Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Israel HaYom” qəzeti: "İndi Azərbaycana dəstək verməyimiz zəruridir"

Azərbaycanın güclü olması İsrailin mənafelərinə uyğundur, çünki Azərbaycan bu ölkə üçün sadəcə müttəfiqdən də artıqdır.

İsrailli siyasi analitik Raxel Avraam bu barədə İsraildə çıxan ivritdilli populyar “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yazır.

Ermənistanla Azərbaycan arasında münasibətlərin növbəti dəfə gərginləşməsi barədə məlumat verən məqalə müəllifi yazır: “Hesab edirəm ki, İsrail Dövlətinin Azərbaycana güclü dəstəyi davam etdirməsini təşviq etmək lazımdır. Azərbaycan müsəlman aləmində bizim sayca çox olmayan müttəfiqlərimizdən biridir. İndi Azərbaycana dəstək verilməsi zəruridir”.

İsrailli analitik vurğulayır ki, beynəlxalq hüququn prinsipləri bütünlüklə Azərbaycana tərəfdardır. Raxel Avraam yazır: “Ermənistan 1991-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi Azərbaycan rayonunu işğal altında saxlayır, hərçənd, BMT Təhlükəsizlik Şurası bununla əlaqədar dörd qətnamə qəbul edib. Ermənilər Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı törədib, 613 Azərbaycan vətəndaşını yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirib. Bu silahlı münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Azərbaycan ərazisinin beşdəbir hissəsi hələ də Ermənistan tərəfindən işğal altındadır”.

Ravvin Zamir İsayev “Israel HaYom” qəzetinə müsahibəsində deyib: “İyulun 12-də Ermənistan Azərbaycan sərhədi boyunca təcavüzə başlayıb. Ermənilər Azərbaycan kəndlərində bir neçə binanı bombalayıb və dağıdıblar. 12 Azərbaycan döyüşçüsü öldürülüb, daha bir neçə nəfər yaralanıb. Bir nəfər dinc sakin də öldürülüb. Sakinlərə ciddi psixoloji və mənəvi zərbə vurulub. Azərbaycan ordusu Ermənistanın həmin rayonda təcavüzə başlayacağını gözləmirdi, orada münaqişə üçün heç bir bəhanə yox idi”.

Demokratiyanın Müdafiəsi Fondunda energetika məsələləri üzrə böyük məsləhətçisi Brenda Şafferin sözlərinə görə sərhəddə baş vermiş toqquşmada Azərbaycanın marağı olması ehtimalı azdır, çünki bu hadisə Azərbaycan neftinin Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Cənub qaz dəhlizinə çox yaxın ərazidə baş verib.

Müəllif qeyd edir ki, Azərbaycanın yəhudi icması da Azərbaycan hökumətini dəstəkləyir. Ravvin Zamir İsayevin sözlərinə görə azərbaycanlılar yəhudi xalqına çox müsbət və səmimi münasibət bəsləyir. İsayev deyib: “Biz həmişə birlikdəyik. Yəhudi xalqı əsrlərboyu Azərbaycanda çox yaxşı şəraitdə yaşayıb. Burada heç vaxt antisemitizm olmayıb”.

Məqalənin sonunda deyilir: “Azərbaycan bilir ki, İsrail həmişə onu dəstəkləyir”.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »