Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Düşmənin məğlubedilməzlik mifi dağıldı"

Nəzakət Məmmədova: "Ermənistan böyük dövlətlərə qarşı oyun oynadı, ABŞ da bunun cavabını verdi"

Məlum Tovuz hadisələrindən sonra dünyanın müxtəlif yerlərində azərbaycanlılar erməni diasporasının nümayəndələrinin hücumlarına məruz qaldlar. Erməni diasporu faktik olaraq özünü terror qruplaşmaları, terror şəbəkəsi kimi apardı. Bunu erməni lobbisinin və erməni diasporunun yaşadıqları ölkələrdə təsir gücünün azalması kimi şərh edənlər var.

Bununla bağlı Bizimyol.info-ya politoloq Nəzakət Məmmədova musahibə verib.

- Nəzakət xanım , nəyə görə, erməni diaspor təşkilatları olduqları ölkələrdə sivil etiraz aksiyalarına deyil, daha çox cinayətə əsaslanan hərəkətlərə yol verdilər?

- Erməni diasporunun zəiflədiyini və ya təsir gücünün azaldığını düşünmək yanlış olardı. Bunun üçün hər hansı siyasi, iqtisadi, sosial və s. səbəb görmürəm. Təəssüf ki, ermənilər yaşadıqları ölkələrdə müəyyən təsir imkanlarını saxlamaqdadır, bu, onilliklər boyu formalaşmış bir prosesdir və asanlıqla aradan qalxa bilməz. Erməni diasporunu zəif duruma düşürmək üçün ya Azərbaycan və türk diasporunun hər ikisinin, və ya heç olmasa birinin birlikdə götürülmüş gücü ermənilərdən üstün olmalı, ya da erməniləri olduğu ölkədə zəiflədən, nüfuzdan salan proseslər baş verməlidir. Bunlardan heç biri baş vermədiyi üçün, təəssüf ki, biz onların zəiflədiyini iddia edə bilmərik. Ermənilərin bu cür azğınlaşmış hərəkətləri onların öz mənfur ideologiyalarını hansı yolla olur-olsun həyata keçirmək düşüncəsindən irəli gəlir. Onlar qarşılarına qoyduqları məqsədlərə tarix boyu istənilən yolla, o cümlədən, terror, təxribat kimi radikal vasitələrdən istifadə etməklə nail olublar və harada, hətta ən sivil ölkələrdə yaşamalarından asılı olmayaraq bu cür vəhşiliyi hər zaman ediblər. Barbarlıq onların düşüncəsinin ayrılmaz tərkib hissəsidir və məqsəd azərbaycanlıları qorxutmaq, geri çəkilməyə məcbur etməkdir.

- Baş nazir Nikol Paşinyanın Ermənistan Diaspor Komitəsində təftiş-“təmizləmə” aparması bunun nəticəsidirmi?

- Əvvəla, onu qeyd edim ki, Ermənistanda Diaspora Komitəsi artıq yoxdur, Paşinyan hakimiyyətə gəldikdən sonra Diaspora komitəsini ləğv etmişdi. Hazırda Ermənistanın dövlət aparatında diaspora fəaliyyətini tənzimləyən struktur Diaspora işləri üzrə müvəkkildir. Paşinyanın uğursuzluğa görə belə bir addım atdığını düşünmürəm. Çünki əksinə, aciz durumda qalmayaraq, ermənilər bizimkilərə hücum etdilər, zəif olmadıqlarını göstərməyə çalışdılar. Ola bilsin ki, məhz bu cür barbarlıq, cinayətkar hərəkətlərinə görə Paşinyana xarici ölkələrdən irad bildirilib, yaxud Paşinyan peosesləri qabaqlayıb Ermənistanın üzərinə gələ biləcək tənqidləri azaltmaq üçün bu işi diaspora ilə məşğul olan şəxslərin boynuna atmaq, özlərinin artıq onlar barəsində lazımı tədbir gördüyünü göstərmək üçün bu qabaqlayıcı addımı atıb.

-Azərbaycanın rəsmi mediasında yazılır ki, erməni diasporunun və lobbisinin xaricdəki gücü haqda mif dağılıb, erməni diasporu öz olduqları ölkənin qanunları çərçivəsində mübarizə aparan Azərbaycan diasporuna uduzub. Bu fikirlər doğrudurmu?

-Azərbaycan mediasının yazdığını inkar etmirəm. Ola bilər ki, deyilənlərin müəyyən əsası var. Lakin məsələlər bu qədər də bəsit deyil. Yüzilliklər boyu formalaşmış mənfur bir şəbəkənin belə asanlıqla zəifləyib çökməsini demək özümüzü aldatmaq olardı. Bəli, onlar da zaman-zaman türk diasporası qarşısında geri çəkiliblər, məğlub olublar. ASALA terror edib, türk dərin dövləti onu cəzalandırıb və s. Lakin Azərbaycan diasporası axı elə güclü bir şəkildə təşkilatlanmayıb ki, biz onun erməni diasporasını məğlub etdiyini əminliklə söyləyə bilək. Bəli, Ermənistanın öz buraxdığı səhvlər ucbatindan son vaxtlar bir sıra məğlubiyyətlə üzləşib. Məsələn, ABŞ Konqresinin müvafiq komitələrində erməni diasporası məğlub oldu. Məğlubedilməzlik mifi dağıldı. Proseslər göstərdi ki, ermənilərin öz diasporası barədə yaratdığı güclü, məğlubedilməzlik bir mif imiş. Lakin buna səbəb bizim diasporanın və ya lobbinin fəaliyyəti yox, Ermənistanın bir neçə böyük dövlətlə oyun oynamaq istəyi oldu və ABŞ bunun cavabını verdi. Lakin düşməni daim bu cür məğlubiyyətlərə düçar etmək üçün davamlı, sistemli iş görülməlidir. Təəssüf ki, hələ o səviyyəyə gəlib çatmaq üçün xeyli yol qət olunmalıdır.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »