Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Elnur Allahverdiyev: “Dövlət müəssisələrinə yatırılan sərmayə dövlətə gəlir gətirməlidir”

“Postpandemiya dövründə milli iqtisadiyyatımızın bərpası istiqamətində ciddi işlər görülməlidir. Prezident İlham Əliyev artıq iki istiqaməti elan edib. Söhbət dövlət müəssisələrinin idarə olunmasında səmərəliliyin artırılması və ümumən iqtisadi liberallaşmadan gedir”.

Bu sözləri Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan iqtisadiyyatının formalaşmasında dövlət müəssisələrinin əlahiddə çəkisi var: “Tək bir faktı qeyd etmək yetərlidir ki, bu müəssisələrin məşğulluq prosesindəki payı 25 faizdir. Onların aktivlərinin həcmi ölkə ÜDM-nə bərabər səviyyədədir. 15 ən iri dövlət müəssisəsini götürsək, görərik ki, onların aktivləri ölkə ÜDM-i qədərdir. Bu müəssisələrin səhmdarının dövlət olması nöqteyi-nəzərindən, məhz dövlət onların müasirləşdirilməsi, idarəçiliyin səmərələşdirilməsi, kapitallaşması, texnoloji baxımdan yenilənməsi prosesini həyata keçirməlidir. Biz pandemiya şəraitində iqtisadiyyatımızın hansı yöndən əziyyət çəkdiyini gördük. Eyni zamanda şahidiyik ki, bu böhranda böyük yük dövlətin üzərinə düşür. Dövlət bu müəssisələrin səhmdarı olduğundan onların gəlirlilik problemi ilə məşğul olmalıdır. Yəni faktiki olaraq dövlət müəssisələrinə yatırılan sərmayə dövlətə gəlir gətirməlidir”.

E.Allahverdiyev əminliklə bildirib ki, Dövlət İnvestisiya Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəliliyinin yüksəldilməsi, modern korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiyalarının müasirləşdirilməsi təmin ediləcək: “Bu müəssisələrdən xarici bazarda fəaliyyət göstərəni var. Məsələn götürək SOCAR-ı. İri beynəlxalq layihələrin iştirakçısıdır. Bir neçə ölkədə aktivlərə malikdir. Bu reallıq ona dəlalət edir ki, SOCAR-ın idarə olunması da təkmilləşdirilməlidir, ən azı ümumdünya maliyyə böhranı və pandemiyanın təsirləri fonunda yaranmış yeni iqtisadi gerçəkliklər şəraitində yeni çağırışlara cavab verməlidir. Dövlət müəssisələri xarici bazarlara çıxdıqca və ya ölkədən kənarda fəaliyyətlərini genişləndirdikcə daha rəqabətədözümlü olacaqlar. Eyni zamanda, onların ixrac potensiallarının artmasına da töhfə veriləcək”.

Deputat Elnur Allahverdiyev hesab edir ki, dövlət müəssisələrinin qazancı iqtisadiyyatın inkişafına yönəldilməlidir: “Cənab Prezident son müşavirədə bildirdi ki, dövlət bu müəssisələrə və onların həyata keçirdikləri layihələrə sərmaye yatırsa da, faktiki olaraq xeyir götürmür. Bu nə deməkdir? İlk növbədə o deməkdir ki, büdcədən çıxan vəsait faktiki olaraq qayıtmır, yaxud da tam həcmdə qayıtmır. Pandemiyadan zərər çəkmiş iqtisadiyyat şəraitində belə bir vəziyyət büdcəmiz üçün ciddi itkidir. Belə çıxır ki, dövlət işsizlik şəraitində gəlirindən qalmış əhaliyə maddi dəstək verməklə yanaşı, böyük potensialı olan bu qurumları da maliyyələşdirir və əvəzini görmür.

Onların fəaliyyət göstərdiyi sahələrə özəl investisiyalar cəlb olunmalı, dövlət-özəl tərəfdaşlığının inkişafı stimullaşdırılmalıdır. Bu isə dövlət və özəl sektor arasında şəffaf rəqabət, ədalətli və bərabər şərtlər deməkdir.

“İndi elə bir vəziyyət yaranıb ki, birlikdə bu çətinlikləri dəf etməliyik. Bütün imkanlar işə salınmalı və istifadə olunmalıdır. Səmərəlilik amili önə çıxmalıdır. Biz bilməliyik ki, bütün yük dövlətin üzərinə düşə bilməz. Dövlət son 6 ayda sahibkarları çətin vəziyyətdən çıxarmaq üçün ciddi tədbirlər paketi həyata keçirib. Prezident iqtisadiyyatda liberallaşdırma siqnalını verib, güman ki, yaxın zamanlarda biz bu istiqamətdə tədbirlərin şahidi olacağıq. Bu prosesin öncülləri fikrimcə, dövlət müəssisələri olmalıdır. Çünki dövlətin ən böyük sərmayesi məhz onların fəaliyyətinə yönəlir”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »