Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlənilən bir əmrin tarixçəsi

Prezidentin çağırışı və Azərbaycanın üzləşdiyi taleyüklü çağırışlar

Nazirlər Kabinetinin dünənki iclasında Prezidentin dediyi bəzi fikirlər cəmiyyətdə və sosial şəbəkələrdə reaksiya doğurdu. Müxtəlif tərəflərdən şərh olundu. Ermənistanın dövlət sərhəddimizin Tovuz rayonundan keçən hissəsində başladığı təxribat xarakterli hücum cəhdi və yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutması haqda çox geniş şərhlər vermişik. Bu döyüşlərdə şəhid olan və yaralanan insanlarımız da var.

Dövlət başçısı baş verənlərə dair mövqeyini Təhlükəsizlik Şurasının iclasında bildirmişdi. Bu dəfə də məsələlərə bir daha aydınlıq gətirdi. Öz mülahizələrini açıqladı. Bu fikirlərdən biri də vətəndaşların gecə küçələrə axışaraq Milli Məclisin qarşısına toplaşması, səslənən şüarlar və bir qrup şəxsin Milli Məclisin binasına daxil olub təxribat törətməsi ilə bağlı idi. Prezident dedi ki, Milli Məclisin qarşısına minlərlə adam yığışıb döyüşməyə hazır olduğunu bildirib, ancaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə cəmi 150 nəfər müraciət edib.

Dünəndən sosial şəbəkələrin Azərbaycan seqmentində xeyli adamın paylaşımlarında bu fikrin tənqid olunması ilə rastlaşdıq. Tənqid edirdilər ki, Qarabağda döyüşə könüllü getmək üçün 150 nəfərin müraciət etdiyini Prezidentin açıb deməsi doğru olmayıb və sair. Bu zaman erməni mediasında və sosial mediasında bu bəyanatı düşmənin öz xeyrinə, eyni zamanda satirik üslubda şərh etdiklərini əsas gətirirlər; ermənilər yazırlar ki, Azərbaycanlılar, sadəcə, danışırlar, döyüşmək istəmirlər və sair.

Əlbəttə, bu 150 rəqəmini deməmək də olardı və bəlkə də demək olmazdı. "Bəlkə də" sözünü ona görə işlədirik ki, məsələyə başqa tərəflərdən baxanda başqa nüanslar da ortaya çıxır. Mən də bir anlamda o fikirlərlə razıyam ki, rəsmi şəxslərimiz, xüsusilə, dövlət başçısı səviyyəsində belə bir fakt deyilməməli idi, bundan düşmən tərəf(lər) istifadə edir. Ancaq dediyim kimi, məsələyə başqa tərəfdən də yanaşmaq lazımdır.

Əvvəla, heç vaxt erməni mediasının, xüsusilə də, sosial mediasının Azərbaycan ictimai rəyini yönləndirməsinə imkan vermək olmaz. Əgər bir sağlam düşüncəli azərbaycanlı erməni mənbələrində nəsə oxuyubsa, onu əsas götürüb öz dövlətini tənqid etməyə tələsməsin. Ona qalsa, erməni mənbələri: "Naxçıvan da, Gəncə də bizimdir" deyir. İndi bunu əsas götürüb dövlətimizin üstünə getməliyik ki, ermənilər belə deyir?! Düşmən mənbələrini bir məsələdə ciddi qəbul etdinsə, o biri məsələlərdə də qafan qarışacaq. Axı bu müharibədir; psixoloji savaşdır, informasiya savaşıdır. Müharibələrdə təkcə fiziki güc deyil, informasiya, fikir gücü də iştirak edir. O cümlədən, dezinformasiya. Bir rəqibin hərbi və ya infrastruktur obyektini dağıtmaq da müharibədir, onun beynində fikirləri dağıdıb ora özününkünü yerləşdirmək də. Aydın məsələdir ki, düşmən tərəf Azərbaycan rəsmilərinin, xüsusilə də, Prezidentinin fikirlərini kontekstdən çıxararaq özünə sərfəli yöndə şərh edir. Prezident o rəqəmi də çox geniş bir kontekstin içində söyləmişdi. O kontekst nə idi? Bunun cavabı ikinci mülahizəmizdə, daha doğrusu, elə dövlət başçısının öz çıxışında var. Prezident bunu da deyib: "“Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir".

Bəli, real vəziyyət bundan ibarətdir ki, minlərlə insan Bakının və başqa şəhərlərimizin küçələrinə axışaraq Qarabağa vuruşmağa getmək istəklərini bildirmişdilər. Demişdilər: "Ali Baş Komandan əmr versin". Çox gözəl istək və çox nəcib təşəbbüs idi. Ancaq Azərbaycanda hərbi vəziyyət elan edilməyib, heç fövqəladə vəziyyət rejimi də tətbiq olunmayıb. Ali Baş Komandan Silahlı Qüvvələrə əmr verir, mülki əhaliyə deyil. Mülki əhaliyə aid olan qərarları o, Prezident kimi verir. Əslində rəsmi səfərbərlik elan edilmədiyindən dövlət rəhbəri ancaq vətəndaşlara tövsiyə edə bilər ki, bunu da etdi. Ordunun tam komplektləşdirildiyini, indiki halda kütləvi səfərbərliyə ehtiyacın olmadığını bildisə də, yenə vətəndaşların vətənpərvər təşəbbüsünə "yox" demədi, "hə" dedi. Bu halda Ali Baş Komandandan əmr gözləyənlər hesab etsin ki, bu əmr verilib. Və hesab etdilər də. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti məlumat verdi ki, artıq minlərlə könüllü orduya yazılıb, bu qurumda qeydiyyatdan keçib. Bəli, mediadan və sosial şəbəkələrdən də göründüyü kimi, SHÇXDX şöbələri qarşısında növbələr var. Orduya könüllü yazılanlar arasında məşhur simalar da olub. Öz hesablarında postlar paylaşıblar.

Həvəsi olanlar indi baxsın, görsün ki, erməni media resursları nə yazır? Nə yazacaqlar?! Yazacaqlar ki, Azərbaycanın minlərlə vətəndaşı Prezidentin çağırışı ilə orduya yazılmaq üçün səfərbərlik orqanlarına axışır?! Daha yaxşı. Yazsınlar. Başqa?!

Və bir də, gəlin, açıq danışaq: Prezident o "150" rəqəmini deməsəydi və çağırış etməsəydi, bu günkü minlər səfərbərlik şöbələrinə axın edərdimi və edirdimi?! Siyasət elmi-tədqiqat laboratoriyası deyil ki, qoyduğun kimyəvi təcrübənin nəticəsini dərhal görəsən. Siyasətdə zaman resursu deyə bir şey də var, şərait amili, psixoloji amil var. Siyasətdə bəzən insanları hansısa addıma yönəltmək və ya hansısa addımdan çəkindirmək üçün onların təkcə şüuruna deyil, həm də emosiyalarına apelyasiya edilir. Düşmənin indi gülməsi xoş deyil, amma əgər son gülən biz olacağıqsa və ya bunu bacaracağıqsa, gerisi təfərrüat. Və dediyimiz kimi, düşmənə bizim ağlımızı və hisslərimizi manipulyasiya etmək imkanını tanımamalıyıq.

Və bir də, bilirsiniz, artıq dəfələrlə yazdığımız kimi, hökuməti, onun rəhbərini də tənqid etmək, ona müxalif mövqedə dayanmaq olar, lazımıdr da. Ancaq, xüsusilə, bu günlərdə yersiz müxalifətçiliyə aludə olmaq, araşdırmadan-etmədən hər şeyə qarşı çıxmaq - "babam mənə kor deyib..." prinsipi ilə yanaşmaq, yumşaq desək, yanlışdır.

Mahatma Qandi deyirdi ki, insanlar çox tez-tez inandıqları adam olurlar. Bunun başqa anlamı da var; bəzən (bəlkə də çox hallarda) insanlar mübarizə aparacağı şeyi özü yaradır. Bizdən iraq olsun, baxın, ermənilər Ttürkiyənin, Azərbaycanın, bu ölkələrin xalqının - bütövlükdə türklərin simasında özləri üçün bir düşmən obrazı yaradıblar və əsrlərdir, bu obrazla savaşırlar. Biz indi bu nümunəni öz daxili ictimai-siyasi həyatımıza niyə tətbiq edək ki?! O cümlədən, heç kəs heç kəsi siyasi baxışlarına, ictimai mövqeyinə, sosial mənşəyinə, dini etiqadına görə düşmən gözündə görməsin. Əgər o, doğrudan da, düşmən deyilsə.

Bizim onsuz da savaşacağımız bir düşmənimiz var. Real xarici düşməni qoyub xəyali daxili düşmən axtarışına çıxmayaq. Və ən başlıcası, bu gün müharibədəki kimi davranmalıyıq. Dinc dövrdə deyilik. Düşmənin Tovuzdakı təxribatından qabaq da dinc dövrdə deyildik, bundan sonra da torpaqlarımız işğalda qaldıqca, bizə dinclik olmayacaq. Zatən heç bu Tovuz təxribatı da bitməyib. Dinc olmayan dövrdə isə "siyasi nadincliyə" heç yer yoxdur...

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »