıdır. Ancaq bir jurnalist və publisist kimi maraqlı qələmi var. Sözə görə yazıçını, jurnalisti tutmazlar. Əgər o, təhqirə, böhtana yol veribsə belə, bunun qarşılığı cinayət təqibi olmalı deyil məncə. Sözə sözlə cavab vermək lazımdır. Bu baxımdan, Cemaleddin H. Quliyevin yazısını bəyəndim. Razılaşmadığım məqamlar olsa da belə. Sözə sözlə, fikrə fikirlə cavab vermək lazımdır. Biri fikir deyirsə, hətta onunla razılaşmırsansa belə, bu, fikir sahibinə dəyənəklə, ya qandalla cavab vermək üçün əsas deyil. Hə, əgər deyilən söz cəmiyyətin, dövlətin əsaslarını sarsıdacaq gücdədirsə, o zaman onu deyəni cəmiyyətdən təcrid etmək lazım gələ bilər. Bunun da həbsxanadan fərqli yolları var (Desəm, bəd ayaqda ev dustağı etmək olar, fağırın evi də yoxdur). Deməyim odur ki, söz əhlini yeddi qıfıl altına salsan belə, onun silahını - sözü əlindən ala bilməzsən. Onun gücünün qaynağını kəsə bilməzsən. Sözü sözlə yenmək - əsl bacarıq budur.

Mən bilmirəm, Kəraməti həbsə məhkum edəcəklər, ya yox?! Amma biz Kəramətlə və Kəramətlərlə bir cəmiyyətdə yaşamağa məhkumuq. Ona görə bu adamlar bizimlə, biz bu adamlarla, hamımız bu dövlətdə normal insanlar, vətəndaşlar olaraq yaşamağı öyrənməliyik. Kimisə tənqid edəndə də, tərif edəndə də ümumi qəbul olunmuş etiketi gözləmək lazımdır. Spirtli içki içsən də, qazlı-qazsız su içsən də, istənilən halda nə sənin tənqidin qərəzə, təhqirə keçməlidir, nə də tərifin yaltaqlığa, məddahlığa.

İkisi də ifratdır. Mənim də bir balaca qələm, söz adamı kimi dövlətdən xahişim, umacağım budur: Kəramətin sözü həddini aşıbsa belə, onu Sözə bağışlasın. Onu azadlığa buraxsın.

Hər Kəramətdə bir Söz var, hər sözdə bir kəramət var. Onun nəyi və niyə dediyinə də baxmaq lazımdır. Orda bir ağıllı fikir var bəlkə.

Kəramətin özünə də sözüm var: biz içmirik, ölməmişik ki. Nədir bu istedadlı ədəbi gəncliyi spirtə məğlub edən səbəb?! Anlamıram. Bu içkinin daşını atın. Yoxsa Sözün düzünü də desəniz, sizə həmişə daş atacaqlar. Bir də kimsəni təhqir etməyin. Hətta heç kimsəni. Təhqir - acizlərin silahıdır. Sən ki özünü aciz saymırsan...

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »