Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan büdcəsində uşaq pulunun ödənməsi üçün kifayət qədər mənbələr var” - Deputat

“Ölkədə uşaq pullarının verilməsi 2006-cı ildən etibarən demək olar ki, sosial yardımla əvəz olunub. Hesab edirəm ki, Azərbaycanda bəzi ailələrin uşaqları normal qidalanma və hər hansı xəstəliyə görə müalicəsizlikdən əziyyət çəkir. Bunun da başlıca səbəbi odur ki, ailələrdə uşaqların bu ehtiyaclarını qarşılamaq üçün kifayət qədər imkanlar mövcud deyil”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat bildirib ki, Azərbaycanda uşaq pulunun verilməsi barəsində iki əsas fikir müzakirə olunur: “Bir qrup mütəxəssis hesab edir ki, Azərbaycanda əhalinin sayında artım var, buna görə də uşaq pulu verib artımı daha da stimullaşdırmağa ehtiyac yoxdur. İkinci qrup mütəxəssislər isə düşünür ki, Azərbaycanda ailələrə sosial müavinatlar verilir, o cümlədən ünvanlı sosial yardım proqramları həyata keçirilir. Bu sosial yardım isə çoxuşaqlı ailələrə şamil edilir.

Çünki dövlət həm də həmin proqramlar vasitəsi ilə uşaqların sosial müdafiəsini təmin edir. Bütövlükdə ünvanlı sosial yardımın əhatə dairəsi ilbəil genişləndirilir.

Beynəlxaq təcrübəyə nəzər salsaq, uşaq pulunun verilməsinin üç fərqli istiqamətini görmək olar. Bir qrup ölkələr uşaq pulunu ailədəki uşaqların sayına görə müəyyənləşdirir. Belə ki, hansı ölkələrdə demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaq pullarının məbləği azalır. Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə isə uşaqların sayı artdıqca uşaq pullarının məbləği çoxaldılır. Məsələn, Almaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği azaldılır. Amma başqa bir nümunəni Britaniyada və Kanadada uşaqların sayı artdıqca uşaq pullarının məbləği artırılır.

Digər bir yanaşma ondan ibarətdir ki, uşaq pulu ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaqların qayğısını çəkmək üçün uşaq pulu adından ilə vəsait ödənilir. Uşaq pulunun məbləği həm də ailənin gəlirləri ilə tərsmütənasiblik təşkil edir. Ailənin gəlirləri az olanda uşaq pulunu daha da çoxaldırlar. Belə bir yanaşma Avropa ölkələri arasında sırf İtaliyada tətbiq olunur.

Beynəlxalq təcrübədə üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu ödənilmiş verginin bir hissəsinin geri qaytarılması praktikasıdır. Bu praktikadan həm ABŞ, həm Kanada, həm də ki, Avstraliya və Böyük Britaniya istifadə edir. Hesab edirəm ki, bu həm vergi ödənişlərinin stimullaşdırılması, həm də uşaqlara görə vergiyə ödənilmiş məbləğin bir hissəsinin geriyə qaytarılması nöqteyi nəzərindən əhəmiyyət kəsb edə bilər.

Gəlirlər az olanda uşaqlara olan qayğı daha çox olur, gəlirlər çox olanda isə uşaqlara olan qayğı nisbətən az olur. Yəni qayğı deyəndə mən uşaqlar üçün ödənilmiş vəsaitin məbləğini nəzərdə tuturam. Azərbaycan da bu modelə istinad edə bilər. Ölkəmizdə heç də mən bütövlükdə bütün ailələrə uşaq pulunun verilməsini məqbul hesab etmirəm. Düşünürəm ki, bu ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir”.

Deputat bildirib ki, Azərbaycanda uşaq pulunun gəlirliyə bağlanması ilə yanaşı, həm də bu praktikadan istifadə etmək olar: “Uşaq pullarının hesablanmasına gəlincə, bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə bağlı olmalıdır. Və təbii ki, uşaqların sayı ilə əlaqələndirilməlidir. Gəlirləri az olan ailələrdə adətən uşaqların sayı çox olur.

Hesab edirəm ki, uşaq pulu ucdantutma bütün ailələrdəki uşaqlara şamil olunmalı deyil. O ailələr ki uşaqlarının ehtiyaclarını qarşılamaq üçün kifayət qədər gəlirlərə malikdirlər və ya sahibkarlıq fəaliyyətindən qazanclar əldə edirlər, bu ailələrdəki uşaqların ehtiyaclarını valideynlər qarşılamaq imkanındadırlarsa, əlbəttə ki, dövlət bu yükü öz üzərinə götürməli deyil. Amma aztəminatlı təbəqələr, işsizlər, o cümlədən yoxsullar və sağlamlıq imkanları məhdud olan valideynlərin ailəsində böyüyən uşaqların qayğısını dövlət çəkməlidir və dövlət bu uşaqlara sahib çıxmalıdır. Gəlirlərin səviyyəsinə uyğun olaraq uşaq pulu hesablanmalıdır. Gəlirləri az olanların daha çox uşaq puluna ehtiyacı olduğunu nəzərə alaraq onlara daha yüksək məbləğlərdə uşaq pulu verilməlidir. Gəlirləri çox olanlara isə ümumiyyətlə uşaq pulu verilməməlidir. Orta gəlirlilərə isə uşaqların ehtiyaclarını tam ödəmək üçün nisbətən az uşaq pulu verilə bilər. Azərbaycanda bu modelə keçid olarsa, onda Azərbaycan büdcəsi əhəmiyyətli dərəcədə yüklənməz.

Azərbaycan büdcəsində uşaq pulunun ödənməsi üçün kifayət qədər mənbələr var. Büdcədən səmərəli istifadə etsək, hətta büdcə gəlirlərini və xərclərini artırmadan belə biz uşaq pulunu maliyyələşdirə bilərik. Bir sözlə, uşaq pulundan ona həqiqətən ehtiyacı olan uşaqlar faydalanmalıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »