Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağa dəstək yürüşü üzrə cinayət işi və həbslər... - Təfərrüat

İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Milli Orduya dəstək yürüşünün sonunda baş verən təxribatlarla (bir qrup şəxsin parlamentin binasına daxil olması, polis maşınının aşırılması vəs.) əlaqədar həbs olunanların sayı barədə rəsmi açıqlama yoxdur. Lakin qeyri-rəsmi məlumatlara görə, cinayət məsuliyyətinə cəlb edilənlərin sayı 60-dan çoxdur. Onların da bir çoxu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır.

Bizimyol.info xəbər verir ki, iyulun 15-də baş verən hadisələrlə bağlı araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında bildirilir ki, hadisələr nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Bu hadisələrlə əlaqədar həbs olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 186.2.1 (Oözgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Həbs olunanlardan iki nəfərə - AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahimə isə bunlardan əlavə, Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsilə də ittiham verilib. İddia olunur ki, həmin gün dövlət çevrilişinə cəhd edilib.

AXCP isə bu ittihamlarla razılaşmır. Partiyanın mətbuat xidmətindən “Bizimyol.info”ya bildirilib ki, iyulun 15-dən sonra AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfər barəsində cinayət işi başlanıb, bir nəfər istisna olmaqla, digərlərinin barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 17 nəfər haqqında karantin rejimini pozma ittihamıyla 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb. 10 nəfər sərbəst buraxılıb.

“Həbs edilənlər cəbhəçilərin bir qismi ümumiyyətlə, o yürüşdə olmayıb. Məsələn, Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov və digərləri. Yürüşdə iştirak edənlər də orada öz qərarlarıyla gediblər, səmimi şəkildə Qarabağın azadlığı və Milli Orduya dəstək üçün. Hətta Qarabağ əlili Asif Yusiflinin həmin yürüşdən canlı yayımda bir açıqlaması var ki, “bura yalnız Qarabağ məsələsinə görə gəlmişik”. Sağlamlığını Qarabağ döyüşlərində itirmiş bir vətəndaşın Qarabağla bağlı yürüşdə iştirakından təbii nə ola bilər?!”, - deyə partiyadan bildirilib.

AXCP-dən onu da vurğulayıblar ki, həbs olunan şəxslərin bir çoxunun səhhətində problemlər var, ailələri böyük çətinlik içindədir: “Baba Süleymanlının ürəyində ciddi problem var, bizdə olan məlumata görə, Bakı İstintaq Təcridxanasında da vəziyyəti bir neçə dəfə pisləşib. Telman Seyfullayevin himayəsində ağır xəstə olan həyat yoldaşı var. Xanımının ayağı amputasiya olunub, üstəlik, xərçəng xəstəliyindən əziyyət çəkir. Oğlu ölkədən kənarda olduğuna görə yeganə qulluq edəni Telman Seyfullayev idi. Məmməd İbrahimə görə ümumiyyətlə, siyasətdən kənar olan, futbol məşqçiliyilə məşğul olan oğlu Mehdi İbrahimovu həbs elədilər. Mehdinin ailəsi, 4 yaşlı qızı var. Ardınca Məmməd İbrahimin özünü də həbs elədilər. O ailə çox ağır vəziyyətdə qaldı. Eləcə də digərləri...”

Həbs olunan AXCP funksionerlərinin, o cümlədən Fuad Qəhrəmanlının işgəncəyə məruz qalması, onların vəkillərilə görüşməsinə imkan verilməməsi, ailələrilə telefonla əlaqə saxlamaq hüquqlarının məhdudlaşdırılması barədə məlumatlar yayılıb. Lakin rəsmi qurumlar bu haqda deyilənləri təkzib edib.

“Təqsirləndirilən şəxslərin iştirakıyla keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olub. İstintaq hərəkətləri müdafiəçinin iştirakıyla həyata keçirilib. Təqsirləndirilən şəxslərin hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqları tam təmin olunub”, - deyə Baş Prokurorluğun rəsmi açıqlamasında bildirilir.

Həbs olunan cəbhəçilərin yaxınları isə deyir ki, özlərinin müqavilə bağladıqları, etibar etdikləri vəkillər olduğu halda, onları dövlət hesabına təyin edilən vəkillərin iştirakıyla məhkəmə qarşısına çıxarıblar.

Cinayət Məcəlləsinin 186-cı maddəsində 7 ilə, 233-cü maddəsində 3 ilə, 315-ci maddəsində isə 5 ilə qədər həbs cəzası nəzərdə tutulub. F.Qəhrəmanlı və M.İbrahimə qarşı irəli sürülmüş 278-ci maddədə isə 20 ilə qədər, hətta ömürlük azadlıqdan məhrumetmə cəzasından söhbət gedir.

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »