Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusu bürüyən etirazlar Lukaşenkonu geriyə addım atmağa məcbur etdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə davam etməkdə olan etirazlar zamanı saxlanılanlarla bağlı faktları araşdırmağı tapşırıb. Virtualaz.org xəbər verir ki, bu haqda Belarus parlmentinin yuxarı palatasının spikeri Natalya Koçanova bildirib.

Onun sözlərinə görə, prezident “əmək kollektivlərinin mövqeyini eşidib” və bu istiqamətdə iş aparılmasını tapşırıb. “Artıq bu gün axşam min nəfərdən çox adam icazəsiz aksiyalarda iştirak etməmək barədə iltizam alınaraq buraxılıb, yetkinlik yaşına çatmayanlar valideyinlərinin nəzarətinə təhvil verilib”,-o deyib.

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyalara təhlükəsizlik qüvvələri sərt müdaxilə edib, minlərlə adam saxlanılıb. OMON-un saxlanılanlarla qəddar rəftarı etirazlardan kənarda duran insanları da hiddətləndirib, ötən gün Belarusun bir neçə iri zavodunda işçilər tətilə çıxdıqlarını elan ediblər.

Etirazların böyüməsi daxili işlər naziri Yuri Qarayevi aksiyaların dağıdılması zamanı xəsarət alan təsadüfi adamlara görə məsuliyyəti üzərinə götürməyə, üzr istəməyə məcbur edib.

Son xəbərlər
Bütün xəbərlər »