Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordenlərini geri verək

Bir müddət bundan öncə Ermənistanın Tovuz avantürasına təhrik edilməsi 1990-cı ilin yanvar hadisələrinə -Sovet qoşunlarının Bakı küçələrində qırğın törətməsinə bənzəyir. Zaman, məkan və bəzi təfərrüatlar fərqlənə bilər.

Hərçənd o zaman hələ Sovet İttifaqı vardı və Azərbaycan da, Ermənistan da o "İttifaq"a daxil idilər. Və o məsum yanvar gecəsi Bakıda öz torpağını, müstəqil yaşamaq haqqını tələb edən silahsız, dinc insanlarımızı gülləbaran edənlər Sovet generallarının Cənubi Rusiya regionlarında ermənilərin sıx yaşadığı ərazilərdən səfərbər etdiyi bığlı-saqqallı rezervistlər idi. O hadisədən sonra Rusiya Azərbaycanı 1993-cü ilə qədər itirdi. Bu dəfə də Tovuzda oxşar xarici avantüra nəticəsində generalımız başda olmaqla çoxlu sayda kiçik-böyük rütbəli hərbçilərimizi, mülki şəxsi itirdiyimiz halda Rusiyanın Ermənistana 400 ton silah göndərməsi səbrimizi tükəndirən hadisə oldu. Üstəlik bu əmələ 4 qonşumuzdan 3-nü (Qazaxıstanı, Türkmənistanı və İranı) qoşub.

Ermənistanı silahlandırıb üstümüzə qısqırtdığı bəs etmirmiş kimi, bizim qonşu dövlətlərlə münasibətlərimizi də pozmağa yönəlmiş addım atıb. Bununla Rusiya Azərbaycanı bu dəfə bəlkə də həmişəlik itirdi və ya itirmək ərəfəsindədir. Bu cür hadisələrin ardında Şimalda bizimlə qonşu olan, iqtisadi və humanitar əlaqələrimizin davam edəcəyi Rusiya qalacaq, ancaq həmin Rusiya dost kimi bizi itirdi. Krım, Donbas üzündən sanksiyalarla üzləşib çətinə düşdüyü vaxt "inqilab" manevri ilə ona arxasını dönən Ermənistanı seçdi, bütün zamanlarda sabitqədəm münasibətlər saxlayan Azərbaycanı deyil. Eləcə də, İran. Rəsmi Tehran da bütün sürəkli təzyiqlərə, təhdidlərə baxmayaraq, Qərbin anti İran sanksiyalarına qoşulmayan Azərbaycana deyil, Sorosun İrəvandakı kuklasına dəstək verir. Qazaxıstanın və Türkmənistanın bu işə qəsdən qoşulması, təbii ki, Türkiyənin bölgəyə gəlişi fonunda yenidən ən azı medianın yaddaşında təzələnmiş "Böyük Türk Zolağı" ideyasını elə media səhifələrinə dəfn etmək cəhdidir və qazax və türkmən qardaşlar Türk Şurasının növbəti toplantısına gəlib nə deyəcəklər?! Hanı Türkmənistan neytral idi?! Hanı qazaxlar repressiya illərində ermənilərdən gördüyü xəyanəti unutmamışdı?! Türk soyundan gələn, müsəlman Qazaxıstan kimi böyük dövlət bu biri tərəfimizdəki balaca, xristian Gürcüstan qədər olmadı?! Hələ İran. Arazın o üzündə sərhəd boyu yaşayan qan qardaşlarımızın başı üzərindən Ermənistana silah daşınmasına icazə verdi. O qardaşlarımızın da buna baş qaldırması lazım.

Ancaq əsas təqsirkar, təbii ki, Rusiyadır. Və biz hamılıqla bir millət olaraq Rusiyanın bizə qarşı bu addımına etiraz etməliyik. Bu, təbii ki, dinc qaydada, ancaq müxtəlif formalarda ola bilər. 20 yanvardan sonra insanlarımız -kommunistlər, komsomolçular- vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq Sovet İttifaqı Kommunist Partiyasını, komsomolu tərk etdiklərini bildirərək partiya və komsomol biletlərini atıb kütləvi şəkildə yandırmışdılar. Düşünürəm, indi də Rusiya bizə bu düşməncə münasibətini dəyişməsə, Ermənistanı silahlandırmaqdan əl çəkməsə, Rusiyadan, Putindən orden-medal almış hər kəs vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq həmin təltiflərdən imtina etməli, həmin orden-medalları geri qaytarmalıdır. Çünki təkcə dövlətin öz mövqeyini göstərməsi yetməz, cəmiyyət bütövlükdə öz mövqeyini ortaya qoymalıdır. Rusiya Azərbaycanı itirməyi (həm də bu şəkildə -şəhidlərimizin qanı qurumamış) gözə ala bilirsə, biz də buna qarşılıqsız qalmayacağıq. Xeyr, Rusiya ilə vuruşmaq fikrimiz yoxdu, hesab soruşmaq haqqımız var.

Biz özümüzü öz gözümüzdə kiçiltsək, başqasının gözündən heç görünməyəcəyik.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »