Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kaliforniyadakı... Qarabağ

Ermənistan-Azərbaycan münaqişəsininin xaricə köçürülən “nüsxə”si haqda

Bu yazacaqlarımı bəlkə də son hadisələr fonunda rasionallıqdan uzaq - emosional bir reaksiya sayanlar olacaq. Məni tanıyanlar bilir ki, xorda oxumaqla aram yoxdur. Bir az sonra oxuyacağınız fikirləri mən 15 il, 25 il, 30 il qabaq da yazırdım. Bu gün də bu fikirdəyəm ki, cəlb olunduğumuz bu müharibə təkcə Ermənistanla Azərbaycan arasında deyil. Çox təəssüf ki, ermənilərlə azərbaycanlılar olaraq iki millət arasındadır.

Bu coğrafiyada hələ ermənilərin də, azərbaycanlıların da müstəqil dövləti olmayanda belə ermənilər Azərbaycanlılara qarşı soyrıqımlar da törədib, etnik təmizləmələr də, işgəncələr, qarətlər də. Həm də "türklər" deyil, "Azərbaycanlılar" ifadəsini işlədirəm. Doğrudur, onlar daha çox türklərə patoloji nifrətlə yükləniblər. Ancaq, baxın, monoetnik dövlət modelinə üstünlük veriblər - Ermənistandan təkcə türkləri sıxışdırmayıblar, həm də kürdlərə və başqa xalqlara da eyni münasibət göstəriblər. Onların Qara dənizdən Xəzər dənizinə qədər "Böyük Ermənistan" layihə-xülyasında da təkcə türkləri Qafqazdan çıxarmaq deyil, Azərbaycanın azsaylı xalqlarənı da bu arealdan qovmaq, məhv etmək var. Bunu Azərbaycanda yaşayan azsaylı xalqlar da yaxşı bilir, dərk edir. Qarabağ savaşında Azərbaycan türkləri ilə yanaşı, talışların, ləzgilərin, avarların, tatarların, yəhudilərin və başqa xalqların oğullarının da döyüşərək şəhid olması bunun sübuturdur; o xalqlar da Azərbaycanı Vətən bilir və onun uğruna savaşır və canını verir. Üç-beş xaini saymayaq (ki, elələri hər millətdə, elə Azərbaycan türklərinin içində də var).

Mətləbdən uzaqlaşmayaq. "Erməni xalqı bizim düşmənimiz deyil" tezisinə hələ çox illər öncə etiraz etmişdim. Yazmışdım ki, əgər erməni xalqı bizə düşmən kimi baxmırsa, öz hökumətindən Qarabağı azad eləməyi tələb etsin, öz uşaqlarını Qarabağa - işğalçı ordu sıralarına göndərməsin. Oğlunu Qarabağda itirmiş beş-on erməni qadından başqa belə bir etiraz aksiyasını kim görüb indiyədək?! Erməni xalqı bizi düşmən saymırsa, niyə bir nəfər də olsun Azərbaycan türkü Ermənistanda qalmayıb?! O türklər erməni xalqının iş yoldaşları, sinif yoldaşları, qonşuları, hətta bəzilərinin qohumları idi. Niyə bu xalq yüzminlərlə türkün, eləcə də, kürdün və sair öz evindən-yurdundan qovulmasına mane olmadı, heç olmasa buna cəhd göstərmədi, etiraz etmədi?! İllərlə Gürcüstandakı ermənilərə, kilsələrinə qaz verdik, biznesmenlərimiz Rusiyada öz nəhəng ticarət obyektlərində erməni məhsulları satışına imkan yaratmışdılar (bu arada azərbaycanlı milyarder İlham Rəhimov ayılıb ki, sən demə, ermənilər onun bazarında satdıqları əriyin puluna minaatan alıb onunkiçik vətəni olan Tovuzu vurur!). Ermənilərin cavabı bu yaxşılıqlara nə oldu?! Hər şey ortada. Əgər bu xalq iddia olunduğu kimi özünə hökumət seçə bilirsə, niyə onun seçdiklərinin hamısı faşist çıxır?! Niyə yetirdiyi din xadimi, kilsəsi dindən başqa hər işlə məşğul olur?! Niyə onun sevib seçdikləri bir-birindən qəddar, bir-birindən avantürst, bir-birindən namərdlər Köçəryan, Sarqsyan, Paşinyan olur?!

2 yaşlı Zəhra Qarabağda qətl ediləndə də yazmışdım: "Ermənilər bizimlə şərab içmək istəmir, bizim qanımızı içir". Bu gün də hər şey ortada. Ermənistan dövləti öz ordusu ilə burda bizimlə savaşır. Dünyanın müxtəlif bucaqlarında erməni diasporundan da bir terror ordusu düzəldib savaşırlar bizimlə.

O kimdir deyən: "Hücuma keçək, müharibəni başlayaq?!". Düşmən çoxdan hücuma keçib, müharibə çoxdan başlayıb. Zatən heç dayanmamışdı ki, yenidən başlasın da. Dünyanın müxtəlif yerlərində soydaşlarımıza, vətəndaşlarımıza hücum edirlər, səfirliklərimizi hədəf alırlar. Dövlətimiz buna adekvat yanaşmalıdır. Azərbaycanlılar öz imkanlarınca müdafiə olunurlar. Ancaq onların arxasında dövlət gücü olduqda daha mətin duracaqlar. O savaşın məntiqinə uyğun addımlar atmaq lazım gələcək. Azərbaycan Baş Prokurorunun müraciətləri yerindədir - xalqımıza qarşı terrora ABŞ, Belçika, Böyük Britaniya, Ukrayna və sair dövlətlər hüquqi qiymət verməlidir. Ancaq Xarici İşlər Nazirliyi daha fəal, daha təsirli işləməlidir. Diaspor Komitəsi də həmçinin. Hər şərdə bir xeyir var; bu erməni şəri bizim bütün dünyaboyu səpələnmiş diasporumuzu, bir-biri ilə didişən diaspor təşkilatlarını, nəhayət ki, birləşdirə bəlkə. Bu hadisələrdən birləşmiş, güclü diasporla çıxa bilərik bəlkə. Və diasporumuzla dövlətimiz bir araya gələr bəlkə. Ola bilsin, xarici ölkələrdə öz bizneslərini milli maraqlardan üstün tutan səfirlərimiz də pul qazanmaq eşqini bir tərəfə buraxıb dövləti təmsil etməyin vacibliyini dərk edər.

Zaman və gedən proseslər göstərir ki, Qarabağın azadlığı məsələsi bizi birləşdirən bəlkə də yeganə bir ideyadır. İyulun 14-də də minlərlə insan - iqtidarlı, müxalifətli, neytrallı - bu ideya ətrafında toplaşıb meydana çıxmışdı. Doğrudur, sonu müəmmalı təxribatla bitdi. Ancaq o minlər milyonların fikirlərini və hisslərini ifadə edirdi. O aksiyanın nəcib məqsədinin üzərinə kölgə salmaq olmazdı. Nə orda o təxribatın törədilməsi, nə də buna görə günahlı-günahsız insanların (hətta həmin gecə orda olmayanların belə) həbs olunması dövlətimizə və millətimizə başucalığı gətirən hadisələr deyil. Mən şəxsən bu aksiyadan heç kimin öz siyasi məqsədləri üçün yararlanmasını istəmirəm, buna qarşıyam. Nə müxalifət insanların Qarabağ üçün ayaqlanmasından qanunsuz yollarla hakimiyyətə gəlmək üçün istifadə etməlidir, nə də iqtidar sondakı o təxribatçı əməllərə öz siyasi rəqiblərini sıradan çıxarmaq fürsəti kimi baxmalıdır. Belə məqsədlər olubsa, varsa, doğru saymıram.

Eləcə də, bizim bu çətin sınaqlar qarşısında qaldığımız günlərdə - xarici ölkələrdə erməni terroru ilə üz-üzə qalan vətəndaşlarımızın, soydaşlarımızın gerçək və böyük təhlükə qarşısında olduğu indiki zamanda siyasi baxışlarından, mövqeyindən, ölkənin bu gününə və gələcəyinə dair təsəvvür və düşüncələrindən asılı olmayaraq, hər kəs birlik nümayiş etdirməlidir.

Əlbəttə, biz də o fikirdəyik ki, ermənilərin təxribatçı hərəkətlərinə adekvat cavab vermək daha doğru yoldur. Bunu ölkənin düşünən insanları da deyir, yazır. Dünyanın müxtəlif ölkələrində baş verən bu kimi hallara - səfirliklərimizə hücumlara, soydaşlarımıza, vətəndaşlarımıza qarşı zora, zorakılığa qarşı ağıllı, təmkinli, hüquqi çərçivələrdə mübarizə aparmaq lazımdır. Ancaq bunu burda - Azərbaycanda oturub demək, yazmaq, məsləhət vermək çox asandır.

Təbiidir ki, minlərlə, lap yüzlərlə erməni Azərbaycanın səfirliklərinə - Azərbaycan dövlətinə hücum edirsə, o ölkələrdə yaşayan azərbaycanlılar buna sakit yanaşa bilmir. Hər halda bunu o ölkələrdə yaşayan azərbaycanlılar daha yaxşı görə bilər, qiymət verə bilərlər. Şübhəsiz, əgər məsələyə obyektiv yanaşılarsa. Ancaq mən jurnalist Sevinc Osmanqızının şərhinə baxdım, dinlədim, yumşaq desəm, çox təəccübləndim. İndiyədək onun, eləcə də, xaricdə yaşayan başqa jurnalistlərin, blogerlərin, siyasilərin mövqeyinə, şərhlərinə heç bir münasibət bildirməmişəm. Hər kəsin öz fikri, öz yanaşması var. Heç kəsin müxalifətçilik etmək, yaxud iqtidarçılıq etmək haqqını da tanıyıram. Ancaq söhbət siyasi maraqlardan deyil, milli maraqlardan gedəndə məsələnin rəngi dəyişir. Sevinc Osmanqızı həmin verilişində Los-Ancelesdə baş verənlərə şərh verir və deyir ki, hadisəni - Baş Konsulluq qarşısında ermənilərlə azərbaycanlılar arasında insidenti kimin başlatdığını ayırd etmək istəmir və "bu, əhəmiyyətli də deyil".

Doğrusunu deyək ki, bu fikrə heyrətləndim. Onda belə çıxır ki, bu hadisə ilə başlanmış cinayət işini də bağlamaq lazımdır; hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu birinci sual insidenti kimin və necə, təbii ki, niyə başlatmasıdır axı.

Baxın, Los-Ancelesdə, eləcə də, daha əvvəl Londonda, daha sonra Brüsseldə baş verənlər Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin və bunun nəticəsində Azərbaycana məxsus Qarabağ regionunun işğal olunmasının inikasıdır. Yeri gəlmişkən, Sevinc xanımın atası hörmətli həmkarımız Osman Mirzəyev də bu münaqişənin nəticəsində şəhid olub. 1991-ci ilin noyabrında ermənilərin nəzarət etdiyi ərazilər üzərində helikopterin vurulması nəticəsində biz həmkarımız Osman müəllimlə birlikdə dövlətimizin başqa yüksəkçinli nümayəndələrini də itirmişik. Yaxşı, indi biz helikopteri kimin və hansı məqsədlə vurulmasını araşdırmalı deyildik ki, bunun əhəmiyyəti yoxdur?! Eləcə də, ümumilikdə Ermənistanla Azərbaycan arasında münaqişəni kimin nə zaman hansı məqsədlə birinci başlatdığı, kimin soyqırım törətdiyi, kimin qətliam törədtdiyi, kimin günahkar olduğu haqda araşdırma olmamalıdır ki, əhəmiyyətli deyil?! O gün Los-Ancelesdə baş verənlər də bu böyük münaqişənin nəticəsidir. Biz indi eyni hadisənin böyük variantına bir, kiçik variantına başqa münasibət bildirməliyik?! Yaxud həmin şərhdəki başqa bir fikrə diqqət yetirək: səfirliklərin çağırışı ilə azərbaycanlıların ora çıxması nəyə lazım idi?! Əlbəttə ki, istənilən müqayisə qüsurludur. Ancaq bir anlıq təsəvvür edin ki, Ermənistan sərhədlərimizə hücum edir, döyüşlərin miqyası və şiddəti böyüyür, artır. Azərbaycan dövləti vətəndaşlarını döyüşlərə səfərbər edir və bu dəmdə kimsə çıxıb deyir ki, ermənilərin torpaqlarımızı işğal etmək niyyəti yoxdur, döyüşə getməyin, "vətənşüvənlik" etmək lazım deyil və sair. Bu fikri necə qarşılamaq olar?! Ermənilərin niyyəti ilə bağlı deyilən fikir də, yumşaq desək, qəribədir: guya ermənilərin zorakılıq etmək niyyəti olmayıb və yoxdur.

Los-Ancelesdəki insidentdə ermənilərin sayı azərbaycanlıların sayından qat-qat çox idi. O halda heç zorakılıq etmədən də şüarlarını səsləndirə və çıxıb gedə bilərdilər. İnsident də yaşanmazdı. Ermənilər, videogörüntülərdən gördüyüm qədər, sayca əzici üstünlükdəydilər. Ona görə azərbaycanlıların əks aksiyası onlara heç bir təhlükə yaratmırdı. Ancaq biz minlərlə erməninin onlarla azərbaycanlıya hücumunu gördük. Azərbaycan bayrağının, şəhid generalımızın portretinin ayaqları altına atıb tapdaladıqlarını gördük. Bu hərəkətlər hansı niyyətlərdən xəbər verirdi görəsən?! Eləcə də, Brüsseldə - onlarla erməni bir azərbaycanlının üzərinə düşüb təpikləyir, o da: "Bu kişilikdən deyil" deyə təmkinli ləyaqətlə cavab verir. İndi həmin döyülən soydaşımızı günahlandıraq ki, niyə onlarla erməninin toplandığı küçədən keçib?! Sabah eyni hadisələr ABŞ-da, Fransada, Niderlandda, dünyanın istənilən nöqtəsində yaşayan hər bir soydaşımızın, o cümlədən, bu hadisələrdə erməniləri müdafiə edən azərbaycanlıların özlərinin də başına gələ bilər. Budur, ermənilər həmin Kaliforniyada azərbaycanlı “ovuna” çıxıblar; bu ştatda yaşayanlar azərbaycanlıların yerini bildirənə 500 dollar vəs edirlər. Bu, hansı niyyətdən xəbər xəbər verir sizcə?! Xoş niyyətdənmi?!

Azərbaycandan çıxıb getmiş olmaq bu dövlətin yurisdiksiyasından çıxmaqdır, bu millətə mənsubluqdan çıxmaq deyil. İnsanlıqdan çıxmaq heç deyil. Los-Ancelesdəki yəhudi təşkilatları bu insidentdə Azərbaycanlıların haqlı olduğunu qəbul edirsə, ermənilərin hərəkətini pisləyirsə, nədən öz millətimizin mənsubları (qoy lap ən sərt müxalifət olsunlar) öz millətini günahkar çıxarmağa tələssin?! Hətta belə bir ehtiyacı özündə hansısa motivlərdən hiss edibsə, heç olmasa, ABŞ hüquq-mühafizə orqanlarının araşdırmasının nəticəsini gözləməli deyildimi?! Belə çıxışlar həmin hüquqi araşdırmalara birtərəfli - yəni insidentin bir tərəfinin (erməni tərəfinin) xeyrinə təsir etmək, azərbaycanlıların günahkar olması haqda bəri başdan ictimai rəy yaratmaq deyilmi?!

Bütövlükdə mənim bu məsələyə dair fikrim budur ki,düşmən tərəf bizi özünün güclü olduğu müstəviyə çəkməyə çalışır. İndiyədək ənənəvi olaraq beynəlxalq aləmdə erməni diasporu da, lobbiçilik institutları da, media gücü də, təşkilatlanma səviyyəsi də, təbliğat resursları da, siyasi təmsilçilik imkanları da azərbaycanlılarınkından müqayisəyəgəlmz dərəcədə böyük olub və indi də elədir. Bunun üzərinə zorakılıq üsullarını (hətta terrrora əl atmalarını) da gəlsək, hər şey daha aydın olar. Tovuz olaylarında və ümumiyyətlə, Qarabağ problematikasında hüquq bizm tərəfimizdədir. Üstəlik erməni tərəfinin Rusiyanın əlində dəyənək rolu onun beynəlxalq aləmdə dəstəyini zəiflətdiyi bir vaxtda, xüsusən, ABŞ qanunvericilərində bu məsləyə dair şüur aydınlanması başladığından (Konqresin Qaydalar Komitəsinin məlum qərarı buna sübutdur), aqressivləşən düşmən bizi zorakılıq meydanına çəkib tələyə salmaq, haqlıykən haqsıza çevirmək istəyir. Buna nail olduğu hallar da var. Münaqişənin Azərbaycan dövlətinin, xalqının əlinin çatmadığı məkana –müstəviyə köçürmək məramı (hiyləsi) hiss etmirsinizmi?!

Əlbəttə ki,əvvəldə də yazdığım kimi, Azərbaycanda oturub özü və ailəsi təhlükə qarşısında olan soydaşlarımıza məsləhət vermək asandır; insanlar özünü qorumaq zorundadırlar. Ancaq bütün bunlarla yanaşı hər zaman necə bir düşmənlə üz-üzə qaldığımızı, onun necə məkrli planlar qurduğunu, necə oyunlar oynadığını da unutmaq lazım deyil. Azərbaycanda yaşayanlar da bu təhlükədən kənarda deyillər; ermənilər üçüncü tərəfləri öz oyunlarına qoşa bilirlər (Tovuz hadisələrində də belə olmuşdu - üçüncü tərəf səhnə arxasından prosesləri idarə edirdi, hadisələrin sonrakı inkişafından asılı olaraq açıq da qarışa bilərdi). Bəli, bu üzdən problemin gerçəkdən və birdəfəlik həlli Qarabağdadır. Problem yaranma ardıcıllığının əksinə istiqamətdə həll oluna bilər. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərzilərindən çıxması ilə, qaçqın və köçkünlərin öz evlərinə qayıtması ilə, Dağlıq Qarabağdakı ermənilərin Azərbaycanın suverenliyin altında olduğunu qəbul etməsilə, o bölgədə Azərbaycanın Konstitusiyası və qanunlarının hakim olması ilə... Bunu isə danışıqlarla həll etmək mümkün olmayıbsa (ki, bu günə qədər olmayıb), geriyə tək yol qalır....

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »