Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bartizanlar" partizan olarsa...

Tovuz hadisələri əhalinin döyüş ruhunu, vətənpərvərlik hisslərini bir daha oyandırdı. Bir daha deyirəm çünki, bizdə bu zaman-zaman öləziyir, sönür, gündəlik məişət qayğılarımız, başımızı qatan informasiya seli, telekanallarımızın çal- çağırı altında unudulur.

Amma Tovuz hadisələrindən sonra milli ayaqlanma göstərdi ki, kül altında qığılcım yox, atəş yatırmış. Sonu təxribata sürüklənsə də, 90-cı illərin meydan hadisələri qədər genişmiqyaslı hal ala bilməsə də, məlum oldu ki, lazım gələrsə xalq selə dönüb önündəki əngəlləri sürükləyə, bir yumruq ola, bütün siyasi ziddiyyətləri, fərqli baxışları bir kənara atıb, Prezidentin ətrafında birləşə bilər, buna hazırdır.Heç bir çağırış olmadan, şəhid generalımızın xatirəsinə ehtiramla ayaqlanan millət Ali Baş Komandan əmr edərsə, çox şey qadir ola bilər. Amma..

Təəssüf ki bu dəfə də ammasız ötüşmədi. Vur deyəndə öldür anlayanlar komandası var bu ölkədə. Bu istər məmurlar, idarəçilər, istərsə də sadə xalq, kütlə səviyyəsində mövcuddur. Bir dəfə yuxarıdan hansısa bir tövsiyə gəldisə onu mütləq əmr kimi qəbul edib, ikinci bir əmrə qədər durmadan şorbaya duz tökənlər, şitin şorunu çıxardanlar var. Söhbət səfərbərliyə yazılanlardan gedir. Heç şübhəsiz ki, onların arasında çox dəyərli, qiymətli insanlar da var. Hamısının qarşısında hörmətlə baş əyirəm. Sözüm onlara deyil.

Amma ömrü boyu ortada yeyib, qıraqda gəzənlər, bunu gözə kül üfürmək üçün edənlər, kiminsə gözünə girmək üçün reklama çevirənlər də yox deyil axı. Bu gün müğənnilərdən biri digər həmkarlarına belə səslənib sosial şəbəkələrdən:

"Bilirsiz, ətim nəyə tökülür? Dırnaqarası vətənpərvər müğənnilərə: Biri hərbi paltar geynir, biri əlinə silah alır, biri tez fürsətdən istifadə edib vətən mahnıları oxuyur. Elə bilirsiz qıraqdan görmürlər sizi? Ondansa qorxaq, yaltaq olmayın. Allah bir daha ətinizi töksün, müharibə "veteranları", deyə yazıb.

Deyə bilərsiz, niyə müğənni müharibəyə gedə bilməzmi? Gedər və hətta getməlidir. Vətən onun da vətənidir.II Dünya Müharibəsində korifey sənətkarlarımız cəbhə-cəbhə dolaşıb əsgərlərimizə ruh veriblər. Amma bu gün edilənlər niyəsə axı şouya oxşayır. Bəzi şeylər vardır, adını verə bilmirsən, sözlə ifadəsi yoxdur, amma bilirsən ki, yalandır da. Hisslərin səni aldatmaz, bu işin içindən şəxsi maraq ətri gəlir. Dünənə qədər mən kasıblara yardım etmərəm, borcum deyil deyən, bu gün canından keçəcək?

Bakıda yürüş gecəsi saxlanılan şəxslərdən tanıdığım bir neçə nəfər var, hansılar ki, polis maşınını aşırdıb, şüşələrini qırmışdılar. Qarabağa yol o maşını qırıb tökməkdən keçmirdi.

Bax o saxlanılanlar arasında tanıdıqlarımdan vardı, hansılar ki, yaxasını cırıb qəhrəmanlıq taslayan, adam içində ağzı köpüklənən o “vətənpərvər”lərdən neçəsi əsgər getməmək üçün 4-5 min manat verib özünü xəstə çıxartdırıb, damarlarını doğrayıb, özünü psixi xəstəxanaya yatızdırmağı bacarıb, təki əlində “neqodnı” bileti olsun. Bu sözü deyəcəm, yəqin tənqid, təhqir hücumuna məruz qalacam və onların içərisində qaçqın və köçkün balaları da var.

İllər öncə tanıdığım bir ailənin övladı əsgər getməmək üçün atasını o şəkildə xərcə saldırdı, lakin bir müddətdən sonra dini təriqətlərin təsiri altında qaçıb Suriyaya getdi, vətənində, itirdikləri torpaqlar uğrunda əsgər getmək istəməyən oğlan (onda müharibə söhbəti filan da yox idi) Suriyada şəhadətə getmişdi, lakin çox az bir zaman sonra belinə bomba bağlayaraq ölməyin asan olmadığını bilib, yenidən geri qaçmış, həbs olunmuşdu. Hələ də həbs həyatı yaşayır. Və həmin ailə də qaçqın ailəsiydi. Atasının da təsəlliyçün dedikləri yadımdan heç çıxmaz. “Kaş narkoman olaydı, amma dindar olmayaydı”.

Bizdə müqəddəs bir işə əl uzadan hər kəsi müqəddəsləşdirmək kimi milli bir xüsiyyət var. Orduya yazıldısa oldu mübarək, həccə getdisə oldu tərtəmiz. Elə belələridir ki, yaxşıların da adını yaman edirlər. Dünənə qədər efirlərdə çılpaq rəqs edən, fala baxan, lazım biləndə də “ayıbdır, böyük- kiçik baxır” qanmayan, söyüşün, davanın birini bir qəpik edənlər, həmişə bartizan olması ilə öyünənlər indi partizan olmaq istəyir? Məni buna inandırmaq çətindir.

Bu gün Naxçıvanda yaşayan dostlardan biri maraqlı bir məlumat verib mənə. Zarafata bənzəsə də, ciddidir və o işin bu şəkildə qurulması maraqlı təcrübədir.

Bakıda ordumuza dəstək yürüşü keçiriləndə Naxçıvanda da insanlar sosial şəbəkə vasitəsilə razılaşıblar ki, ertəsi gün səhər Naxçıvanda da yürüş etsinlər. Camaat yığılıb meydana, döyüşə getmək istəyirik, müharibə olsun şüarları səsləndiriblər. Daxili Qoşunların maşınları gəlib hamısını aparıblar bazaya, hamısına forma geyindiriblər, hamısının belinə çantaları asıblar, aparıblar təlimə, axşama qədər qaç, otur-dur, jim, press kimi təlim verdikdən sonra buraxıblar. Hərbin, müharibənin öz qanunları var. Bir günlük təlimə, karantində evində oturmağa dözməyən müharibəyə dözəcəkmi. Bunu öyrənməyin ən yaxşı yolunu Naxçıvanda tapıblar. Allah sənə rəhmət eləsin Mirzə Ələkbər Sabir, elə bil bu günü görüb yazmısanmış:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »