Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan əcnəbi jurnalist qarşısında necə aciz qaldı...

Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin “Hardtalk” verilişinin qonağı olub. O, aparıcı Stiven Sakurun sualları qarşısında aciz qalıb.

Bizimyol.info xəbər verir ki, Sakur əvvəlcə Paşinyan hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ probleminin həllinə ümidin artdığını, amma zamanla bunun yoxa çıxdığını söyləyib. Aparıcı indi Ermənistanın hər hansı problemin öhdəsindən gəlmək iqtidarında olmadığını deyib. Sakur pandemiyanın bu ölkəyə böyük iqtisadi zərər vurduğunu bildirib. Jurnalist inqilabdan sonrakı gözləntilərin özünü doğrultmadığını söyləyəndən sonra Paşinyana suallar vermək üçün Yerevana qoşulub:

- Siz iki il əvvəl hakimiyyətə gələndən sonra böyük ümidlər yaranmışdı. Amma indi buradan Ermənistana baxanda çoxlarının ümidlərinin itdiyini müşahidə etmək olar. Nə baş verib?

- Sizin təəssüratla razılaşmaq olmur. Çünki indi ermənilər demokratik ölkədə yaşayır. 2019-cu ildə iqtisadi inkişafa görə Avropada xüsusi seçilmişik. Beynəlxalq reytinqlərdə yalnız irəliləyişdən danışmaq olar. Beynəlxalq jurnallar iki ildir bizi ilin ölkəsi adlandırır. Əlbəttə, pandemiya bizə mane olub. Amma davam edəcəyik.

- Pandemiya ilə bacara bilməməyiniz məlumdur. Amma keçən ay gördük ki, yenə Dağlıq Qarabağ münaqişəsində iştirak edirsiniz, iki tərəfdən ümumilikdə 17 hərbçi həlak olub.

- Bizim sülh istiqamətindəki səylərimizə Azərbaycan tərəfi lazımı qarşılıq vermir. Çox təəssüf ki, təkliflərimizə istənilən cavabı ala bilmirik.

- Lakin biz iyulda başqa mənzərəni gördük. Erməni silahlıları münaqişənin qarşı tərəfindəki kəndləri atəşə tutmuşdu, 76 yaşlı Azərbaycan vətəndaşı qətl edilmişdi. Bu halda sizin siyasətinizin sülhə xidmət etmədiyi görüntüsü yaranır.

- Hücumu Azərbaycan başlamışdı. Azərbaycan hökumətinin ritorikası öz cəmiyyətinə Dağlıq Qarabağ problemini niyə həll edə bilmədiklərini başa salmağa mane olur.

- Belə başa düşdüm ki, siz qarşı tərəfin döyüşlərə başladığını iddia edirsiniz. Amma tamamilə aydındır ki, siz bir neçə ay ərzində təxribat xarakterli hərəkətlərə yol vermisiniz. Bu da Dağlıq Qarabağ bölgəsindəki gərginliyi artırıb. Məsələn, keçən ilin avqustunda siz Stepanakertə gedib Artxasın – siz oranı belə adlandırırsınız – Ermənistan ərazisi olduğunu demisiniz. Bu açıq-aşkar Azərbaycanı təxribata çəkməkdir.

- (Paşinyan rabitəsiz danışmağa başlayır) Mən beynəlxalq situasiyanı anlayıram. Kim başlayıb... Fasiləsiz yenə və yenə də... Buna görə də biz təklif edirik ki, araşdırma aparılsın. Atəşkəs rejimi pozulur. Mən niyə Artsaxın Ermənistanın ərazisi olduğunu demişəm? Ermənilər 7 min il əvvəldən burada məskunlaşıb. Artsaxın da bu qədər yaşı...

- (Sakur Paşinyanın sözünü kəsir) Cənab baş nazir... Cənab baş nazir, gəlin belə danışaq. BMT-nin Baş Assambleyasının qətnaməsində dəqiq qeyd olunub ki, Azərbaycan ərazisi işğal olunub və erməni suilahlı qüvvələri oradan çəkilməlidir. Amma ora gedərək ərazinin sizin olduğunu deyirsiniz. Belə alınır ki, siz heç də sülh keşikçisi deyilsiniz.

- Sənədlərdə Ermənistan Respublikasından danışılmır. Orada Dağlıq Qarabağ ermənilərinin özünümüdafiə qüvvələri yazılıb. İkincisi, siz reallığa baxmağı təklif edirsiniz. Reallıq budur ki, münaqişə vaxtı orada yaşayanların 18, yox, 19 faizi ermənilərdən ibarət idi (Paşinyan böyük ehtimalla 80-90 faiz demək istəyirdi – red.).

- Sülh prinsiplərinin pozulduğu daha bir məqamı deyim. Ermənistan cənub marşutu üzrə birbaşa Dağlıq Qarabağa yol çəkir. Bu isə Azərbaycan ərazisindən keçir. Mütəxəssislər prosesi beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir. Yol çəkilişini dayandıracaqsınızmı?

- Ermənistan hökuməti Dağlıq Qarabağa heç bir yol çəkmir. Dağlıq Qarabağ hökuməti öz əhalisinin maraqlarından çıxış edərək belə addım atır. Qarabağda insanlar yaşayır. Onların müxtəlif ehtiyacları var. Azərbaycan həmin adamlar üçün təcrid yolu seçib.

Son xəbərlər
Bütün xəbərlər »