Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Tahir Tağızadə: “Erməni “qonşularımızın” etdikləri əvvəlcədən aydın şəkildə düşünülmüşdü”

Bu gün, iyulun 28-də azərbaycanlı fəallar Londonda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü ilə bağlı həqiqətləri çatdırmaq üçün daha bir etiraz aksiyası keçirməyə hazırlaşırlar. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində erməni fəalların təhriki ilə toqquşmaların baş verdiyi məlumdur.

Böyük Britaniyadakı vəziyyəti Media.Az üçün Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə şərh edib:

- Mən tam əminəm ki, bu cür aksiyalar (söhbət təxribatlardan gedir - red.) yalnız digər sahələrdə - siyasət, diplomatiya, iqtisadiyyat, hərbdə problemlər olduqda tətbiq edilir. Nəticədə, təxribatlar başlayır. Bunu Ermənistan hökuməti, erməni diaspor təşkilatları edə bilər. Bəs düyməni kim basır? Mənə elə gəlir ki, “düymə”nin özü burada lazım deyil.

Bir vaxtlar ABŞ-da çalışmışam və erməni diasporunun necə işlədiyinə dair yaxşı təsəvvürüm var. Amerika Erməni Assambleyasının və Amerika Erməni Milli Komitəsinin bir çox nümayəndələri özlərini Ermənistanın xilaskarı hesab edirlər. Onlar ildə bir dəfə “tarixi vətənlərinə” gedirlər. Əlbəttə ki, Yerevandan da hansısa koordinasiya gedir. Ancaq başa düşmək lazımdır ki, erməni diaspor təşkilatları artıq zorakılığa və qarşıdurmaya can atır, buna görə, əlavə siqnallara ehtiyac duymur.

İndi isə Londonda baş verənlər barədə danışaq. Bir neçə əsas maddə var. Yerli hakimiyyətlə, o cümlədən qanunverici və icra orqanları ilə işləyirik. Yerli kütləvi informasiya vasitələri ilə ictimai rəy formalaşdırırıq. Müxtəlif nəşrlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu məqalələr oldu. Qeyd etmək lazımdır ki, media orqanlarının əksəriyyəti vəziyyəti obyektiv şəkildə işıqlandırdılar, bura hətta Azərbaycana məhəbbətdə “ittiham etməkdə” çətinlik çəkəcəyiniz nəşrlər də daxildir.

Digər vacib məqam diaspor təşkilatlarımızla qarşılıqlı fəaliyyətdir. İlk aksiya, dinc piket iyulun 17-də Ermənistan səfirliyinin qarşısında keçirilib. Təşəbbüs qrupu açıq sosial məkanda çalışdı, piket keçirmək üçün yerli hüquq-mühafizə orqanlarından razılıq alındı. Əlbəttə, erməni diasporası da bu barədə məlumat əldə etdi. Nəticədə, bizim tərəfdən 150-dən çox adam toplandı, erməni tərəfindən də 50-yə yaxın adam gəldi, bunlar isə açıq şəkildə təxribatlar törədir və təhqiramiz ifadələr qışqırırdılar. Azərbaycanlı nümayişçilər təxribatlara baş qoşmadılar, bundan sonra erməni diasporunun nümayəndələri Azərbaycanın milli rəmzlərini ləkələməyə çalışdılar.

Dərhal deməliyəm ki, Azərbaycan tərəfdən aksiya iştirakçıları təmkin göstərdilər, yeri gəlmişkən, aksiya başlamazdan əvvəl və bitdikdən sonra onlarla söhbət apardıq. Onlar təhrik olmadılar, ancaq erməni tərəfinin təhqir etməyə çalışdığı ölkəmizə məxsus simvollar müsadirə edildi. Əlbəttə, kiçik münaqişəsiz ötüşmədi, ancaq açıq şəkildə kütləvi dava olmadı. Bununla belə, həmyerlilərimizdən biri - Zaur Teymurov üz nahiyəsindən xəsarət aldı, hətta tikiş qoyuldu.

“Şahzadə Florizelin macəraları” filmini xatırlayırsınız? Orada gözəl bir ifadə var: “Sədrin danışıqları adi bir döyüşə çevirmək cəhdi Zati-aliləri tərəfindən ciddi etirazlarla qarşılandı" (gülümsəyir).

Erməni “qonşularımızın” etdikləri aydın şəkildə əvvədcədən düşünülmüşdü. Los-Ancelesdə əsas vəzifə say üstünlüyünə görə azərbaycanlıların fiziki və mənəvi cəhətdən sıxışdırılması idi. Londonda vəziyyət fərqlidir, sayca üstünlük onların lehinə deyildi. Buna görə də, azərbaycanlıların erməniləri necə döydüklərini Britaniya polisinə göstərmək qərarına gəlinmişdi. Ancaq bu baş vermədi. Buna görə aksiya iştirakçılarına çox minnətdaram.

Növbəti aksiyada (bu günə, 28 iyula planlaşdırılan - red.) nə olacağını görərik. Vətən təkcə torpaq deyil, həm də yaşadıqları yerdən asılı olmayaraq həmvətənlərimiz, bizim insanlarımızdır. Biz onların həyatını və sağlamlığını qorumalıyıq.

- Britaniya hakimiyyəti nə düşünür? Azərbaycanla Ermənistan arasında baş verənlər barədə bir anlayış varmı, yoxsa “uzaqdır”, “bizə aid deyil” və s. deyirlər?

- Bu uzaq deyil, əksinə, çox yaxındır, çünki son kəskin qarşıdurma Tovuzda baş verdi. Sərhəd yaxınlığında nə baş verdiyini ki, başa düşürük. Böyük Britaniyanın, demək olar ki, bölgədəki köhnə maraqlarına müraciət etməyə çalışıram. Britaniya parlamentinə təqdim olunan hesabatda deyilir ki, Azərbaycan Böyük Britaniyanın təkcə tərəfdaşı deyil. Ölkənin bizim dövlətimizlə, bölgəmizlə əlaqəli ticari-iqtisadi maraqları var.

Biz Böyük Britaniyanın Cənubi Qafqazdakı geosiyasi reallıqlar barədə mövcud anlayışının formal izharını almağa və yazılı şəkildə rəsmiləşdirilməsini təmin etməyə çalışırıq. ABŞ-da işlədiyim dövrlərlə müqayisə edim. Konqresin bir üzvünün yanına gəlmək, ünsiyyət qurmaq mümkün idi. Söhbət təxminən belə gedirdi: “Nə danışırsınız? Bir milyon qaçqın və köçkün? Ərazisinin 20 faizi işğal olunub? Vay-vay. Bəs işğalçı kimdir? Ermənistan? Maykl (Con, Stiv - fərq etməz), qeydə alın, bunu mütləq müzakirə etməliyik”.

Amma bir il sonra dialoq, demək olar ki, sözbəsöz təkrarlanır.

- Böyük Britaniyada belə deyil?

- Belə deyil. Amma ABŞ-da da vəziyyət dəyişir. Konqresdəki son hadisələr “buzun sındığını” göstərir.

Britaniyaya gəldikdə isə, nə baş verdiyini (Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar - red.), necə baş verdiyini danışmağa artıq ehtiyac yoxdur. Hər kəsin məlumatı var. İzah edilə biləcək yeganə şey bunun nəyə görə baş verdiyi və bunun dayandırmasına Britaniyanın necə kömək edə biləcəyidir. Ancaq burada da irəliləyiş var. Böyük Britaniya İcmalar Palatasına müraciət barədə yəqin ki, məlumatınız var?!

- Mətn haqqında ancaq ümumi şəkildə bilirəm.

- Bu sənəd bir neçə cəhətdən maraqlıdır. O, Ermənistanın indiyə qədər etdikləri və hazırda gördüyü işlərə aydın və birmənalı qiymət verir (hansı ki, Böyük Britaniyada nadir hallarda baş verir). Sərt ifadələr var, bununla yanaşı, məzmun konstruktiv xarakter daşıyır. Ən əsası, belə sənədlər səsverməyə qoyulmur. Onlar avtomatik olaraq Böyük Britaniya Parlamentinin qanun və aktlar külliyatına daxil edilir. Bu mətn sentyabr ayında təsdiqlənəcək.

Hələ etməli olduğumuz çox şey var. Böyük Britaniya və bəzi digər ölkələr ATƏT-in Minsk Qrupu ilə heç bir əlaqələri olmalarına baxmayaraq, həll prosesində (Qarabağ münaqişəsi - red.) mühüm rol oynaya biləcəyini izah etməyə çalışıram.

Ən əsası isə nəzərə alaq ki, rəqiblərimiz məzmunu deyil, formanı seçirlər. Ermənistan işğalçı, təcavüzkardır, bu aydındır. Biz bunu düşmənə etiraz formasına yapışmaq imkanı vermədən deməliyik.

Son xəbərlər
Bütün xəbərlər »