Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elxan Mehdiyev: "Yeni nazir üçün çətin olacaq..."

Ceyhun Bayramovun təyinatından sonra Azərbaycanın xarici siyasətində yenilkilər olacaqmı sualı bu gün cəmiyyəti narahat edən məsələlərdəndir.

Moderator.az tanınmış konfliktoloq Elxan Mehdiyevdən bu barədə müsahibə götürüb.

- Yeni Xarici İşlər naziri təyin edildi və o da, prezidentin köməkçisi də Azərbaycanın Minsk qrupu çərçivəsində danışıqlara sadiq qaldıqlarını bildirdilər. Nə dəyişəcək indi?

- Nə dəyişəcək hər kəsin verdiyi sualdır. Vəziyyətin dəyişməsinə aparan ortada bir proses yoxdur. Dəyişiklik o zaman olardı ki, Azərbaycan ordusu torpaqların bir qismini, bir neçə strateji rayonu azad edərdi. Bu yoxdursa, o zaman yeni nazir də Elmar Məmmədyarovun “sülh prosesini” davam etdirəcək. “Sülh prosesinin” nədən ibarət olduğu bizlər bilmirik. Biz indi yenidən bu mənasız danışıqlara qoşulmaqla nə etmək istəyirik, mən bilmirəm. Son 27 il danışıqları və son 16 il Məmmədyarov danışıqları nə vermişdi ki? Nə danışılmış bilinmir, hətta indi həm erməni və həm də Azərbaycan tərəfinin dediyi kimi masa üstündə heç bir danışıq mövzusu belə yoxdur. Sağlam məntiq onu deyir ki, Azərbaycan da bu cür danışıqlarda maraqlıdır. Məsələn, ermənilər 2019-cu ilin dekabr ayında Bratislavada ATƏT XİN-nin görüşündə öz rəsmi tələblərini ortaya qoymuşlar və bundan sonra Azərbaycan onlarla nə danışır, mən bilmirəm.

- İndiki nazir danışıqların predmetli sülh danışıqları olmasını istəyir?

- Yazıq Məmmədyarov da substantiv deməklə elə predmetli danışıq deyirdi. Sadəcə onu ingiliscə ifadə edirdi. Əsas məsələ, yeni nazirin və həmsədrlərin həmən prosesə qoşulmasıdır. O da prosesə qoşulmağa hazırdır. Prosesə qoşulduqdan sonra, proses davam edəcək və öz axarı ilə yenə 5-10 il gedəcək. Bir də ki, yeni nazir təzə gəlib və o heç də həmsədrlərin məclisinə yeni qaydalar qoya bilməz, qaydaları həmsədrlər özləri qoyur və qoymağa çalışsa da, məclisi pozan adam ki, qeyri konstruktiv yol tutduğunu deyəcəklər və o da məcbur olub onların dedikləri ilə hərəkət edəcək. Onun işi çətin olacaq. Bu məsələnin çox sayda incəlikləri var. Bu iş beynəlxalq səviyyədə geniş təcrübə tələb edir. Digər tərəfdən vasitəçilik və danışıqlar ayrıca elmdir. Dünya termin davası üstündə qurulub.

Həmsədrlərin yanaşması budur ki, ortada olan Madrid prinsipləri deyilən üç prinsip və altı elementin hamısı eyni hüquqa malikdir, yəni bir prinsipin o birisindən üstün tutulması və ya bir elementin o birisinin əleyhinə irəli çəkilməsi onların ortaya qoyduğu oyun qaydasına görə mümkün deyil. Kim hər hansı prinsipi irəli çəkərsə, o danışıqları pozan anlamına gəlir, yəni əgər Azərbaycan erməni qüvvələrinin işğal bölgəsindən çıxarılmasını tələb edirsə, o zaman bir elementi o birisindən üstün tutduğuna görə Azərbaycan danışıqları pozan tərəf durumuna düşür. Onların yanaşması odur ki, bütün bu məsələlər birlikdə həll olunmalıdır. Birlikdə həll isə mümkün deyil. Bu cür mexanizm erməni tərəfinə sonsuzluğa qədər danışıqlar aparıb torpaqları əllərində saxlamağa imkan verir.

Görünən odur ki, Azərbaycanın ortaya qoyduğu mövqe və iradə yoxdur. Ona görə də, dəyişiləsi bir şey də olmayacaq. Əsas problem odur ki, Azərbaycanın nə sülh variantı var, nə də hərb variantı. Və gedən danışıqlar sülh danışıqları deyil, onun adı işğalı uzatmaq danışıqlarıdır. Əvvəllər ermənilər DQ əvəzinə torpaqları geri verməyə razı idilərsə, indi isə DQ cəhənnəm, heç bir dənə rayonu da geri vermək istəmirlər. Bizim “sülh prosesi”mizin nailiyyəti budur.

Son xəbərlər
Bütün xəbərlər »