Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan üzündən istintaqa cəlb olundum"
Bahəddin Həziyev: "Rusiya işğalçını dəstəkləməklə tərəfsizliyini itirib"

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngində qaldırdığı məsələlər ətrafında müzakirələr gedir. Buna səbəb telefon danışığında Prezident Əliyevin Rusiyadan Ermənistana silah-sursat verilməsinə rəsmi Bakının adekvat reaksiyasıdır. Ötən ayın ortalarında Ermənistanın Tovuz rayonu istiqamətində hücum cəhdi və Azərbaycanın biri mülki şəxs olmaqla 12 nəfər itirməsi, sərhədyanı bölgələrimizin atəşə tutulması fonunda Rusiyanın təcavüzkar dövləti silahlandırmaqda davam etməsi Azərbaycan cəmiyyətində və hökumətində ciddi narazılıq və narahatlıq doğurur. Azərbaycan Prezidenti də Rusiyalı həmkarı ilə söhbətində ölkəsinin milli maraqlarından çıxış edərək ortaya prinsipial mövqe qoyub.

Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı zamanında jurnalist araşdırmaları aparmış publisist, siyasi analitik Bahəddin Həziyevlə bu mövzunu müzakirə etdik.

Bahəddin Həziyev Bahəddin Həziyev

- Rusiyanın Ermənistana yenidən əlavə silah-sursat verməsi nə ilə bağlıdır? Türkiyə ilə Azərbaycanın birgə təlimlərinə cavab olaraq bu addımın atıldığını iddia edənlər də var. Bunlar nə dərəcədə əsaslıdır?

- Bəli, bu, Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının son bir ayda çox sürətlə inkişaf etməsi fonunda baş verir. Ermənistan narahatlığını açıq bildirir. Narahat olmağa əsası da var; Azərbaycan Türkiyəni özünün 1 nömrəli tərəfdaşı elan etdi. Türkiyə də ən son milli müdafiə naziri, ordu generalı Hulusi Akarın Azərbaycana səfəri ilə tərəfdaşlığı yeni və daha yüksək mərhələyə daşıdığını göstərdi. General Akar açıq mətnlə dedi ki, Ermənistanın təcacüzkar siyasətinə qarşı Türkiyə sonuna qədər Azərbaycanın yanındadır. Təbii ki, Ermənistan Rusiyanın regionda Azərbaycana və Türkiyəyə qarşı təzyiq aləti olduğu üçün Azərbaycan-Türkiyə tərəfdaşlığı artdıqca Rusiya da öz alətini itirmək təhlükəsi hiss edir və reflektiv reaksiya verir.

-Ancaq bu proses yeni deyil. Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı çox araşdırmış, çox yazmısınız. Hətta, bildiyimiz qədər, bu yazılara görə istintaqa cəlb olunmusunuz. Buna səbəb nə idi?

- Doğrudur, mən "Azadlıq" qəzetində redaktor müavini olaraq dərc etdiyim yazıya görə 1993-cü ilin dekabrından 1994-cü ilin fevralına qədər o zamankı Milli Təhlükəsizlik Nazirliyində istintaqa cəlb olunmuşdum. Bizi qarşı müharibə dövründə dövlət sirrini və hərbi sirri yaymaqda ittiham edirdilər. O zaman milli təhlükəsizlik naziri Rusiyaya çox bağlı adam olan Nəriman İmranov idi. Əgər o iş üzrə təqsirli bilinsəydik, o zaman qüvvədə olan ölüm cəzasına və ya ömürlük həbsə məhkum ediləcəkdik.

- Yəni faktik olaraq həyatınızı ortaya qoymuşdunuz demək. Sizi konkret olaraq nədə günahlandırmışdılar?

- Məni və həmkarlarımı Rusiyanın Ermənistana qanunsuz və əvəzi ödənilmədən silah-sursat verməsi haqda məlumatları yaymaqda ittiham edirdilər. Tam bir absurd! Mən elə ilk gündən müstəntiqlərə dedim: "Bəli, mən etiraf edirəm ki, dövlət sirrini və hərbi sirri yaymışam. Ancaq Azərbaycanın deyil, Rusiyanın və Ermənistanın dövlət sirrini və hərbi sirrini yaymışam. Ona görə də siz mənə Azərbaycanın deyil, Rusiyanın və Ermənistanın qanunları ilə ittiham irəli sürəcəksinizsə, buyurun".Bu tezisim qarşısında istintaqın qurduğu və ya qurmaq istədiyi ittiham konstruksiyası dağılmağa məhkum idi. Həm də ona görə ki, biz bunu özümüzdən yazmamışdıq; rəsmi sənədlərə, sənədli sübutlara əsaslanmışdıq. İstintaq 3 ay çəkdi və mənə məlum olmayan səbəbdən bağlandı. Ancaü 1997-ci ildə bu məsələ haqda Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin çıxışlar etmişdi; Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah-sursat verdiyini demişdi. Çox keçmədi ki, Roxlini güllələyib öldürdülər. Həmin vaxt eyni və ya oxşar məsələləri Azərbaycanda akademik Ziya Bünyadov da qaldırmışdı. Onu da eyni üsulla qətlə yetirdilər. Lev Roxlinin və Ziya Bünyadovun qətlləri sanki eyni mərkəzdən planlaşdırılmış və icra edilmişdi. Çünki ortaya çıxarılan faktlar çox qorxunc idi; məlum olmuşdu ki, Ermənistana silah-sursat verilməsi o zamankı baş nazir Çernomırdinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kolesnikovun imzaladığı sənədlər əsasında həyata keçirilib. Silah maxinasiyasından əldə olunmuş qeyri-rəsmi vəsait isə Boris Yeltsinin prezident seçkiləri üzrə kampaniyasını maliyyələşdirmək üçün seçki qərargahının rəhbəri Anatoli Çubaysın sərəncamına verilmişdi. Görünür, həmin silah-sursat üçün büdcə vəsaitləri qanunsuz yolla nağdlaşdırılmışdı. O zaman Azərbaycan buna etiraz etmişdi və Rusiyanın təşəbbüsü ilə guya məsələni araşdırmaq üçün Azərbaycan, Ermənistan və Rusiya səlahiyyətli nümayəndələrindən ibarət birgə komissiya yaradıldı. Azərbaycandan bu Komissiyanın həmsədri o zaman baş nazirin birinci müavini Abbas Abbasov oldu. Rusiyanın adamı kimi tanınan Abbas Abbasovun həmsədr olması məsələnin dəfn edilməsi demək idi; o, Azərbaycan hakimiyyətində otursa da, Rusiyanın maraqlarına işləyirdi. Bu günə qədər həmin komissiya ortaya bir iş qoymayıb. Yalnız sonralar Rusiyanın baş hərbi prokuroru Dyemin "Komsomolskaya pravda" qəzetinə müsahibəsində Rusiyanın Ermənistana əvəzsiz olaraq verdiyi silah-sursatın dəyərinin 1 milyard dollar deyil, 1 milyard 500 milyon dollar olduğunu dedi. Ancaq bu fakta da hüquqi və ya siyasi qiymət verilmədi. Bunlar hələ o zaman göstərirdi ki, Ermənistanı silahlandırmaq Rusiyanın dövlət siyasəti olmaqla yanaşı hakimiyyətdə olanların korrupsiya maraqlarına da işləyir. Putin dövründə də heç nə dəyişmədi. Əksinə Ermənistanla hərbi və hərbi-texniki işbirliyi, müttəfiqlik adı altında təcavüzkarı silahlandırmaq xətti davam etdi. Rusiya Ermənistanla hava hücumundan vahid müdafiə sistemi, ümumi qoşun və sair adlar altında bölgədə hərbi varlığını daha da artırıb.

- Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçidirsə, tərəflərdən biri və həm də işğalçı olan Ermənistana niyə bu qədər hərbi dəstək verir?

- Strateji məqsədlər məlumdur: həm Azərbaycanı, həm Ermənistanın özünü, bütün Cənubi Qafqazı öz təsirində və nüfuz dairəsində saxlamaq, Türkiyənin, eləcə də, İranın, xüsusilə, ABŞ-ın Avropa İttifaqının, nəticəsində Şimali Atlantika blokunun bu bölgəyə daxil olmasının qarşısını almaq, Türkiyədən başlayaraq Azərbaycan üzərindən Mərkəzi Asiyaya uzana biləcək türk zolağınna imkan verməmək, Azərbaycanı Rusiyanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cəlb etmək (iqtisadiyyatını, ordusunu nəzarət altına almaq). Bu məqsədləri həyata keçirmək üçün də Ermənistan Moskvaya dəyənək kimi lazımdır. Ona görə də işğalçını silahlandırır. O ki qaldı vasitəçilik məsələsinə, əslində bu məsələyə sırf haqq, hüquq baxımından yanaşsaq, vasitəçilik özü mübahisə doğurur; ortada qatil və zərərçəkən var. Məhkəmə qurulur və hakim də, prokuror da cinayətkarı cəzalandırmaq yerinə cani ilə zərərçəkən arasında vasitəçilik edir. Əlbəttə, bu, məntiqsiz, anlamsız və hətta hüquqazidd əməldir. Düşünürəm ki, ATƏT-in Minsk Qrupu indiki tərkibdə öz tərəfsizliyini itirib. Bu səbəbdən, ya format tamamilə buraxılmalıdır, ya da tərkib dəyişməlidir. Bir halda ki, beynəlxalq hüququ saymayan Ermənistanın tərəfini tutan Rusiya həmsədr ola bilirsə, haqlı tərəf olan Azərbaycan qardaş dövlət -Türkiyə niyə də həmsədr olmasın?! Buna görə də, əlbəttə, Rusiya ilə münasibətləri pozmadan, təbii ki, Ermənistanla bağlı Moskvada hazıtlanan gedişləri də qəbul etməməklə, Türkiyə ilə daha da yaxınlaşmaq doğru xəttdir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »