Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Büdcənin dəyişməsini zəruri edən əsas iqtisadi əsaslarla bağlı deputatdan açıqlama

Xəbər verdiyimiz kimi Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi.

Milli Məclisin deputatı Aydın Hüseynov Bizimyol.info-ya büdcənin dəyişməsini zəruri edən əsas iqtisadi əsaslarla bağlı açıqlama verib.

Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ili çox nikbin iqtisadi-sosial göstəricilərlə başlamışdı və cari ildə ölkəmizdə inkişaf dinamikasının sürətlənəcəyi proqnozlaşdırılırdı: “Ancaq mart ayından sonra dünyada baş verən qlobal təlatümlərin Azərbaycana təsirləri artmağa başladı, xüsusilə də koronavirus pandemiyasının geniş yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb oldu. Dünyanın bir parçası olan Azərbaycan bu proseslərdən heç cür kənarda qala bilməzdi və iqtisadi təzyiqlər ölkəmizə təsirlərini göstərməyə başladı. Xüsusilə də, neft qiymətlərinin kəskin ucuzlaşması ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə səbəb oldu. Eyni zamanda, pandemiya və ölkəmizdə tətbiq olunan karantin rejimi və sosial təcrid tədbirləri işgüzar fəallığın və iqtisadi inkişafın zəifləməsinə səbəb oldu”.

Deputat A.Hüseynov bildirib ki, bütün bu mənfi tendensiyalara baxmayaraq hökumət 2020-ci ilin birinci yarısında bütün iqtisadi-sosial tədbirləri tam uğurla başa vurdu, xüsusilə də büdcə-maliyyə öhdəlikləri artıqlması ilə icra edildi: “Cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24 milyard 124 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır. Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəyə transferti 850 milyon manat, dövlət büdcəsinin sair daxilomaları isə 30 milyon manat artırılıb. Dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58 faizi və yaxud 13 milyard 990 milyon manatı neft sektorunun, 42 faizi və ya 10 milyard 134 milyon manatı isə qeyri-neft sektorunun payına düşür.

Beləliklə, dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatını və ya 50,6 faizini Dövlət Neft Fondunun transferti, 7 milyard 190 milyon manatını və ya 29,8 faizini Dövlət Vergi Xidmətinin daxilolmaları, 3 milyard 830 milyon manatını və ya 15,9 faizini isə Dövlət Gömrük Komitəsinin daxilolmaları təşkil edəcəkdir. Büdcənin 804 milyon manatı (3,3 faiz) büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları olacaqdır. Yəni burada qeyri-neft gəlirlərinin, yəni vergi və gömrük daxilolmalarının həcminin azalmasının əsas səbəbləri koronavirus pandemiyası ilə əlaqədar qeyri-neft sektoru üzrə maliyyə gəlirlərinin azalmasıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »