Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "İqtisadiyyatın "ağarması" dövlət büdcəsi üçün yeni imkanlar yaradır"

“2020-ci ilin birinci yarımilinin yekunları göstərir ki, pandemiya, eyni zamanda, neft bazarında olan volatillik Azərbaycanın iqtisadiyyatına təsir göstərsə də, xüsusilə qeyri-neft sektorundakı pozitiv tendensiya davam edib”.

Bunu APA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Obub sözlərinə görə, bu ilin birinci yarımilində ÜDM-də 2,7% azalma qeydə alınıb, amma bu göstəricini inkişaf etmiş ölkələrlə müqayisə etsək, bu azalma məqbul hesab edilə bilər:

“Çünki iqtisadiyyata pandemiya təsir edirdi, neftin dünya bazar qiyməti aşağıdır, OPEC + çərçivəsində Azərbaycanın öhdəlikləri var idi. Bu da Azərbaycanda neft hasilatını azaltmaqla bağlı qərar qəbul etməsinə gətirib çıxardı. Bütün bunlar da ÜDM-nin səviyyəsinə birbaşa təsir göstərdi. Amma pozitiv tendensiya ondan ibarətdir ki, qeyri-neft sənayesində 11%-dən çox artım olub, eyni zamanda kənd təsərrüfatında 2,2%-lik artım qeydə alınıb ki, bu da qeyri-neft sektorunun pandemiya dövründə iqtisadiyyatdakı drayver rolunun davam etməsi rolunun davam etməsindən xəbər verir. Eyni zamanda, 2020-ci ilin ilk yarımilində sosial istiqamətlərə ayrılan vəsaitlərin həcmində azalmalar müşahidə edilməyib. Amma əksinə, biz ictimai iş yerlərinin sayının rekord səviyyədə artmasını müşahidə etmişik. 2020-ci il üçün bu rəqəm 40 min nəzərdə tutulmuşdusa, ölkə prezidentinin göstərişi ilə 90 minə çatdırıldı. Eyni zamanda, özünəməşğulluq proqramının əhatə dairəsi genişlənməkdədir. Ünvanlı sosial yardımda da, bundan istifadə edənlərin sayında da artımlar müşahidə edilir”.

V. Bayramov vurğulayıb ki, ən vacib məqamlardan biri dövlət büdcəsinin gəlirlərində tam şəffaflığın təmin edilməsi ilə bağlıdır: “Bu da nəticə etibarilə həm gömrük, həm də vergi mənbələrindən daxilolmalara birbaşa təsir göstərib. İdxalın 2015-ci illə müqayisədə dəyişməməsinə baxmayaraq, idxal məhsullarından büdcəyə daxilolmalar 2015-ci illə müqayisədə 3 dəfəyə yaxın artıb. Eyni zamanda, iqtisadiyyatın “ağarması“ dövlət büdcəsi üçün yeni imkanlar yaradır. Bu, özünü büdcə gəlirlərində də göstərir. Təbii ki, Azərbaycan BMT-nin dayanıqlı inkişaf indeksində əvvəlki illərlə müqayisədə irəliləyərək 54-cü yerdə qərarlaşıb. Bu, region ölkələri arasında ən yaxşı göstərici hesab olunur. Növbəti dövr üçün büdcə gəlirlərinin strukturunda, eyni zamanda, dövlət büdcəsində ayırmalarda artıq müasir çağırışlara uyğun olaraq yeni yanaşma tətbiq olunacaq. 2021-ci ilin dövlət büdcəsində sosial sahəyə xüsusi diqqət yetiriləcək və bu, həmin sahəyə ayrılan vəsaitin həcminə də təsir edəcək. Eyni zamanda, sosial layihələrlə yanaşı strateji infrastruktur layihələrinin də icrası növbəti aylarda, eləcə də 2021-ci ildə təmin olunacaq”.

Deputat qeyd edib ki, bütövlükdə Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdırmaqla bağlı çevik reaksiya göstərən ölkələr sırasındadır: “Pandemiya ilə bağlı reallaşan paketlər strateji əhəmiyyət daşıyır. Növbəti aylarda, eləcə də postpandemiya dövründə bu paketlər sahibkarlarımızın, eləcə də vətəndaşlarımızın daha yaxşı dəstəklənməsi təmin olunacaq. Bu baxımdan qeyri-neft sektorundakı artım pandemiyanın iqtisadiyyata təsirlərininmümkün olduğunu göstərir. Növbəti mərhələlərdə də bu məsələ prioritet olaraq qalacaq”.

Son xəbərlər
Bütün xəbərlər »