Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünən gecənin hayqıranları və susanları

Dünən ölkəmizdə baş verənlərlə bağlı Türkiyədə yaşayan professor, tarixçi alim Şəkər Alpars ilə söhbət edirdik. Dedim ki, xalqımızın ruhdan düşdüyünü sanırdım, amma bir qığılcım yetərliymiş ki, yenidən alovlanaq, atəş olaq. Torpaq, vətən dedinmi, türkün qarşısında dayanmaq mümkün olmurmuş. Dostum maraqlı bir söz söylədi:

“Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı xalqın gözdən çıxardığımız qismi, əyyaşlar, gecə klublarinin daimi sakinləri, həyat qadınları dediyimiz insanlar belə ayağa qalxdılar, mübarizəyə qoşuldular. Bir sərxoşun dediklərini heç unutmuram. Deyir, meyxanədə içirdik, sərxoşduq, dedilər dövlətə xəyanət var qalxdıq getdik, dörd nəfərdik, ikisi şəhid oldu”. O zaman dərk etdik ki, türk hətta sərxoşkən, divanəykən belə dövlətindən əl çəkməz , liderinin yanında olar.

Analoji hadisəni dünən gecə biz yaşadıq. Xalq pandemiya demədən, karantin demədən ayağa qalxıb, vətən uğrunda döyüşə hazır olduğunu nümayiş etdirdi.Amma təəssüf ki, təxribatçılar yenə coşmuş kütləni istədikləri səmtə yönləndirməyi bacardılar. Ona görə ki, onları yönləndirən, önlərində gedən bir lider yox idi.

Bakıda Qarabağ üçün yürüş keçirilərkən danışmalı olan məsul şəxslər susur, telekanallar susur, 7 yüksək rütbəli zabitimiz həlak olur, sosial şəbəkələrdə məlumatlar yayılıb, Müdafiə Nazirliyi 6-7 saat sonra məlumat yayır. Bu dezinformasiya yayılmasın nə eləsin. Camaatın ağzı torba deyil ki büzəsən. Danışmalı olan adamlar susanda yalan da baş alıb gedər, təxribat da.Erməni kanalları dünən gecəki yürüşü “azərbaycanlılar müharibəyə etiraz edir” şəklində təqdim edirlər.

Bakıda xalq gecəni yatmayıb küçələrdə keçirdi.Regionların bundan xəbəri olmadı. Çünki informasiyanı yaymalı olan telekanallarda gecə saatlarında sus- pus oyunu gedirdi. Sanki bu ölkənin telekanalları deyilmiş kimi dəxilsiz proqramlar yayımlayırdılar. Həmişəki kimi...

Bu gün xalq dövlət başçısına dəstəyini ifadə edir, “Əmr et , VƏTƏN üçün ölək, amma torpaqlarımızı azad edək” deyir. Söz yox ki, biz çirkin bir siyasətin qurbanıyıq, böyük bir oyunun içərisindəyik. Bu gün atılan hər addım ölçülüb biçiləməli, deyilən hər söz üzərində düşünülməlidir. Amma tarix də göstərib ki, xalq bir olanda dağ oynadıb yerindən. Bu birliyi nümayiş etdirənlərin yanında olmaq, düzgün yönləndirmək vacibdir. Xalqın ziyalıları , iqtidarı, müxalifəti birlik nümayiş etdirməlidir. Çünki biz erməninin gözündə YAP-çı, Müsavatçı, dinçi, Ana Vətənçi, Cəbhəçi deyilik, sadəcə, azərbaycanlıyıq. Birliyimiz pozulmasın ki, gücümüz tükənməsin, seyrəlməyək, yox olmayaq.

İlhamə Rəsulova İlhamə Rəsulova
Son xəbərlər
Bütün xəbərlər »