Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlara verilən 250 manat dövlət yardımına niyə blok qoyulur... - Rəsmi açıqlama

Bizimyol.info redaksiyasına tez- tez sahibkarlardan şikayətlər daxil olur. Elə real həyatda da qonşuda, məhəllədə VÖEN-i olan kiçik sahibkarlar onlara verilmiş 250 manat dövlət dəstəyini ala bilmədiklərini, banklarda həmin məbləğlərin blok edildiyini yazırlar.

Bu gün sahibkar Müşfiq Hüseynov redaksiyamıza bildirb ki, ona verilən 250 manat dövlət yardımına sərəncam verə bilmir, çünki hesabda məhz həmin məbləğə limit qoyulub. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etdik.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Şahin Məmmədov problemi dinlədikdən sonra qeyd etdi ki, “biz vəsaiti Maliyyə Nazirliyinə köçürürük, vəsait hesabdan hesaba keçərək vətəndaşın göstərdiyi bank hesabına yatırılır. Blok kimə qoyulub, biz bunu gərək araşdıraq. Bu vəsait dövlət vəsaitidir, heç bir halda heç kim ona blok qoya bilməz. Ola bilər bankın özü ilə vətəndaşın hansısa problemi yaranır. Hər bir halda belə faktlar olarsa, bizə müraciət olunmalıdır”,

Qeyd edək ki, konkret olaraq Müşfiq Hüseynovun probleminin həllinə gəlincə İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsi tərəfindən Bizimyol.info-ya belə cavab verildi:

"Vergi ödəyicisi Müşfiq Hüseynovun bank hesabına maliyyə dəstəyi xətti ilə köçürülmüş vəsaitin “Yapıkredibank”dan ala bilməməsi və vəsaitin nağdlaşdırılmasına vergi orqanları tərəfindən blok qoyulub-qoyulmaması ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, həmin sahibkarın Dövlət Vergi Xidmətinə ünvanladığı müraciətdə göstərilən “Yapıkredibank”ın Memar Əcəmi filialı üzrə bank hesabına 16 aprel 2020-ci il tarixdə 250 manat dövlət maliyyə dəstəyi vəsaiti köçürülüb. Bankdan əldə edilmiş məlumata əsasən, vergi odəyicisi həmin vəsaiti nağdlaşdırıb. Əlavə olaraq, dövlət maliyyə yardımının 2-ci hissəsi üzrə 250 manat məbləğində vəsait cari ilin 11 avqust tarixində ödəyicisinin bank hesabına köçürülüb. Həmin vəsaitin vergi ödəyicisi tərəfindən əldə edilməsinə hər hansı məhdudiyyət qoyulmayıb. O, bankın müvafiq fililalına müraciət edərək ona uyğun zamanda həmin maliyyə yardımını əldə edə bilər".

Sahibkar M.Hüseynov isə deyir ki, onun hesabına blokun vergi orqanları tərəfindən qoyulmadığına əmindir: "Blok vergi orqanı tərəfindən qoyulmayıb. Buna əminəm. Vergi orqanı vergi borcu vaxtında ödənilmədikdə hesaba blok qoya bilər ki, vəsait daxil olan kimi vergi borcunu tutsun. Bu zaman hesaba bütünlüklə blok qoyulur. Əvvəllər bir dəfə belə halla üzləşmişəm, o vaxt həqiqətən vergi borcunu gec ödəmişdim və borc ödənən kimi blok da götürülmüşdü. Hazırda vergi borcum da yoxdur, təbii ki, vergi bloku da yoxdur. Üstəlik, hətta hesab vergi borcuna görə bloklansa belə, dövlət yardımına şamil edilmir. Qısası, bu, vergi bloku deyil.

İndiki halda blok hesabdakı vəsaitin konkret olaraq 250 manatlıq hisssəsinə qoyulmuşdu. Qalan vəsait "İstifadə edilə bilən limit" kimi göstərilirdi. Vergi bloku belə olmur, o halda tam olaraq hesab hərəkətləri dayandırılır. Bu, vergi bloku deyil.

Həm də mən *0444 nömrəsi ilə bankla əlaqə saxlamışdım. Təbii ki, söhbətimizin audioyazısı bankda saxlanır. Bank əməkdaşı bildirdi ki, dövlət tərəfindən blok qoyulub və bu zaman Mərkəzi Bankın adını çəkdi. Dedi ki, banka yaxınlaşıb onların əməkdaşı ilə müzakirə etməliyəm. Amma ona xatırlatdım ki, ilk dəfə yardım köçürüləndə belə olmayıb. Bununla belə bank əməkdaşı hər hansı əlavə izahat vermədi.

Vergi orqanı banka sorğu verəndən az sonra onlayn qaydada hesabımı təkrar yoxladım və məlum oldu ki, artıq blok aradan qaldırılıb. Təbii ki, vergi orqanlarının müdaxiləsi sayəsində... Amma vergi orqanı hər sahibkar üçün ayrıca araşdırma apara bilməz axı. Bu mənada problemin kütləvi qaydada birdəfəlik həll olunması lazımdır.

Şəxsi fikrimə görə, Mərkəzi Bank dolların bahalaşmasından ehtiyatlanır və bu üzdən də belə böyük manat kütləsinin qəfildən dövriyyəyə çıxmasını əngəlləyir. Amma məncə, məzənnəni sabit saxlamağın başqa yollarını axtarmaq lazımdır."

Son xəbərlər
Bütün xəbərlər »