Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya kosmosda silah tətbiq etdi...
kosmos3

Rusiya kosmosda ilk dəfə silah tətbiq edib.

Virtualaz.org “Telefraph” nəşrinə istinadən xəbər verir ki, Britaniyanın kosmik idarəsinə rəhbərlik edən aviasiya vitse-marşalı Harvi Smit Rusiyaya qarşı belə bir ittihamla çıxış edib.

O, Rusiyanın iyulun 15-də orbitdə yerləşən iki peykinin iştirakı ilə keçirdiyi sınaqlar barədə Birləşmiş Ştatların əldə etdiyi sübutlardan dərhal sonra bu barədə bəyan edib.

ABŞ Kosmik Komandanlığı təsdiq edib ki, Rusiya başqa bir peykinin yaxınlığında özünün “Kosmos-2543” peykindən orbitə yeni bir obyekt atıb.

Vitse-marşal Smit əlavə edib ki, Rusiya öz hərəkətləri ilə orbiti çirkləndirərək kosmik ərazilərdən dinc istifadə üçün təhlükə yaradır, bu isə bütün dünyanın asılı olduğu kosmik sistem və peyklər üçün bir təhdiddir. O, Rusiyanı növbəti sınaqlardan imtina etməyə çağırıb.

Peyk

Belə görünür ki, Böyük Britaniya Rusiyanın hərəkətlərini təkcə qınamaqla kifayətlənməyəcək. Artıq bu həftə elan olunub ki, Britaniya demokratiyasına qarşı xarici müdaxilələrlə mübarizə üçün Britaniya təhlükəsizlik xidmətlərinə əlavə səlahiyyətlər veriləcək. Bu, Rusiyadan gələn potensial təhdidlər barədə parlament hesabatının ortaya çıxmasından sonra baş verib.

Gözlənilir ki, baş nazir Boris Conson İcmalar Palatası Kəşfiyyat və Təhlükəsizlik Komitəsi tərəfindən edilən araşdırmadan sonra casusluq əleyhinə qanunları gücləndirəcək. Bu araşdırmalardan belə məlum olur ki, Britaniya siyasətinə və cəmiyyətinə Rusiyanın təsiri adi hal alıb və Britaniya hakimiyyəti bunu ciddi dəyərləndirməyib. Buna qarşı mütləq cavab tədbirləri görülməlidir.

Hesab olunur ki, bu gün yerətrafı orbitdə 2000-ə yaxın peyk mövcuddur və bunların bir çoxu mülki və hərbi əlaqələrin təmin olunması üçün istifadə olunur. ABŞ kosmik komandanlığı qeyd edib ki, rusların bu yaxınlarda keçirdiyi sınaqlar Rusiyanın 2017-ci ildə yerətrafı orbitindəki hərəkətlərinə çox bənzəyir və "peykin elan edilmiş təyinatına uyğun gəlmir".

Fevral ayında bu kosmik aparatlar ABŞ-a məxsus dövlət peyklərinin ətrafında manevrlər edərkən Birləşmiş Ştatlar bu barədə öz narahatlığını bildirib. İki ay sonra, Rusiya zəif yerətrafı orbitdə olan peyklərin məhv edilməsi üçün nəzərdə tutulmuş raketlərinin birbaşa orbitə buraxılması üçün sınaq keçirib. ABŞ o zaman bəyan etmişdi: “Hazırki sınaqlar bir daha onu göstərir ki, bu ABŞ və onun müttəfiqlərinin kosmik sistemləri üçün real və ciddi təhlükədir. Və bu təhlükə get-gedə güclənir”.

“The Daily Telegraph” qəzeti qeyd edir ki, Rusiyanın bu günlərdə keçirdiyi sınaq zamanı qeydə alınan sürət və trayektoriya söhbətin kosmik silahdan getdiyini açıq-aydın təsdiq edir. Böyük Britaniya Hərbi Hava Qüvvələrindəki mənbə sınağın nə dərəcədə uğurlu alındığının hələ məlum olmadığını deyib, amma bunu əlavə edib: “Sınaq rusların başqa ölkələrin peyklərinə zərbə endirmək arzusunu bariz şəkildə ortaya qoyub. Bu ideya kosmosdakı qaydalara birbaşa ziddir: digər kosmik aparatları orbitindən çıxarmaq imkanında olan silah yerləşdirmək olmaz”.

Hərbi və aviakosmik məsələlər üzrə analitik Hovard Uildon bildirib ki, artıq çoxdandır Rusiya və Çin peyklərinin ABŞ peyklərinə təhlükəli ölçülərdə yaxınlaşmaq cəhdləri qeydə alınır. Lakin bunun məqsədyönlü fəaliyyət ola biləcəyi ciddi həyacan yaradır. “Hər bir ölkə elə eləməlidir ki, başqalarının peyklərinə maneə yaratmasın. İndi isə biz yeni eraya daxil oluruq”.

ABŞ kosmik qüvvələrinin komandanı Con Raymond isə qeyd edib: “Bu daha bir əyani sübutdur ki, Rusiya kosmosda mənzillənən silah sistemlərinin hazırlanmasını və sınaqlarını həyata keçirməyə çalışır. Bu, ABŞ-ın və onun müttəfiqlərinin kosmik vasitələrinə təhdid yaradan silahların tətbiqinə dair Kreml hərbi doktrinasına tam uyğundur”.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »