Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynaya təşəkkürlər

Ermənistanın Tovuz təxribatı üzündən dövlət sərhəddimizdə döyüşlər başlayandan sonra ən birmənalı dəstək, təbii ki, Türkiyədən gəldi. Pakistan da həmişəki kimi. Amma bəlkə də çoxumuz Ukraynadan gözləmirdi. Buna görə Ukraynanın İrəvandakı səfirini Ermənistan Xarici İşlər Nazirliyinə çağırdılar.

İrəvandakı səfirliyinə qarşı aşağılayıcı (Ukrayna dövlətinə və xalqına deyil, Ermənistanın özünə yaraşan) hərəkətlər edildi. Ukrayna bizə görə bunları yaşamalı oldu. Yəni haqqın yanında olduğu üçün. Bəli, Vladimir Zelenski Prezident olana qədər artist olub. Ancaq Nikol Paşinyan baş nazir olandan sonra artistlik edir. Ukrayna səfirliyinə - dövlətinə, xalqına qarşı hörmətsizlik etdiyini düşünür. Ancaq ona hörmət edən olmadığı üçün onun kiməsə hörmətsizlik etməsinin bir anlamı yoxdur. Ermənistanı heç MDB-dəki tərəfdaşları, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri belə müdafiə etmədi. Hətta Təşkilata baş katiblik edən Belorus iclas çağırmağa ehtiyac duymadı. Rusiya atəşi dayandırmaq çağırışı etdi hər iki tərəfə - faktik neytral qaldı. Qazaxıstan, Qırğızıstan Azərbaycana dəstək verdi. Öz müttəfiqlərindən belə bir hörmət görməyən Ermənistan durub da Ukraynaya "hörmətsizlik" edir. Absurddur və ikrah doğurur.

Faşizmi ideallaşdıran, faşist generalına öz paytaxtında heykəl qoyan Ermənistan faşizmin qurbanı olmuş, faşizm üzərində qələbədə böyük payı olan, sona qədər döyüşmüş, külündən dirçəlmiş Ukraynaya layiq olmadığı münasibəti göstərir?! Ukrayna, Belorusiya Sovet İttifaqının tərkibində ola-ola BMT-yə üzv qəbul olunanda nəinki Ermənistanın, heç Paşinyanın özünün proyekti də yox idi. Ermənistan hökuməti Ukraynaya beynəlxalq hüququ müdafiə etdiyinə görə nota verməklə, , hörmətsizlik göstərməklə beynəlxalq hüquq prinsiplərinə və bütün beynəlxalq birliyə hörmətsiz yanaşmış oldu. Ukrayna və ukraynalılar həmişə haqqın yanında, hüquqən, siyasətən və mənən bizim yanımızda olublar.

Mən bir maraqlı faktı xüsusi xatırlatmaq istəyirəm. 1992-ci ilin fevralında mən jurnalist kimi bir qrup ukraynalı əsgərdən yazmalı oldum; keçmiş Sovet ordusunun (sonradan Rusiya ordusunun) Naxçıvanda yerləşən hərbi hissəsindən milliyyətcə ukraynalı olan onlarla əsgəri ayırıb Gəncəyə, ordan da Xankəndinə göndərmişdi onların komandanlığı. Həmin ukraynalılar xüsusi olaraq milliyyətinə görə seçilmişdi. Xankəndində həmin əskərlərə Xocalıya hücumda iştirak əmri verilmişdi. Ancaq Ukraynalılar bundan imtina edərək Xankəndi ətrafındakı azərbaycanlılar yaşayan kəndlərə getmiş, hətta həmin kəndləri ermənilərin hücumlarından müdafiə etmişdilər. Erməni-rus birləşmələrinin üstün gücü qarşısında bu kəndlər davam gətirə bilməyəndə ukraynalı əskərlər həmin kəndlərin camaatını təhlükəsiz yerə çıxarmaq - sağ-salamat Azərbaycan tərəfin nəzarətində olan əraziyə çatdırmaq üçün dinc əhalini müşaiyət və mühafizə etmişdilər. Yolda erməni pistuna rast gələn ukraynalı əskərlərdən ikisi ağ bayraq qaldırıb dinc əhali üçün danışıqlara getsələr də, ermənilər onları əsir götürmüş və qalanlara və camaata atəş açmışdılar. Ukraynalı əskərlər erməni postu ilə atışmaya girərək azərbaycanlıları qorumuş, sağ-salamat təhlükəsiz əraziyə çatdırmışdı. Başqa sözlə, ukraynalı əskərlər Rusiya ordusunda ola-ola haqqın yanında dayanmış, dinc azərbaycanlı əhalini xilas etmək üçün həyatlarını təhlükəyə atmaqdan çəkinməmişdilər belə. Mən bu haqda "Azadlıq" qəzetinin 05 fevral 1992-cil il tarixli sayında həmin ukraynalı əsgərlərin Bakıdakı mətbuat konfransında reportaj dərc etdirmişdi. Bunu xatırladım və indi müstəqil dövlət olan Ukraynanın Tovuzda baş verənlərə dair mövqeyi məni şəxsən təəccübləndirmədi. Ukraynaya, ukraynalılara bir Azərbaycan vətəndaşı, bir Qarabağlı kimi sonsuz təşəkkürümü bildirirəm. Ukrayna da Azərbaycan kimi separatizmdən və hərbi təcavüzdən, qonşu terrorundan və savaşdan əziyyət çəkir. Bu gözəl slavyan xalqının dərdi ən azı bizimki qədər böyükdür; öz qardaşı onun üzərinə silahla gəlib. Bir zaman Almaniyanın Peterbuqda səfiri, sonra Almaniya kansleri olmuş Otto fon Bismark demişdi ki, ruslar ukraynalıların üzərinə silahla gedərsə, özlərinin faciəsinə səbəb olacaq. Ümid edək ki, ukraynalılara qarşı bu faciəli səhvi edənlər - onu parçalamağa çalışanlar ziyanın yarısından qayıtmağın xeyrini bir gün dərk edərlər. Belə olarsa, Ukrayna ərazisinin, xalqının bütövlüyü, sərhədlərinin toxunulmazlığı beləcə bərpa olunar.

P.S. Rus, ukrayna dillərində profilləri olan, Rusiyada, Ukraynada yaşayan dostlar, xahiş edirəm, mümkünsə, tərcümə edib paylaşasınız bu statusumu. Bu da bizim Ukraynaya və xalqına bir kiçik təşəkkürümüz olar.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »