Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Hirosimaya atom bombası atılan gündür

Bu gün bəşər tarixinə qara hərflərlə yazılmış ən dəhşətli günlərdən birinin il dönümüdür. Yaponiyanın Hirosima şəhərinə atılan bomba 6 avqustu bu ölkənin eləcə də dünyanın yaddaşına fərqli şəkildə qazıdı.

Bu bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir.

1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” amerikan B-29 bombardman təyyarəsi “Balaca oğlan (bomba)” adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. “Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul (bomba) adlanan atom bombası “Bockscar” amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur.

Yaponiyaya ABŞ-ın atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.

5 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.

Birinci bombardmana qədər olan hadisələrin xronologiyası

16 iyul tarixində Nyu-Meksiko ştatında yerləşən poliqonda dünyada ilk dəfə atom silahının uğurlu sınağı baş tutmuşdur. Partlayışın gücü təqribən 21 kilotona bərabər idi. 24 iyul tarixində Potsdam konfransı zamanı ABŞ prezidenti Harri Trumen Stalinə ABŞ-ın görünməyən dağıdıcı gücə malik yeni silaha sahib olmasını bildirsə də, bunun atom bombası olmasını qeyd etməmişdir. Trumenin memuarlarında Stalinin buna xüsusi maraq göstərmədiyini, sadəcə onun ABŞ-ın bunu yaponlara qarşı effektiv tətbiq edə biləcəyinə ümid etdiyini bildirmişdir. Bu zaman Stalinin reaksiyasına diqqət yetirən Çörçill Stalinin Trumenin sözlərinin həqiqi mənasını anlamadığını başa düşmüşdür . General Georgi Jukov isə öz memuarlarında əslində Stalinin bunu çox gözəl başa düşdüyünü, sadəcə elə görünmək istəmədiyi üçün belə etdiyini bildirmişdir. Görüşdən sonra Molotovla söhbət zamanı Stalinin bu sözləri dediyini qeyd etmişdir: “Bizim işimizi sürətləndirmək haqda Kurçatovla danışmalı olacayıq”. ABŞ xüsusi xidmət orqanlarının 1943-1980-ci illərdə həyata keçirdiyi Venona layihəsinin məxfilikdən çıxarılmasından sonra məlum oldu ki, sovet agentləri ABŞ-da nüvə silahının hazırlanması barədə xəbəri çoxdan SSRİ-yə ötürüblər. Bəzi mənbələrdə agent Teodor Hollun Potsdam konfransına bir neçə gün qalmış nüvə silahının ilk sınağının planlaşdırılan tarixini də bildirdiyi qeyd olunur. Bu, Stalinin Trumenin sözlərini niyə belə sakit şəkildə qəbul etməsini izah edə bilər..Teodor Holl 1944-cü ildən sovet kəşfiyyatına çalışırdı..

25 iyul tarixində Trumen 3 avqustdan başlayaraq aşağıdakı hədəflərdən birini bombalamağa başlamaq əmrini verir: Hiroşima, Kokura, Niiqata və ya Naqasakiyə hava şəraiti imkan verərsə, elə ilk cəhddəcə bomba atılmalı idi. Gələcəkdə isə növbəti şəhərlər bombalanacaqdı.

26 iyul tarixində ABŞ, Böyük Britaniya və Çin hökumətləri Potsdam bəyannaməsini imzaladılar. Bu sənəddə Yaponiyanın qeyd-şərtsiz kapitulyasiyası tələbi qeyd olunmuşdur. Atom bombası isə bəyannamədə yer almamışdır.

Növbəti gün yapon qəzetləri bildirdilər ki, radio vasitəsilə oxunan və təyyarələrlə havadan atılan vərəqələrdəki bəyannamə mətni qəbul edilməyib. Yaponiya hökuməti ultimatumu qəbul etmək niyyətində deyildi. 28 iyulda baş nazir Kantaro Sudzuki mətbuat konfransında Potsdam bəyannaməsini köhnə Qahirə bəyannaməsinin yeni təqdimatı adlandırmış və hökuməti bu sənədə əhəmiyyət verməməyə çağırmışdı.

Yaponların diplomatik gedişinə sovetlərin cavabını gözləyən imperator Hirohito hökumətin qərarını dəyişmir.

İlk amerikan nüvə bombardmanının əsas hədəfi Hiroşima olmuşdur. (ehtiyat üçün Kokura və Naqasaki şəhərləri idi) Trumen tərəfindən verilən əmrdə atom bombasının 3 avqustdan sonrakı hər hansı bir tarixdə atılmasına hava şəraiti mane olurdu. 6 avqust 1:45 radələrində B 29 amerikan bombarmançı təyyarəsi polkovnik Pol Tibbetsin başçılığı altında “Balaca oğlan” atom bombası ilə birlikdə Tinian adasından qalxmışdır. Buradan Hiroşimaya qədər 6 saatlıq yol idTibebtsin təyyarəsi (“Enola Gay”) digər 6 təyyarənin də daxil olduğu birləşmənin tərkibində uçurdu. Bu birləşmə ehtiyat təyyarə “Top Secret”, iki nəzarət və 3 kəşfiyyat ( “Jabit III”, “Full House” və “Street Flash”) təyyarələrindən ibarət idi. Naqasaki və Kokuraya göndərilən kəşfiyyat təyyarələrinin komandirləri bu şəhərlərin üzərinin buludlu olması xəbərini vermişdir. Üçüncü kəşfiyyat təyyarəsinin pilotu mayor İzerli Hiroşima üzərində səmanın aydın olması xəbərini və “İlkin hədəfi bombalayın” siqnalını vermişdir.

Səhər təxminən saat 7-ə yaxın yapon hava radarları bir neçə amerikan təyyarəsinin yaxınlaşdığını və Yaponiyanın cənub hissəsinə doğru uçma xəbərdarlığını vermişdir. Hava həyəcanı elan olunmuş və Hiroşima da daxil olmaqla çoxlu şəhərlərdə radio xəbər dayandırılmışdır. Təxminən 08:00-da Hiroşima şəhərinin radarını izləyən operator yaxınlaşan amerikan təyyarələrinin sayının çox az olmasını bildirmiş və nəticədə hava həyəcanı ləğv edilmişdir. Amerikan bombardmançılarının kiçik qrupu üçün yanacaq və təyyarələrə qənaət məqsədilə yaponlar bu təyyarələri qovmamışdılar. Radioda standart xəbər kimi bombadan qorunmaq üçün sığınacaqlara getmək məsləhət görülmüşdür. B 29 təyyarələrinin isə kəşfiyyat məqsədilə gəlməsi bildirilmişdir. Yerli vaxtla səhər saat 8-də 9 km yüksəklikdə olan B 29 təyyarəsi Hiroşimanın üzərinə ilk atom bombasını atmışdır. Atom bombası 576 m yüksəklikdə partlamışdır. Partlayış anının saat 08:15-də baş verməsi göstərilir.

Hadisə haqqında ilk ictimai xəbər Hiroşimaya atom hücumunun baş verməsindən 16 saat keçmiş Vaşinqtondan gəlmişdir.

Partlayışın episentrinə yaxın olan şəxslər anındaca ölmüş və onların bədəni hissələrə ayrılaraq ətrafa dağılmışdır. Həmin vaxt havada uçan quşlar yanmış, quru yanan materiallar isə (məsələn, kağız) partlayışın episentrinə 2 km qalmış yanmışdır. İşıq şüalanması paltarı yandıraraq onun qara rəsmini bədəndə həkk etmişdir. İnsan siluetləri isə divarda qalmışdır. Evdən kənarda olan insanları isə işıq parıltısı kor etmişdir. Episentrin yaxınlığında olan hər şeyi partlayış dalğası dərhal yox etmişdir. Partlayış dalğası evin içində olan bir yeniyetməni evdən çölə atmışdır. Episentrdən 800 m məsafədə yerləşən 90 % insan bir neçə dəqiqədən sonra ölmüşdür.

Partlayış dalğası 19 km -ə qədər məsafədə yerləşən pəncərələri məhv etmişdir. Şəhərdə eyni vaxtda çoxlu sayda kiçik yanğınlar yaranmış və yaranmış güclü külək episentrə doğru istiqamət almışdır. Alov şəhərin 11 km²-dən çox hissəsini əhatə eləmişdir.

Akiko Takakuranın xatirələrinə əsasən, partlayış vaxtı episentrdən 300 m məsafədə olan ancaq bir neçə nəfər sağ qalmışdır:

Atom bombasının Hiroşimaya atıldığı gün mənim üçün 3 rəngi xarakterizə edir: qara, qırmızı və qəhvəyi. Qara ona görə ki, partlayış günəş şüalarının qabağını kəsdi və dünyanı qaranlığa qərq elədi. Qırmızı ona görə ki, partlayış nəticəsində yaralı və ölmüş insanlardan qanlar axırdı. Bu, həmçinin, şəhərdə hər şeyi yandıran yanğını bildirirdi. Qəhvəyi ona görə ki, partlayışın işıq şüalanması nəticəsində yanmış insanların rəngi idi.

Partlayışdan ölənlərin sayı 70 mindən 80 minə qədər idi. 1945-ci ilin sonunda radioaktiv zəhərlənmə və partlayışdan sonra yaranan digər effektlərdən ölənlərin sayı 90 mindən 166 minə qalxmışdı..5 il ərzində partlayışdan sonra yaranan xərçəng və digər uzunmüddətli nəticələrdən sonra ölənlərin sayı 200 000-i keçmişdir.

2013-cü il 31 mart tarixində Yaponiyanın verdiyi rəsmi məlumatda Hiroşima və Naqasakiyə atılan atom bombalarından sonra 201 779 nəfər “hibakuşa”nın atom bombalanmasından yaranan xəstəliklərdən əziyyət çəkməsi göstərilmişdir. Bu rəqəm radiasiyanın təsirinə məruz qalmış qadınlardan dünyaya gələn körpələri də özündə birləşdirir.. Onlardan 1 % -i çox ciddi onkoloji xəstəlikdən əziyyət çəkirdi.. 31 avqust 2013-cü il tarixdə isə partlayışdan ölən insanların sayının 450 000 olması göstərilmişdir: 286 818 nəfər Hiroşimada və 162 083 nəfər Naqasakidə..

Son xəbərlər
Bütün xəbərlər »