Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan xanlarının nəslinin davamçısı İrəvana gedə bilmir...

Əmir Əli Sərdari İrəvani İrəvan xanlarının nəslindəndir. O, hazırda Almaniyada yaşayır və İrəvan xanlığının tarixini araşdırır.

"Report" Əmir Əli Sərdari İrəvani ilə müsahibəni təqdim edir.

- Siz İrəvan xanları Hüseynəli xanın və Məhəmməd xanın nəslindənsiniz. Bu nəslin nümayəndəsi olmaq məsuliyyətli, eyni zamanda qürurvericidir. Nəslinizin tarixini bir də sizin özünüzdən eşitmək istəyərdik.

- Mənim ulu babalarım XVIII əsrin 50-ci illərindən XIX əsrin əvvəllərinə kimi İravan xanları olublar. Əsası 1748-ci ildə qoyulan İrəvan xanlığı Cənubi Qafqazdakı müstəqil xanlıqlardan biri olub. Lakin 1828-ci ildə Qacarların Rus İmperiyasına məğlub olması Xanlığın süqutu ilə nəticələnib. Xanlıq 1748-1805-ci illər ərzində çiçəklənmə dövrünü yaşasa da, 1805-1828-ci illərdə əsas hakimiyyət Qacarların əlində olub. Bu o deməkdir ki, həmin dövrdə İrəvan xanı Qacarlar tərəfindən təyin olunurdu.

Mənim ulu babalarımın hakimiyyətdə olduğu dövrlər 1755-1805-ci illərə təsadüf edir. Yəni müstəqil xanlıq kimi mövcud olduğu dövrün 90%-nə mənim ulu babalarım başçılıq edib. Çünki həm Hüseynəli xan, həm də onun oğlu Məhəmməd xan gözəl siyasətçi olublar. İrəvan xanlığının müstəqilliyini qorunmaq üçün Hüseynəli xan, daha sonra isə Məhəmməd xan radikal qərar verməli olur. Faktiki olaraq, İrəvan xanlığı ilə qonşu dövlətlər arasında münasibətlərin qurulmasında həm siyasi, həm də qarşılıqlı maraqlar var idi. İranda Zənd sülaləsini məğlub edən Ağa Məhəmməd şah Qacar 1796-cı ildə hakimiyyətə gəlir və həmin dövrdə əsasən türk-oğuz mənşəli xanlar tərəfindən idarə olunan Qafqaz xanlıqlarını tabeliyinə keçirmək istəyir. Xüsusi ilə də İrəvan, Gəncə və Qarabağ xanlıqlarlını.

İravan xanı yeni hakimiyyətə gəlmiş Ağa Məhəmməd şah Qacara etimad göstərmir. Bu isə Qacarın Qafqazı işğal etməsi ilə nəticələnir. İrəvan xanı həbs edilərək Tehrana göndərilir. Lakin bir müddət sonra Ağa Məhəmməd şah Qacar Qarabağda qətlə yetirilir. Yalnız bundan sonra İrəvan xanı vətəninə geri dönə bilir. İrəvan xanı Məhəmməd xan Xanlığın müstəqilliyini qorumaq üçün Rusiya və Qacarlar asında tarazlıq yaratmağa çalışır. Lakin 1805-ci ildə o, Ağa Məhəmməd şahın davamçısı Fətəli şah Qacarın göstərişi ilə həbs olunur və sürgünə göndərilir.

- Əlaqələrin möhkəmləndirmək üçün iki nəsil arasında nikahların bağlanması bu dövrə təsadüf edir.

- Bəli, əlaqələrin möhkəmlənməsi üçün Məhəmməd xanın övladları ilə Fətəli şahın övladları arasında çarpaz evliliklər baş tutur. Bu həmin dövr üçün xarakterik hal idi. Məqsəd isə güclənmək və rəqiblərinin taxta çıxmaq riskinin qarşısını almaq idi. Fətəli şahın ölümündən sonra Məhəmməd xan İrəvani Fətəli şahın davamçısı Məhəmməd şah Qacarın komandanlığındakı ən yüksək hərbi rütbəyə yüksəlməklə kifayətlənmir, həm də Fətəli şahın qızı ilə evlənir. Onun oğlu Məhəmmədhəsən xan da Cənubi Azərbaycanın hakimi şahzadə Abbas Mirzənin qız ilə evlənir. Bu qız həm də Mahammad şah Qacarın doğma bacısı idi. Mən də bu nəslin davamçısıyam. Məhəmməd xan İrəvaninin davamçıları Qacarlar arasında nüfuz qazana bilirlər. Qacarlara məxsus ərazilərin 75%-i məhz bu nəslin nümayəndələri tərəfindən idarə olunur. Onların şahın ailəsi ilə də yaxın münasibətləri var idi. Hətta Pəhləvilər hakimiyyətə gələndən sonra ailə üzvlərindən baş nazir vəzifəsinə yüksələn də olur.

- Hiss olunur ki, İrəvan xanlığının tarixinə çox yaxşı bələdsiniz. Yəqin ki, böyüklərinizin danışdığı, nəsildən-nəsilə ötürülən əhvalatlarla kifayətlənməmisiniz, həm də öz təşəbbüsünüzlə araşdırmalar etmisiniz. Gələcəkdə bu məlumatları bir kitab halında toplamaq istərdinizmi?

- Mən ixtisasca mühəndis olsam da, əsas hobbim tarixi araşdırmaqdır. İrəvan xanlığının tarixi ilə bağlı xüsusi araşdırma aparıram. Çünki bu tarix çoxsaylı manipulyasiyaya məruz qalıb. Tarixi qaliblər yazır. Qaliblər həmişə hakim olur, müttəhimi günahlandırır. Mən çox istəyirəm ki, haqsızlığa məruz qalan tarixin qaranlıq köşələrini aydınladım. Hər dəfə adım çəkiləndə bu məsuliyyətin böyüklüyünü bir daha dərk edirəm. Gənclik illərimdən eyni hissləri keçirirəm. O dövrkü cəmiyyətin digər üzvləri ilə müqayisədə mənim ulu babalarımın çox övladı olmayıb. Mən öz babalarımı görməmişəm, tarixi hadisələri isə atamın bibi və əmisinin dilindən eşitmişəm.

Uşaq olanda bibimin Tehranda, tarixi Sərdar Bağının yaxınlığında yerləşən evinə gedəndə çox sevinirdim. Ordakı köhnə şəkillər, portretlər, antik əşyalar məni heyran edirdi. Düzdür, onlardan çox şey eşitsəm də, dərin biliklərimi öz araşdırmalarım sayəsində qazanmışam. Mənim üçün keyfiyyət kəmiyyətdən önəmlidir. Vaxt tapan kimi mütləq bu barədə kitab nəşr etdirmək istəyirəm.

- İranda doğulmusunuz, 15 ildir Almaniyada yaşayırsınız. Zənnimcə, İrəvana səfər etməyinizə heç bir maneə olmamalıdır. Maraqlıdır ki, bugünə qədər heç vaxt əcdadlarınızın vətənində olmamısınız. Bunun səbəbi nədir?

- Mən heç vaxt İrəvanda olmasam da, mənə elə gəlir ki, İrəvanda doğulmuşam, orda böyüyüb, boya-başa çatmışam. Tez-tez qədim İrəvan yuxularıma girir. Mənə elə gəlir ki, mən nə vaxtsa orda yaşamışam.

Bir neçə dəfə İrəvavana səfər etmək qərarına gəlsəm də, sonra fikrimdən daşınmışam. Qorxuram ki, əcdadlarımın unudulmuş tarixini, tarixin izlərinin silindiyi boş şəhəri görmək məni məyus edər. Ən çox Hüseynəli xan Məscidini - Göy Məscidi görmək istərdim. Bu məscid 1776-cı ildə Hüseynəli xan tərəfindən inşa etdirilib və İrəvan xanlığından qalan yeganə abidədir.

- Bildiyim qədəri ilə bir qızınız var. Uşaqlar adətən tarixlə çox maraqlanmırlar. Bəs qızınızın əcdadlarının tarixinə marağı varmı?

- Qızımın 13 yaşı var. Desəm ki, ailəmizin tarixi ilə dərindən maraqlanır, yalan olar. Yeniyetməlik dövründə uşaqlar öyrənməyə və təcrübə qazanmağa daha çox meylli olurlar. Amma qızım xarakter etibarı ilə mənə çox oxşayır. O başa düşür ki, ailəmizin tarixi kökləri bizim üçün çox əhəmiyyətlidir. Onun gözünə baxanda qürur hissi keçirdiyini görmək mümkündür. Düşünürəm ki, gələcəkdə o mənim yolumu davam etdirəcək.

- Ötən il Azərbaycana ilk səfəriniz zamanı Şəki və Gəncə şəhərlərində olmusunuz. Həmin səfərin ən yaddaqalan məqamı hansı idi?

- Düz qeyd etdiniz, ötən il Azərbaycana ilk dəfə səfər etdim. Bir çox yerlərdə oldum. Amma ən yaddaqalan məqam Şəki xan Sarayına səfərim və Heydər Əliyev Mərkəzində təşkil olunan “Tarixin şah əsərləri” sərgisi idi. Sərgidə İrəvan Sərdar Sarayına aid şəkillər, qədim eksponatlar nümayiş olunurdu. Həmin anlar mənə elə gəlirdi ki, zaman dayanıb. Xəyali də olsa, bir anlıq əcdadlarımın dövrünə qayıtdım. O anları heç vaxt unutmaram. Ümid edirəm ki, bu anları yenidən yaşamaq qismət olar.

- Berlin və Köln şəhərlərində azərbaycanlıların tez-tez bir araya gəldiyi Azərbaycan evləri fəaliyyət göstərir. Gələcəkdə İrəvan xanlığının tarixi barədə Almaniyada yaşayan azərbaycanlı gənclərə ətraflı məlumat vermək istərdinizmi?

- Təəssüflə qeyd etməliyəm ki, hələ ki, Almaniyada yaşayan azərbaycanlılarla əlaqəm yoxdur. Ona görə də Azərbaycan evləri barədə də tam məlumatlı deyiləm. Mövcud pandemiya şəraiti bir-birimizi yaxından tanımağımıza mane oldu. Əlbəttə, gənc nəsil öz tarixini çox yaxşı bilməlidir. Təəssüf ki, bizim tariximiz çoxsaylı manipulyasiyalara məruz qalıb. Milli irsimizi bərpa etmək öhdəliyi hamımıza aid olmalıdır. Milli irsi qorumağın yollarını, qədim mədəniyyətimizlə öyünməyi gənc nəsillərə aşılamalıyıq. Keçmişini dananın, gələcəyi parlaq ola bilməz.

Son xəbərlər
Bütün xəbərlər »